Cəmiyyət

Çörəyin bahalaşması xəbərinə RƏSMİ REAKSİYA - YENİLƏNİB

16 Sentyabr 2014 15:41
9 Şərh     Baxış: 9 389
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İqtisadiyyat və Sənaye Nazirliyi paytaxta fəaliyyət göstərən bəzi mağazalarda çörəyin qiymətinin bahalaşması xəbərinə aydınlıq gətirib


15:41


Nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev aznews.az-a bildirib ki, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər nəticəsində çörəyin qiymətində heç bir qiymət artımı müşahidə olunmayıb.

"Bəzi Kütləvi İnformasiya Vasitələrində çörəyin qiymətinin bahalaşması ilə bağlı yayılan məlumatlar əsassızdır. Odur ki, çörəyin, eləcə də unun və taxılın qiymətində heç bir artım baş verməyib", - deyə Abbas Əliyev bildirib.

----------
09:48

Bakıda bəzi dükanlar çörəyi bahalaşdırdı

İki gündür Bakıda fəaliyyət göstərən bəzi mağazalar çörəyin bəzi çeşidlərinin qiymətini artırıb.

Milli.Az-ın məlumatına görə, modern.az saytının əməkdaşı müşahidə edib ki, xüsusilə təndir çörəklərinin qiymətində artım baş verib. Belə ki, həmin çörəklər 40 qəpikdən 50 qəpiyədək bahalaşıb.

"8-ci kilometr"dəki belə mağazalardan birinin satıcısı bahalaşmanın çörəkbişirmə müəssisələrinə bağlı olduğunu deyib. Buna səbəb kimi isə guya ölkədə getdikcə taxıl qıtlığının yarandığı, Ukraynadan taxıl gətirməyin mümkün olmadığı və s. göstərilir.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev isə sentyabr ayının əvvəlində ölkədə 1 milyon 440 min tonu buğda istehsal olunduğunu bildirib.

O, taxıl istehsalında azalma olduğunu təsdiqləsə də, ölkədə istənilən qədər taxıl ehtiyatının olduğunu vurğulayıb.

"Proqnozlar bunu deməyə əsas verir ki, hər hansı qıtlıqdan, bahalıqdan söhbət gedə bilməz", - deyən nazirlik rəsmisi bildirib ki, Azərbaycanın taxıla olan tələbatının müəyyən hissəsi daxili istehsal, qalan hissə idxal hesabına ödənilir. Buğda idxalı Azərbaycana əsasən Rusiya, Qazaxıstandan edilir.

Nazirliyin bu açıqlaması onu göstərir ki, çörəyi bahalaşdıranlar fürsət axtaran işbazlardır. Onlar qiymətləri süni yolla qaldırmaqla bazara diqtə etməyə cəhd göstərirlər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.