Cəmiyyət

Bakı Amerika Mərkəzi əsaslı təmirdən sonra yenidən açıldı

16 Sentyabr 2014 12:38
Baxış: 1 125
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Azərbaycan ABŞ ilə strateji əməkdaşlıq həyata keçirən bir ölkədir

Trend-in məlumatına görə, bunu millət vəkili, Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi ilə birgə Bakı Amerika Mərkəzinin (BAM) əsaslı təmirdən sonra yenidən açılması münasibətilə keçirilən tədbirdə bildirib.

S.Seyidov qeyd edib: "Çox böyük olmayan Azərbaycan öz mövqeyi ilə, öz siyasəti ilə, öz yanaşması ilə bu və başqa regiondakı ölkələr üçün nümunə ola bilər. Bu nümunənin əhəmiyyəti həddən artıq böyükdür".

Millət vəkilinin sözlərinə görə, mərkəzin açılmasında Azərbaycan rəhbərliyinin böyük dəstəyi olub: "Azərbaycan hökumətinin bu mərkəzə göstərdiyi dəstək Azərbaycan və Amerika münasibətlərinin möhkəmlənməsinə kömək edir".

S.Seyidovun sözlərinə görə, ən müasir texnologiyalarla təchiz olunan bu mərkəz hər bir tələbə, hər bir vətəndaş üçün açıqdır: "Biz ən müasir və öndə gedən mərkəzlərdən birini yaratmışıq".

ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan tədbirdə çıxış edərək bildirib ki, bu mərkəz ABŞ ilə Azərbaycanın çox mühüm və strateji əməkdaşlığının əsas komponentidir: "Sözügedən ölkələrin vətəndaşları bir-birlərinin mədəniyyətlərini nə qədər dərindən öyrənsələr, o qədər bir-birilərini daha yaxşı başa düşərlər. Bakıda yerləşən bu mərkəz məhz bu vəzifəni yerinə yetirəcək".

Onun sözlərinə görə, bu gün bu mərkəzlə ABŞ səfirliyinin münasibətlərində yeni bir səhifə açılır: "Bu əməkdaşlığın nəticəsində bu gün regionda ən müasir mərkəzlərdən birinin açılışında iştirak edirik".

Tədbirdə çıxış edən ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya regionunda İctimaiyyətlə əlaqələr şöbəsinin direktorunun birinci müavini Rafik Mansur qeyd edib ki, Birləşmiş Ştatların dünyada 700-dən artıq belə mərkəzi fəaliyyət göstərir: "Amma dünyada çox az belə gözəl, müasir avadanlıqla təchiz olunmuş möhtəşəm bir mərkəzin açılışının şahidi olduq".

O qeyd edib ki, Amerika Mərkəzi hamı üçün açıq platformadır: "Amerika mərkəzi iki mədəniyyəti birləşdirən bir platformadır. Azərbaycanın hər yerində bu kimi mərkəzlərin açılmasını istərdim".

ABŞ rəsmisinin sözlərinə görə, bu mərkəz dünyada bütün mərkəzlər üçün nümunə ola bilər: "İstərdim ki, ildən-ilə ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı artsın".

Tədbirdə çıxış edən millət vəkilləri Sevinc Fətəliyeva Asim Mollazadə də mərkəzin açılmasını yüksək qiymətləndiriblər və mərkəzin heyətini təbrik ediblər.

Qeyd edək ki, BAM yeni simaya malik və uşaqlar üçün yeni yaradılmış guşədə ingilis dilinin tədrisi, ABŞ-da təhsil imkanları, Birləşmiş Ştatların mədəniyyəti və tarixi haqqında mühazirələr daxil olmaqla, geniş çeşidli proqram və xidmətləri təklif edəcək.

Amerika Mərkəzi Bakıda ilk dəfə 2004-cü ildə açılıb və 2007-ci ildən ADU-da yerləşir. Amerika Mərkəzi ingilis dilini öyrənmək və Amerika haqqında məlumat əldə etmək istəyənlərin əsas maraq yeridir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.