Cəmiyyət

ADA Universitetinin professor və tələbə heyəti Şərəf Andı içdi - FOTO

15 Sentyabr 2014 19:46
Baxış: 1 220
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Şərəf Kodeksinin təqdim edilməsi və Şərəf Andının içilməsi 2010-cu ildən bəri yeni akademik ilin əvvəlində ADA Universitetində keçirilən ənənəvi mərasimdir. Hər il qeyd edilən bu tədbir zamanı tələbələr ADA-nın Şərəf Kodeksində qeyd edilmiş öhdəlikləri öz üzərilərinə götürmək və Şərəf Andını imzalamaq şansı əldə edirlər.

ADA-dan Trend-ə verilən məlumata görə, Şərəf Kodeksini imzalamaqla ADA Universitetinin yeni tələbələri dərslərinə və təhsil prosesinə məsuliyyətlə yanaşacaqlarına, özlərinə, tələbə yoldaşlarına və professorlarına hörmət edəcəklərinə, heç bir halda ayrı-seçkilik və diskriminasiyaya yol verməyəcəklərinə, eyni zamanda, imtahanlar zamanı köçürmə halları, akademik layihələr zamanı plagiat kimi hallardan qaçacaqlarına dair söz verirlər.

Bu il ADA Universitetinin həm bakalavr, həm də magistr dərəcəsinə qəbul olunmuş yerli və xarici tələbələr, o cümlədən professor və müəllim heyəti Şərəf Andı içib və ADA-nın rektoru, səfir Hafiz Paşayev və Universitetin dekanları tərəfindən "İnam Rəmzi" hesab edilən ADA medalları ilə təltif olunublar.

Qeyd edək ki, bu il ADA Universitetinə daxil olan tələbələrdən 425-i bakalavriat, 129-u magistratura proqramlarına qəbul olub. Bundan başqa, bu il ADA Universitetində mübadilə proqramları çərçivəsində əlavə 6 xarici tələbə oxuyacaq.

Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbir daha sonra ADA-da təhsil alan 32 ölkənin təmsilçilərinin öz ölkələrinin bayraqlarını səhnəyə gətirmələri ilə davam edib.

Tədbir zamanı ADA tələbələri tərəfindən hazırlanmış video nümayiş etdirilib, Şərəf Kodeksinin və Şərəf Andının əhəmiyyəti ətrafında çıxışlar edilib.

Tədbir ADA-nın rektoru H.Paşayevin nitqi və ADA-nın himninin səsləndirilməsi ilə tamamlanıb.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.