Cəmiyyət

Müctəhidlər yaxın tarixdə cihad fətvası veribmi?

14 Sentyabr 2014 14:06
0 Şərh     Baxış: 3 453
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə vaxtdır ki, şiə müctəhidlərinin sünni Osmanlı dövlətinə hansısa dövrdə dəstək olub-olmadığı barədə araşdırma aparırdım

Qarşıma maraqlı faktlar çıxdı. Deməli, tarixdə bir neçə dəfə şiə müctəhidləri Osmanlıya dəstək məqsədi ilə cihad fətvası verib. Bu hadisələr təxminən yüz il əvvəl baş verib. Bu barədə inşallah aşağıda ətraflı məlumat verəcəyəm. Amma ilk öncə bu barədə niyə yazı yazmağım barədə danışmaq istəyirəm. Deməli, adlarını İŞİD qoyan, amma həqiqətdə vəhhabi təkfirçi zehniyyətinin daşıyıcısı olan terrorçulara qarşı İraqın və İslam dünyasının nüfuzlu islam alimi, Ayətullah əl-uzma Seyid Əli Sistani İŞİD terrorçularına qarşı müdafiə cihadı fətvası verdi. Bir neçə gün əvvəl sosial şəbəkələrdə belə bir müzakirə ilə rastlaşdım. Deməli İŞİDsevərlər deyirdi ki, Ayətullah Sistani sünnilərə qarşı müdafiə cihadı verib. Yəni vəhhabi zehniyyətli İŞİD terrorçularının tərəfdarları özlərini sünni olaraq qələmə verir. Onlar iddia edirlər ki, Ayətullah Sistani həm sünnilərlə vəhdətə çağırış edir, həm də sünnilərə qarşı cihad elan edir.

Onu da qeyd edim ki, Ayətullah Seyid Əli Sistani müdafiə cihadı fətvasını İŞİD-in İraqın Mosul şəhərini işğal edəndən sonra verib.

İndi baxaq tarixə, görək şiə müctəhidləri sünnilərə qarşı cihad fətvası verib, yoxsa işğalçılara qarşı?

İraqın Kazimeyn şəhəri bu gün şiə müsəlmanları arasında xüsusi yerə malikdir. Çünki bu şəhərdə İmam Museyi Kazımın (ə) və İmam Məhəmməd Təqinin (ə) qəbri-şərifləri yerləşir. Deməli Kazimeyn şəhərində yaşayan və İslam elmləri tədris edən müctəhid alimlərimiz 1-ci dünya müharibəsi zamanı Osmanlı dövlətinin tərəfində olub. Aralarında öz dövrünün tanınmış müctəhidlərindən olan və Qum elmiyyə hövzəsində İslam elmləri tədris edən Seyid Mustafa Kaşaninin olduğu çox sayda müctəhid 1911-ci ildə Liviyanın italiyanlar, İranın da ingilislər və ruslar tərəfindən işğal edilməsindən sonra İraqa keçdilər. Kazimiyyə elmi hövzəsində toplaşan şiə müctəhidlər tayfaları ingilislərə qarşı döyüşməyə çağırdı. Türkiyənin tanınmış tarixçi alimi, professor Mustafa Balcıoğlu "Teşkilat-ı Mahsusa'dan Cumhuriyete" adlı kitabında qeyd edir ki, "Seyid Mehdi, Seyid Mehdi Əl-Xalisi, Seyid Mustafa Əl-Kaşani və Seyid Əli Təbrizi İraqın bir çox qəzasında yerləşən məscidlərdə cümə xütbələri edərək xalqı ingilislərə qarşı cihada çağırıb."

Şiə müctəhidlərin ingilislərə qarşı mübarizəsini Osmanlı hökumətində nümayəndələri olan Məhəmməd əl-Mehdi rəsmi şəkildə məktubla görülən işlərlə bağlı məlumat verirdi. Məlumatlar Osmanlı dövlətinin İraq valisinə göndərilirdi.

Osmanlı hökumətinə Məhəmməd əl-Mehdi tərəfindən yazılan məktublardan birində qeyd olunur ki, "Bəsrə hakimi Seyid Talib, Muhamərə hakimi Xəzəli və Küveyt hakimi Sabah Osmanlı hökumətinə xəyanət edərək ingilislərə xidmət edir. Bu hakimlər ingilislərə xidmət edərək, tayfalar arasında fitnə salır."

Yenə Məhəmməd əl-Mehdi tərəfindən Osmanlı hökumətinə yazılan məktubda şiə müctəhidlərin bölgədə apardığı təbliğat işlərindən və ingilislərə qarşı mübarizələrindən danışılır. Məktubda bildirilir ki, "Tayfaları müqəddəs cihada dəvət etmək üçün məhərrəm ayının 12-ci günü böyük müctəhidlər Seyid Mehdi və Şeyx Mehdi Kazimiyyə hövzəsindən yola çıxdı. Getdikləri məntəqələrdə xalqı işğalçılara qarşı cihada çağırdılar və böyük işlər gördülər."

Yazılan məktublarda belə bir məqam mənim daha çox marağıma səbəb oldu. Deməli böyük müctəhid Şeyx Mehdi əl-Xalisi İraqın böyük tayfalarının birinin başçısı olan Fəhd adlı şəxsə deyir ki, "Osmanlı dövlətinin başını qarışdırırsınız. İşğalçılarla mübarizə etmək barədə and içməyəcəksiniz. Allahdan qorxun!"

