Cəmiyyət

Bakıda 25 illin direktoru: "Ömürlük bu stola bağlı deyiləm ki"

15 Sentyabr 2014 02:00
7 Şərh     Baxış: 7 330
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakıda tədris mövsümü başlamamış orta məktəb problemləri baş qaldırıb. Sabunçu rayonu, Xavər Vəliyev adına 75 saylı orta məktəbin müəllim heyəti direktor Solmaz Əzizzadənin qanunsuz əməllər törətdiyini iddia edir. Müəlimlərin Milli.Az-a yazdığı şikayət məktubunda, sanki, məktəb direktorunun tədrislə yox, pul toplamaqla məşğul olduğu görünür.

Məktubda deyilir ki, S.Əzizzadə müəllim, şagird və valideynləri cana doydurub: "70 yaşlı direktor, hələ də, kürsüsündən əl çəkmək fikrində deyil. Dərsləri müəllimlərə 100 manata satan məktəb direktoru təhsil ocağını əməlli-başlı alver məkanına çevirib. Metodik vəsait kitabları beş, doqquzuncu siniflər üçün şəhadətnamələr əlli, onbirinci siniflərə attestat isə yüz manata satılır. Valideynlərə arayışı iyirmi manata satan Solmaz xanım birinciləri məktəbə əlli manata qəbul edir. Müəllimlər də bu alverə qoşulmalı olurlar. Hər ay onlar maaşlarının bir hissəsini məktəb direktoru ilə bölüşməli olurlar. Kimsə pulu gecikdirdisə, evinə zəng edir. Pul verməyənə dağ çəkir, valideynləri, şagirdləri üstünə qaldırır. Adı məktəbdə olan elə müəllim, xadimələr var ki, nə şagirdlər, nə də müəllim kollektivi onun üzünü görüb. Adı məktəbdə gedir, staj yığır, pulu isə direktor götürür, maaş kartları ondadır". İddiaçılar vurğulayır ki, 11-ci sinif otaqlarında isə şagird yoxdur. Onlar ayda 100, ya da ilə 1000 manat verərək dərsdən yayınırlar.

"Valideynlər isə biologiya müəlliminin yoxluğundan şikayətlənir. Əslində, biologiya müəllimi var, direktor Solmaz xanımın özü, sadəcə dərslərə girmir. Bu da uşaqların biologiya fənnini mənimsəməsinə mane olur. Valideynlər biologiya fənni kimi, kimyanın tədrisi vəziyyətindən də gileylənir. Məktəbdə bir kimya müəllimi var, o da 68 yaşında. Xahiş edirik ki, bir iş görəsiz. Yoxsa belə getsə, məktəbdə şagird qalmayacaq",  -  deyə məktubda qeyd olunur.

Direktor S.Əzizzadənin isə şikayətlərə reaksiyası qarğışla başladı: "Vay vay. Göydə Allah var. Allah onların bəlasını versin. Çox təəccüb edirəm. Müəllimlərin adı var? Deyin adların. Haqlıdırlarsa, onların qarşısında başımı aşağı salaraq çıxıb gedərəm".

Milli.Az-a açıqlama verən direktor onun pul yığması ilə bağlı müəllimlərin iddiasını rədd edib: "Gəlin mənim otağıma baxın, sonra da başqa məktəb direktorlarının. Otağıma baxanda biləcəksiniz ki, mənim pulum var, ya yox. Pul almaq qeyri-mümkündür. Valideynlərdən soruşun, kim desə ki, almışam mənə istədiyiniz ağır sözü deyin. Mən general yetişdirən müəlliməm. Direktorlar yetişdirmişəm. Oğlum yol polisində vəzifədədir. Mən heç belə işlər görərəm?"

S.Əzizzadə yaş senzi ilə bağlı ünvanına deyilən iddialara münasibət bildirdi: "75 yaşa qədər mənimlə müqavilə bağlamaq olar. 25 ildir direktoram. Ömürlük stola bağlı adam deyiləm ki? Əgər müqavilə bağlansa, qalıb işləyəcəm. İşimin nəticəsi Təhsil Nazirliyini qane edir deyə get demirlər".

Məsələ ilə bağlı Bakı şəhər Təhsil İdarəsi məlumatlandırılıb. Həmin İdarənin mövqeyini verməyə hazırıq.

Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.