Cəmiyyət

Şagirdin "dərdini" öyrənmək üçün 23 sual...

13 Sentyabr 2014 13:38
2 Şərh     Baxış: 2 464
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Uşağın məktəbdəki davranışını və problemini necə öyrənmək olar?

Psixoloq məktəblinin nizam - intizamında valideynin müəllimdən daha çox məsuliyyət daşıdığını deyir

Uşaq böyüdükcə onunla isti və dost münasibətlərini saxlamaq da çətinləşir. Adətən yeniyetmələr valideynlərilə arasındakı məsafəni daha da uzaqlaşdırır və nəticə etibarı ilə onlar arasında gözəgörünməz bir sədd çəkilir.

Psixoloqlar hər zaman tövsiyə edirlər ki, uşaqlarla ünsiyyət qurarkən onlara individual yanaşmaq lazımdır, çünki onlar diqqət mərkəzində olmağı çox sevirlər. İndividual yanaşmanı valideynlərdən əlavə, məktəblərdəki müəllimlər də tətbiq etməlidirlər. Təəssüf ki, hər məktəb, hər bir müəllim bunun öhdəsindən gəlmir.

Övladıyla əlaqəni itirməmək üçün valideynlər qarşılıqlı münasibət üzərində daima işləməli və bunun üçün müxtəlif, lakin düzgün psixoloji üsullardan istifadə etməlidirlər. Uşaqlarla bağlı ən böyük problem onların məktəbdə yaşadığı problem haqqında danışmamalarıdır.

Əgər siz də bir valideyn olaraq övladınız məktəbdə olarkən onun nə işlə məşğul olduğunu, hansı müəllimin dərsini daha çox sevdiyini, kimlə dost, kimlə düşmən olduğunu ona birbaşa sual vermədən öyrənmək istəyirsinizsə, aşağıda qeyd edilən sadə, lakin uşağınızı danışdıracaq üsullardan istifadə edib bütün bunları asanlıqla öyrənə bilərsiniz:

1. Məktəbdə bu gün ən xoşuna gələn nə oldu? Bəs daha çox səni məyus edən nə oldu?
2. Bu gün məktəbdə səni güldürən nə oldu?
3. Əgər sərbəst seçimin olsaydı sinifdə kim ilə eyni parta arxasında oturardın? Bəs kim ilə heç oturmaq istəməzdin? Niyə?
4. Məktəbdə ən çox bəyəndiyin məkan haradır?
5. Bu gün eşitdiyin ən qəribə söz nə olub?
6. Əgər bu gün müəllimini evə qonaq çağırsaydıq, səncə sənin haqqında maraqlı nə danışardı?
7. Bu gün kimə kömək etmisən?
8. Bəlkə sən yox, sənə kömək edən olub?
9. Maraqlıdır, danış görüm bu gün yeni nə öyrənmisən?
10. Bu gün elə bir an olub ki, özünü çox xoşbəxt hiss etmisən?
11. Yoxsa çox darıxdırıcı olub bu gün?
12. Əgər yadplanetlilər sinfinizə daxil olsaydı, kimi götürüb aparmalarını istərdin?
13. İndiyə qədər tənəffüsdə oynamadığın uşaqlardan kiminlə oynamaq istərdin?
14. Müəllimin bu gün ən çox hansı sözü təkrar edirdi?
15. Məktəbdə ən çox nə haqqında öyrənmək istərdin?
16. Məktəbdə nəyi etmək istəməzdin?
17. Səncə sinifdə kim ilə özünü daha yaxşı apara bilərdin?
18. Tənəffüsü adətən harada keçirirsiniz?
19. Sinfinizdə ən gülməli uşaq kimdir? Niyə onu gülməli hesab edirsən?
20. Bu günkü naharı bəyəndin? Daha çox bəyəndiyin nə oldu?
21. Sabah müəllim ola bilsəydin nə etmək istərdin?
22. Səncə sinfinizdən hansı uşaq məktəbinizdən çıxıb getməyə layiqdir?
23. Əgər sinfinizdə kimləsə yerini dəyişmək istəsəydin kimi seçərdin? Nəyə görə?

