Cəmiyyət

Onlar şeytana qardaş olarlar

14 Sentyabr 2014 16:26
0 Şərh     Baxış: 1 350
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Həqiqətən, (malını əbəs yerə) sağa-sola səpələyənlər şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı nankordur!" (əl-İsra, 17/27)

İnsanın ehtiyacları heç bir zaman bitməz. İnsan bu ehtiyaclarını qarşılamaq üçün hər cür yola baş vurar. Əldə etdiyi sərvəti insafsızca xərcləyər. Xərcləmələrinin doğru olub-olmadığına da baxmaz. İnsanın bu zəifliyi səbəbi ilə Rəbbimiz malı əbəs yerə səpələməyi qadağan etmiş, bunu qınamış və bu kəsləri şeytanın dostları adlandırmışdır: Qurani-Kərimdə Allah yolunda sərf etmək təşviq edilməklə birlikdə, insanı möhtac qoyacaq, ya da baxmaqla məsul olduğu insanlara zərər verəcək nisbətdə xərcləməsi də uyğun hesab edilməmişdir. Hər imkana sahib olduğu halda insanın "Mənim malım deyilmi? Mən qazanmadımmı? İstədiyim yerə xərcləyə bilərəm" şəklindəki yanaşması da doğru deyil. Bu cür xərcləmə də israf olaraq adlandırılmışdır. Çünki israf səpələmək, doğru olmayan yerlərə xərcləmək deməkdir.

Malı əbəs yerə səpələyənlərin şeytanın qardaşı, dostu olmalarının səbəbi boş yerə və məşru olmayan şəkildə, başqa bir sözlə, günah yolda xərcləmələridir. Çünki şeytan Rəbbinə qarşı nankorluq etmiş, nemətin haqqını verməmişdir. Bir baxıma, malı səpələmək də nemətin haqqını ödəməməkdir. Belələri haqq sahiblərinə vermələri lazım olanı əsirgəyənlərdir. Halbuki, nemətin səpələnmədən, itkiyə verilmədən haqq sahiblərinə çatdırılması çox mühüm şərtdir. Həzrət Əli (ə) insanın özünə və ailəsinə israf etmədən, bədxərclik etmədən xərcləməsinin xeyirli iş olduğunu bildirmiş, göstəriş üçün etdiyi xərcləməsini isə şeytanın bir payı olaraq görmüşdür.

Allaha üsyan yolunda olan kəslərin şeytanlarla birlikdə olmaları başqa bir ayədə də belə qeyd edilir:

"Hər kəs Rəhmanın zikrindən boyun qaçırsa, Biz ona Şeytanı müsəllət edərik və onun yaxın dostu olar" (əz-Zuxruf, 43/36)

Allah yolunda xərcləmənin ölçülü olmasına o qədər əhəmiyyət verilmişdir ki, insanın öz malından məşru olaraq vəsiyyət etməsi belə müəyyən bir nisbətlə (üçdə bir nisbətilə) məhdudlaşdırılmışdır. Bundan çox vəsiyyəti etibarlı sayılmamışdır. Onsuz da Qurani-Kərim Rəhmanın mömin qullarının xüsusiyyətlərindən bəhs edərkən xərcləmələrində mötədil, yəni orta yollu olduqlarını belə ifadə etmişdir:

"Onlar, xərclədiklərində nə israf, nə də xəsislik edənlərdir. Onların xərcləmələri bu ikisi arasında orta bir yoldur" (əl-Furqan, 25/67)

Peyğəmbərimizin (s.ə.s.) qənaətkarlıq edənin kasıb düşməyəcəyi, nəfəqədə qənaətcil olmağın dolanışığın yarısı olduğu şəklindəki tövsiyələri xərcləmədə orta yollu davranmağın əhəmiyyətini vurğulamaqdadır. Allah mülkü dilədiyinə verər, dilədiyindən alar. Bu gün sahib olduğumuz mal-dövləti həddindən artıq bədxərclik edərək xərcləsək, sabah itirərək möhtac hala düşə bilərik. Peyğəmbərimizin zamanında beş yüz xurma ağacı olan bir səhabə ağacların meyvəsini yığmış, hamısını paylamış, evinə heç bir şey aparmamışdı. Bunun üzərinə Cənabı-Haqq belə buyurdu:

"Nə əldən çox bərk ol, nə də əlini tamamilə açıb israfçılıq et! Yoxsa həm qınanarsan, həm də çarəsiz qalarsan!" (əl-lsra, 17/29)

İmkanlarımız nə qədər çox olursa-olsun, fərdi həyatımızda və cəmiyyət həyatında həddindən artıq xərcləməyimiz qadağan edilmişdir. Hər bir müsəlmana qənaətlə yaşamaq əmr edilmişdir. Başqa bir sözlə imkanlarımızı faydasız yerlərə sərf etməyimiz bədxərclik olması səbəbilə qadağan edilmişdir.

İnsanlıq həddindən artıq və lazımsız xərcləmələri səbəbi ilə bir çox maddi çətinliyə düşməkdədir. Məsələn, ailə münaqişələri və boşanmaların bir qisiminə hədsiz xərcləmələrin səbəb olduğu məlumdur. Yenə dövlətlərin hədsiz xərcləmələrinin və beləliklə, lazımsız yerə borclanmalarının iqtisadi böhrana gətirib çıxardığı görülməkdədir. Bundan başqa həddindən artıq xərcləmələrin həyat bahalılığı, ətraf çirkliliyi və təbii qaynaqların yox olmasına səbəb olduğu da bir həqiqətdir.

O halda, başqalarına baş əymədən izzətli yaşaya bilmək üçün qənaət prinsipinə riayət etməli və şeytani bir hərəkət olan bədxərclikdən çəkinməliyik.

"Zaman Azərbaycan"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.