Cəmiyyət

Bakıda Hindistan bazarı - FOTO

17 Sentyabr 2014 17:25
2 Şərh     Baxış: 12 721
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sərgidə məşhur hind çayı, geyimlər, yeməklər və astroloq xidməti təklif olunur

Hindistan mədəniyyətinə və ədviyyatına Azərbaycan xalqının ta qədimdən böyük marağı var. Azərbaycanda Hindistan sərgisinin açılacağını eşitdikdə isə, gözümüzün qarşısında hind filmlərində gördüyümüz məşhur hind bazarları, ədviyyatları, geyimləri canlanmağa başladı. Marağımız bizə güc gəldiyindən paytaxt Bakıda təşkil olunan Hindistan sərgisinə yollandıq.

Sərgi, nə sərgi! Burada Hindistandan 39 sahə üzrə 80 sahibkar öz məhsulunu sərgiləyir, təbii ki, satmaq üçün. Sərgidə əsasən geyim, suvenir və bəzək əşyaları, Hindistan milli ornamentlərini əks etdirən mebellər, Hindistan çayı, düyü, şirniyyat və mətbəx nümunələri nümayiş olunur. Ümumiyyətlə, Hindistan deyərkən göz önünə nə gəlirsə, onu bu sərgidə tapmaq mümkündür. Bircə hind ədviyyatlarından başqa...

Hindistanda yarpaq çay yoxdur

Sərgiyə səhər getsək də, orada kifayət qədər alıcı vardı. Kimisi sadəcə baxmaq üçün, kimisi də evində Hindistanla bağlı hər hansı bir suveniri xatirə saxlamaq istəyi üçün. AMAY Ticarət Mərkəzinin elə girişində hind gülləri ilə qarşılama guşəsi təşkil olunub. İçəri daxil olanları hind çayının qoxusu bihuş edir. Biz də ilk olaraq çayların sərgiləndiyi bölməyə getdik və qiymətlərlə maraqlanmağa başladıq. Öyrəndik ki, hind çaylarının satış qiyməti 2 manatdan başlayaraq 8 manatadək davam edir. Satıcının sözlərinə görə, hind çaylarına həddindən artıq tələbat var. Diqqətimizi çəkən əsas məqam isə o idi ki, hind çayları bizim öyrəşdiyimiz quru yarpaq şəklində deyil, toz və kofe şəklindədir. Satıcıdan bunun nə üçün belə olduğunu soruşduq və sərgidə ümumiyyətlə yarpaq şəklində çay olmadığını öyrəndik. Sən demə, hindlilər çayı bu şəkildə istifadə edirlərmiş.

Sərgiyə gələn gənc qızların ən çox maraqlandıqları isə filmlərdə qızların bəzəndikləri hind aksesuarları, qolbaq və sırğalar idi. Təbii daş adı ilə satılan boyunbağıların qiyməti 5-25 manat civarındadır. Satıcı deyir ki, belə daşlara yaşlı xanımlar daha çox üstünlük verirlər. Müştərilər isə əsasən 20-25 manatlıq daşları alırlar.

"5 manatdır, 4-ə verərik"


Hind sərgisi ola da, orada hind şalları olmaya?! Demək olar ki, sərginin 50 faizini hind örtükləri, kəlağayıları təşkil edir. Ancaq bizim sərgidə gördüyümüz həmin o örtüklər heç də filmlərdə gördüyümüz hind qadınlarının başlarına bağladıqları uzun örtüklər deyil. Rəngli, qısa və adi örtüklərdir. Bunların qiyməti isə 2 manatdan 8 manata qədər dəyişir.

Sərgilənən məhsullar içərisində əl əməyindən daha çox istifadənin şahidi odluq. Gənc qızların ətrafında toplaşdığı bijuteriya masalarında sıxlıq vardı. Onların qiyməti isə 5 manatdan 30 manata qədər dəyişir. Sərgiyə məhz hind bəzək əşyaları almağa gələn Lalə Məmmədovanın sözlərinə görə, satışa çıxarılan bijuteriyanın qiyməti heç də ucuz deyil. Lalə əslində bu tip bəzək əşyalarından bəzi mağazalarımızda tapmağın mümkün olduğunu da dilə gətirdi. Sərgidə satılan ən ucuz suvenir 1 manat, ən bahalısı isə 150 manatadır. Sərgidə suvenirlərə də böyük marağın şahidi olduq. Həmin suvenirlərin qiyməti ölçüsündən asılı olaraq 1 manatdan 20 manat arasında dəyişir.

