Cəmiyyət

BƏƏ-də Naxçıvanın 90-cı ildönümü ilə bağlı məqalə dərc edilib

14 Sentyabr 2014 18:58
Baxış: 750
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dövlət Xəbərlər Agentliyində (WAM) "Naxçıvan Respublikası muxtariyyətinin 90-cı ildönümünü qeyd edir" sərlövhəli məqalə dərc edilib.

Azərbaycanın BƏƏ-dəki səfirliyindən Trend-ə verilən məlumata görə, məqalədə Naxçıvanın muxtar respublika statusunu almasının 90-ci ildönümünü qeyd etdiyi bildirilərək, coğrafi mövqeyi, əhalinin sayı barədə məlumat verildikdən sonra muxtar respublikanın 45 millət vəkilindən ibarət Ali Məclisin sədri tərəfindən idarə olunduğu, Ali Məclisin 28 aprel 1998-ci ildə qəbul etdiyi, Azərbaycan Konstitusiyasının əsasında tərtib edilən yerli konstitusiyanın 29 dekabr 1998-ci ildə Azərbaycan Milli Məclisi tərəfindən təsdiq edildiyi qeyd edilib.

11 iqlim qurşağından 7-nin muxtar respublikanın ərazisindən keçdiyi, bununla da bu torpağın zəngin flora və faunaya malik odluğu oxucuların diqqətinə çatdırılaraq, Naxçıvanda 400 böyük və kiçik çayın, 200-dən çox mineral su bulağının, 3000 bitki, 373 heyvan, 226 quş növunun və onlarla dağ zirvəsinin mövcud olduğu məlumat verllib.
 

"Naxçıvan" sözünün mənşəyinə gəlincə, məqalədə alimlərin bu məsələdəki rəylərinin fərqli olduğu qeyd edilərək, xalq etimologiyasına və tarixi qaynaqlara görə "Naxçıvan" "Nəqşi-cahan", yəni "dünyanın naxışı", "dünyanın bəzəyi", eləcə də xalq arasında geniş yayılmış digər bir rəvayətə görə "Naxçıvan" toponiminin Nuh peyğəmbərlə, daha doğrusu, "dünya tufanı" ilə bağlı olduğu, "Nuhçuvan" - "Nuh tərəfdarlarının məskəni", "Nuhun diyarı", o cümlədən "möcüzəli və yaxşı sular diyarı", yaxud "müalicəvi mineral sular ölkəsi" mənalarını daşıdığı bildirilib.

Naxçıvanın dünyanın ən qədim şəhər məskənlərindən və qədim mədəniyyət mərkəzlərindən biri hesab olunduğu, habelə Azərbaycan xalqının zəngin tarixi, elmi və mədəni irsinin bu torpağda formalaşdığı məqalədə yazılaraq, orta əsr tarixçisi Stefan Orbelyaninin Naxçıvan şəhərinin əsasının e.ə. 1539-cu ildə qoyulduğu barədə sözləri sitat gətirilib, yazılı mənbələrin və Naxçıvan ərazisində kəşf edilən arxeoloji materialların, eləcə də məşhur "Gəmiqaya" qayaüstü yazılarının və bu ərazidəki digər tarixi-mədəniyyət abidələrinin Naxçıvan şəhərinin 5 min ilə yaxın yaşı olduğunu təsbit etdiyi əks edilib.

Naxçıvan Muxtar Respublikasında 1162 tarixi-mədəniyyət abidəsinin mövcud olduğu, bunlardan 58 abidənin dünya əhəmiyyətli (məsələn, "Əshabi-Kəhf Ziyarətgahı" Dini-Mədəni Abidə Kompleksi, "Nuh" türbəsi), 455 abidənin ölkə, 649-nun isə yerli əhəmiyyətli abidələr olduğu barədə məlumat verilərək, Qurani-Kərimdə adıçəkilən Əshabi-Kəhf mağarasının Naxçıvan ərazisində yerləşdiyi və bunun xristianlıqla heç bir əlaqəsi olmadığı, habelə mağaranın sonunda yerləşən məscidin mehrabında kitabənin olduğu və iri mərmər lövhədən ibarət olan bu kitabənin mərkəzi hissəsində, çərçivələr içərisində Qurani-Kərimin Əshabi-Kəhf hadisəsindən bəhs edən "Əl-Kəhf" surəsindən 9-12, 17-18-ci ayələrin həkk edildiyi oxucuların diqqətinə çatdırılıb.

Naxçıvanda Nuh peyğəmbərin qəbrinə gəlincə, dünya tufanı zamanı Həzrəti Nuh peyğəmbərin gəmisinin Naxçıvan ərazisindəki İlandağa toxunması, Qapıcıq zirvəsinə yaxın dağ ətəyində lövbər salması və həmin yerin Gəmiqaya adlandırılması, habelə Nəbi yurdu adlanan yaylaq yerinin və yaxınlıqda Nuhdaban adlanan qədim yaşayış məskəninin mövcud olması bu yöndə olan əfsanələrin gerçəkliyə uyğunluğunu ehtimal etməyə əsas verdiyi qabardılıb, Həzrəti Nuh peyğəmbərlə bağlı rəvayətlərdə hətta onun özünün və bacısının məzarlarının Naxçıvan şəhərində olması barədə məlumatların öz əksini tapdığı, Nuhun türbəsinin Naxçıvanda olması haqqında İ.Şopen, Dyubua-de Monpere, K.A.Nikitin, V.M.Sısoyev və digər tədqiqatçıların məlumat verdikləri qeyd edilib.

Məqalədə, həmçinin Naxçıvan Muxtar Respublikasında Heydər Əliyev Muzeyi, Naxçıvan Dövlət Tarix Muzeyi, Naxçıvan Dövlət Xalça Muzeyi, açıq səma altında muzey və digər muzeylərin ümumi sayının 23 olmasının Naxçıvana "muzeylər diyarı" adını qazandırdığı bildirilib, muxtar respublikada 235 kitabxananın və 8 mərkəzləşdirilmiş kitabxana sisteminin fəaliyyət göstərdiyi də göstərilib.

Eyni zamanda, Azərbaycandan coğrafi təcriddə olan Naxçıvanın iqtisadiyyatı barədə geniş məlumat verilib, muxtar respublikada ümumi daxili məhsul istehsalının 2013-cü ildə 1995-ci illə müqayisədə 53,5 dəfə artaraq 3 milyard ABŞ dollarından çox olduğu, adambaşına düşən gəlirin təxminən 6300 ABŞ dolları təşkil etdiyi nəzərə çatdırılıb.
 

http://www.wam.ae/ar/news/general/1395269550586.html

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.