Bu üsullar, əsasən, məktəbə yenicə addım atan və ya aşağı siniflərdə oxuyan uşaqların valideyni üçün nəzərdə tutulan sadə və mükəmməl üsullardan biridir.

Kəmalə Baxış: "Bəzi valideynlər ümumiyyətlə, uşaqları ilə maraqlanmırlar"

Uşaq psixoloqu Kamilə Baxışın sözlərinə görə, bəzi valideynlər ümumiyyətlə, uşaqları ilə maraqlanmırlar: "Əvvəllər heç olmasa hər ay məktəblərdə valideynlərlə ünsiyyət qurulurdusa, valideyn iclasları tez-tez keçirilirdisə, indi çox təəssüf ki, yarım il ərzində valideynlər tək bir dəfə iclasa çağırılırlar, onda da bütün valideynlər gəlib uşaqla maraqlana bilmirlər".

Psixoloq onu da dedi ki, bəzən bəzi valideynlər uşaqlarının məktəbə getdiyinə görə, hər hansı bir problem yaranarkən deyirlər ki, "bu mənim yox, məktəbin problemidir". "Bu düzgün deyil. Çünki məktəbdə gedən proseslərin, uşağın nizamının, təlim-tərbiyəsinin 80%-ni məhz valideyn təmin etməlidir" - deyə psixoloq əlavə etdi.

"Uşaqların məktəbdəki fəallığına, davamiyyətinə gəldikdə isə deyə bilərəm ki, uşaqlarda oxumağa maraq itib" deyən K.Baxış belə bir halın həm ibtidai, həm də yuxarı siniflərdə müşahidə olunduğunu vurğuladı. "Səbəblərdən biri bizim təhsil strukturu ilə bağlıdır. Digər bir səbəb də uşaq hər hansı bir dərsə maraq göstərməyəndə onun valideynləri də "neynirsən bu dərsi? onsuz da gələcəkdə bu sənə lazım olmayacaq" kimi ifadələrlə münasibət bildirirlər. Adətən musiqi, rəsm, əmək dərslərinə bu kimi yanaşmaları görmək olar" - deyən psixoloq bu fənlərin uşağın şəxsiyyətinin formalaşmasında vacib rol oynadığını bildirdi. Nəticə etibarı ilə uşaqlarda tədrisə olan maraq ümumiyyətlə itir.

Yeniyetmə dövründə övladla əlaqəni necə itirməməli?

Yuxarı siniflərdə, uşaqların yeniyetmə yaşına çatdığı dövr valideynlərlə uşaqlar arasında yaşanan ən çətin dövrlərdən biridir. Psixoloqa görə, belə bir keçici dövr zamanı valideynlərlə münasibəti pisləşən uşaqlar "məktəbə qapanıram" deyərkən, əslində onlar daha rahat məkan axtarışında olurlar. "Bu halda isə məktəb onlar üçün bu məkan ola bilməz. Bu məkan onlarla valideyn arasında olan bağlılıq olmalıdır. Valideynin anlayışı, valideynin onun həyatında iştirakı olmalıdır" - deyə ekspert bildirdi.

Psixoloqun fikrincə, belə bir dövrdə yeniyetmə və valideynlər arasında yaranan problemlər, konfliktlər onun əhvalının korlanması, daxili aləminin gərgin olması şagirdin təhsilinə də böyük təsir göstərir. "Hal-hazırda məktəblərdə bu problemi aşkar edəcək, müvafiq tədbir görəcək psixoloqlar yoxdur təəssüf ki... Bu da bir cür problem yaradır" - deyən psixoloq K.Baxış bu səbəbdən valideynlərə mütəmadi olaraq uşaqla ünsiyyət saxlamağı, onunla birlikdə iş görməyi və bununla da yaranmış boşluğu aradan qaldıra biləcək ilk addımı atmağı tövsiyə etdi.

"Bizim Yol" qəzeti
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.