Burada hind geyimləri adı ilə uzun, rəngli paltarlar da satışa çıxarılıb. Ancaq biz həmin paltarların məhz hind xalqına mənsub olduğunun fərqinə vara bilmədik. Oraya təşrif buyuran vətəndaşlar hindlilərin milli geyimləri olan "sari"ni almaq istədiklərini dilə gətirirdilər. "Sari" isə bağlı salafanlarda 80 manata təklif olunur.
Hind geyimlərinin qarşısından keçəndə bir anlıq özümü köhnə Binə bazarında hiss etdim. Sərginin digər guşəsində isə ətir saçan bxurlar yer alırdı. Bxur nazik çubuqlardan ibarətdir, onu yandırdıqda öz tüstüsü ilə ətrafa xoşagələn qoxu saçır. Bunun qiyməti da 1-2 manatdır. Burada hind kremləri də var ki, qiyməti 8 manatdır. Böyük daşlı üzüklərin qiymətini soruşduqda satıcı "5 manatdır, 4-ə verərik" - deyə, cavabladı.

Sərgidə falabaxan da var

Hindistanın milli yeməkləri də açıq bufet şəklində sərgidə satışa qoyulub. Maraqlıdır deyə, bilmək istədik ki, görəsən, hindlilərin də mətbəxi bizimki qədər zəngindirmi? Buna görə də hind yeməklərinin dadına baxmağa qərar verdik. Aşpaz böyük həvəslə bişirdiyi yeməklərin adlarını, tərkibini və hər birinin tarixçəsini danışdı. Burada bizim plovu xatırladan sadə aş və qırmızı aş yer alıb. Ümumən isə satışda 5 cür yemək var. Onların hamısından yemək istəyən 5 manatından keçməlidir.

Satıcılar arasında hindistanlılar, ruslar və azərbaycanlıları görmək mümkündür. Onlar 10 manat məvacib qarşılığında gündə 8 saat olmaqla, sərginin davam edəcəyi 16 gün ərzində işləyəcəklər. Hindistanlı satıcılar arasında Bakıda təhsil alan və çalışan tələbələr də var. Sami adlı gənc Bakıda təhsil aldığını və bu sərgidə könüllü olaraq satıcı qismində çıxış etdiyini vurğuladı.

Sərgidə təşkilatçının yanında əyləşən astroloq Gurujibharat adlı hindli öz xidmətini təklif edir. Belə ki, gələcək taleyi ilə bağlı hər şeyi bilmək istəyənlər bu adama 25 manat ödəməlidirlər. O, sərgiyə təşrif buyuranların əllərinə baxmaqla, onun zodiak bürcünü söyləyir. Gurujibharat bizimlə söhbətində sərgiyə gələnlərin zodiak fallarına böyük maraqları olduqlarını dedi: "Əldə olan xətlər və doğum tarixləri ilə insanların gələcəyini müəyyən etmək mümkündür. Hindlilərin və eləcə də Azərbaycan xalqının zodiaka böyük inancı var. Bu cəhətdən biz sizinlə çox oxşarıq. Gün ərzində 30-dan çox müştərim olur".

Sərginin məqsədi...


Layihənin təşkilatçısı Sharma Rac isə sərgisinin təşkil olunmasının məqsədlərindən danışdı. Onun sözlərinə görə, sərgini təşkil etməkdə əsas məqsəd iki dövlət arasında dostluq, qardaşlıq münasibətləri yaratmaqdan ibarətdir: "Sərgini təşkil etməkdə əsas məqsədlərdən biri də Bakı sakinlərini Hindistan məhsulları və mədəniyyəti ilə tanış etməklə yanaşı, Azərbaycan iş adamlarının marağını Hindistana cəlb etməkdir. Bundan əlavə, öz biznesimizi inkişaf etdirmək niyyətindəyik. Bizim sizinlə oxşar tərəflərimiz çoxdur. Sovet dövründə Azərbaycanla Hindistan arasında əlaqələr olmayıb. O zamanlar biz biznesimizi Moskva vasitəsi ilə həyata keçirirdik. Bu dəfə isə qərara gəldik ki, Azərbaycana gedək, burda da öz biznesimizlə məşğul olaq. Həm də Azərbaycanla Hindistan arasında olan körpüləri möhkəmləndirək. Biz bu əlaqələri davam etdirmək niyyətindəyik. Hindistandan əl işi olan ən yaxşı mallarımızı, məşhur astroloqumuzu gətirmişik. Sərgidə hind mahnılarının sədaları altında rəqslər ifa olunur. Növbəti dəfə isə dekabr ayında nəzərdə tutulur ki, Bakıdan kənar şəhərlərdə də bu kimi sərgi keçirilsin. Əhali maraq göstərir. Bu da bizi sevindirir. Həm də pul qazandırır. Azərbaycanlıların hind əşyalarına böyük marağının şahidi olduq".

Məlumat üçün bildirək ki, Hindistan sərgisi sentyabrın 28-nə kimi davam edəcək. Odur ki, filmlərdə deyil, real həyatda hind bazarını görmək istəyənlər sərgiyə getməyi unutmasınlar. Getməyə və görməyə dəyər...

Kaspi.az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.