Cəmiyyət

Din xadimlərinin vahid geyim forması: forma və məzmun dartışması

13 Sentyabr 2014 21:55
0 Şərh     Baxış: 2 215
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Dünyanın hər yerində müxtəlif dinləri təmsil edən din xadimləri, ruhanilərin xüsusi geyim forması geyindiyinin şahidiyik. Uniformalarından polis, həkim, hərbiçi və s. kimi, din xadimlərini də tanımaq, ayırd etmək mümkün olur. Əksər hallarda elə geyimləri ilə onların hansı dini, hansı konfessiyanı təmsil etdiklərini də müəyyən etmək mümkündür.

Din adamlarının, din alimlərinin xüsusi geyim geyinməsi ənənəsi Azərbaycanda da əsrlərdən bəri mövcud olub. Elə günümüzdə də bəzi din xadimlərinin xüsusi geyimlə seçildiklərinin şahidi oluruq. Amma geyimin hansı formada olması əlbəttə ki, din xadimlərimizin öz seçimi ilə müəyyən edilir.

Dünən ölkə tarixində bu sahədə yeni bir addım atıldı - Qafqaz Müsəlmanları İdarəsində (QMİ) qurumun nəzdində fəaliyyət göstərən din xadimlərinin təkmilləşdirmə kurslarının müdavimləri üçün vahid geyim formaları təqdim olundu. Doğrudur, QMİ hələ ki, bütün din xadimlərinin vahid geyim formasına keçidi haqda qərar qəbul etməyib, amma ötən gün baş vermiş təqdimat artıq bu sahədə atılmış ilk addım kimi qəbul edilə bilər. QMİ-də təşkil edilən təkmilləşdirmə kursunu bitirmiş din xadimləri bundan sonra onlara təmənnasız olaraq təqdim olunan həmin geyim formasını geyinəcəklər.

Bu və ya başqa sahədə çalışanların xüsusi geyim forması geyinməsi səciyyəvi haldır. Bunu elə din xadimlərinə də aid etmək olar. Amma din xadimləri üçün nəzərdə tutulan geyim formasının hansı şəkildə hazırlanması xüsusi həssaslıq tələb edən bir məsələdir. Başqa sözlə, məzmun cəhətdən bu təşəbbüs məqsədəuyğun sayılmaqla bərabər, forma cəhətdən onun necə hazırlanacağı xüsusi diqqət tələb edir. Dizaynın işlənməsində Azərbaycan ruhaniyyətinin geyim ənənəsi, dövrün reallıqları, estetik yanaşma, zövq kimi amillər nəzərdə alınmalıdır.

Dünən müdavimlərə təqdim olunan geyim forması zahirən ötən əsrin əvvəllərində Azərbaycanda adi insanların istifadə etdiyi geyimi xatırladır. Hətta təqdimat mərasimində QMİ yetkiləri də Hacı Zeynəlabdin Tağıyevin geyimini xatırladaraq, bu həqiqəti etiraf etdilər. Yəni bu formanı ötən əsrin əvvəllərində istifadə olunan din xadiminin geyiminə deyil, Hacı Zeynəlabdin Tağıyevin geyiminə bənzətdilər.

Gələcəkdə Azərbaycanda fəaliyyət göstərən bütün məscid axund və imamlarının vahid formaya keçəcəyi gözlənilir. Elə isə belə bir uniformanın dizaynı ilə bağlı ictimai müzakirələr təşkil etmək, dizaynerləri, ilahiyyatçıları, kulturoloqları və s. mütəxəssisləri, ən əsası, elə din xadimlərinin özlərini də müzakirələrə cəlb etmək və yalnız məsələnin geniş ictimai müzakirəsindən sonra yekun qərar qəbul etmək məqsədəuyğun olardı. Bu müzakirələrin nəticəsində hasil olacaq məhsul, "yüz ölçülüb, bir bişilmiş" məhsul olub, ictimaiyyət tərəfindən də rəğbətlə qarşılanardı.

İslam.az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.