Bundan əlavə 1914-1920-ci illərdə İraqda ingilislərə qarşı hərəkatın liderləri arasında Seyid Mustafa əl-Kaşani, Ayətullah Əbülqasim Kaşani adlı böyük müctəhidlər var idi. Ayətullah Əbülqasim Kaşani 1921-ci ildə İrana sürgün edildi. 1961-ci ildə İranda vəfat edən Ayətullah Əbülqasim Kaşani İmam Xomeynidən əvvəl İranın tanınmış simalarından olub. Bundan əlavə 1920-ci il İraq inqilabının liderlərindən biri də Seyid Məhəmməd Sədrdir. 1980-cı ildə Səddam Hüseyn tərəfindən şəhid edilən Ayətullah Seyid Məhəmməd Baqir Sədr Kazimiyyə mədrəsələrində təhsil almışdı. Yəni bu bərəkətli elmi hövzədə mücahid müctəhidlər yetişmişdi.

Bunlardan başqa bir faktı da diqqətinizə çatdırmaq istəyirəm.

1911-ci ildə italiyanların Liviyanın Tripoli şəhərini işğal etməsi şiə müctəhidlərinin etirazına səbəb oldu. Xüsusilə İraqın Nəcəf şəhərində yerləşən İslam elmləri dini mərkəzi (Yəni elmi hövzə) müsəlman torpaqlarında işğal bitənə qədər cihad fətvası verildi. Şiə müctəhidləri Tripolidə italiyanlara qarşı böyük bir hərəkat başlatmış və döyüşdə iştirak etmək istəyən müsəlmanları təşkilatlandırmışdı. Cihad fətvalarının təsiri ilə cəmiyyət, şiə müctəhidlərinin iştirakı ilə böyük mitinqlər və etiraz aksiyaları təşkil etdilər. Fətvaların təsiri xüsusilə Bağdad, Kazimeyn, Samirra və Hillə kimi sünnilərin yaxından təmasda olduğu şəhərlərdə təsirli olmuşdur. 1911-ci ilin oktyabr ayında İranın cənub və şimaldan işğal etməyə başlaması ilə birlikdə İraqdakı şiə müctəhidləri təcili olaraq "İslam diyarını" müdafiə etmək üçün hərəkətə keçmək üzrə "Müsəlmanları, can və mallarını fəda etməyə" çağıran bir cihad fətvası verdi. Xüsusilə Ayətullah əl-uzma Məhəmməd Kazim əl-Xorasaninin İrana gedən mücahidlərə rəhbərlik edəcəyi məlumatının yayılması şiələrin əksəriyyətinin hərəkətə keçməsinə səbəb olmuşdu.

Qəbilə şeyxləri bu hərəkata dəstək verəcəklərini bildirdilər. Artıq mücahidlərin İrana hərəkətə keçməsi üçün bütün silah-sursat toplanmışdı. Lakin Ayətullah Məhəmməd Kazim əl-Xorasaninin vəfat etməsi ilə hərəkat da dayanmalı oldu.

Onu da qeyd edim ki, şiə müctəhidlər cihad fətvası verəndə bunu kimlərinsə tapşırığı ilə etmirdilər. Buna sübut olaraq bir hadisəni də yazıb mövzunu yekunlaşdıracağam inşallah.

1970-ci ildə Molla Mustafa Bərzaninin liderliyi ilə İraqda hakimiyyətə qarşı üsyan başladıldı. İraqın Bəəs rejimi üsyanın qarşısını almaq üçün İraqın şiə müctəhidlərinə cihad fətvası verməklə bağlı təzyiq göstərirdilər. Ancaq şiə müctəhidlər "kürdlər bizim qardaşımızdır, onlar da bizim kimi müsəlmandır, beləliklə, onlara qarşı bu cür addım atmaq olmaz" şəklində fətva verməsi Bəəs rejiminin qarşısını aldı.

Yuxarıdakı tarixi məlumatlardan da aydın olduğu kimi İraqda şiə orqanlarının cihad fətvası ilk deyil. Bu fətvanı "sünnilərə qarşı müharibə" elanı şəklində qəbul etmək böyük bir səhvdir. Əslində Ayətullah Seyyid Sistani müdafiə məqsədli cihad fətvası vermişdir.

Ayətullah Seyid Əli Seyyid Sistani buna oxşar bir addımı 2004-cü ilin avqustunda Seyyid Müqtəda Sədrin apardığı mübarizəni bəhanə edərək Nəcəfə qədər girib şiələrin refleksini yoxlayan ABŞ-a qarşı olmuşdu. "Hər kəs Nəcəfi müdafiə etsin və Nəcəfə getsin" deyən Ayətullah Sistaninin çağırışına görə yaşlısı ilə, gənci ilə, qadını və kişisi ilə 11 milyon adam Nəcəfə getmişdi. Bunların arasında uşaqlar da var idi. Bu gün İŞİD-ə qarşı verilən fətvanın mahiyyətini də bu istiqamətdə qiymətləndirmək lazımdır .

İslamazeri.az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.