Cəmiyyət

Məktəb mövsümü və valideyn məşəqqəti - FOTO

11 Sentyabr 2014 11:35
0 Şərh     Baxış: 1 070
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir məktəblinin ləvazimatına ən azı 150 manat lazımdır.
Teymur Muradov: "Bahalığa görə oğlumu bu il məktəbə qoymadım..."

Yeni tədris ilinin başlanmasına artıq bir neçə gün qalıb. Məktəb yaxınlaşdıqca valideynlər də şagirdlər qədər həyəcan keçirir. Valideynlərin həyəcanı, əsasən, övladını məktəbə yola sala bilmək qayğısıdır. Çünki bazar və dükanlarda məktəb ləvazimatlarının qiyməti əl yandırır. Əlacsız valideynlər məcburən səhərdən axşamadək dükan və bazarları gəzərək nisbətən ucuz mallar axtarırlar.

Hazırda ticarət mərkəzlərində müxtəlif çeşiddə məktəbli ləvazimatı tapmaq mümkündür. Ancaq qiymətlər kəllə-çarxa çıxıb. Belə ki, bir məktəblinin məktəb ləvazimatının qiyməti orta hesabla 200 manata başa gəlir. Bu ləvazimatların haradan alınmasından asılı olaraq qiymətlər arta-azala bilər, amma nəticə etibarilə qiymət 150 manatdan aşağı enmir. Ailədə məktəbə gedəcək uşaqların sayı 1-dən çoxdursa, onda vəziyyət bir az da gərginləşir. Çünki qiymət ikiqat, üçqat artmış olur ki, bu da aztəminatlı ailələrin qayğısına səbəb olur.

Biz də məktəb ləvazimatlarının qiymətləri, alış-veriş edən valideynlərin haqlı etirazlarını öyrənmək üçün bir neçə dükan və bazara baş çəkdik. İlk baş çəkdiyimiz məkan metronun "28 May" stansiyasının yaxınlığındakı yeraltı keçiddə yerləşən topdansatış mərkəzi oldu. Burada hər qiymətə məktəb ləvazimatı satılırdı. Qiymətlərə gəldikdə isə, məsələn, məktəbli çantaları 20-35, ağ köynəklər 15-20, dəftərlər 20 qəpik və 1 manat arasında, 6 dənəlik rəngli karandaşlar 4 manat, 12 dənəlik karandaş 6 manata, 24 dənəlik karandaş isə 12 manata satılırdı.

Yollandığımız digər dəftərxanalardan birində isə çantalar 15 manata, qələmlər 30-80 qəpiyə, pozan 30 qəpik-1 manat, dəftərlər isə 15-70 qəpik, rəsm albomu - 40 qəpik - 2 manat, xətkeş 20 qəpik - 2 manat, qələm qabı 2- 5 manat, su qabı 2-6 manat arasında dəyişirdi. Bundan əlavə, test kitabçaları, əlavə vəsaitlərin də xərci ayrıdır. Məhsulların qiyməti çeşidləri və keyfiyyətindən asılı olaraq dəyişir.

"8-ci kilometr" bazarında qiymətlər nisbətən aşağı idi. Belə ki, burada məktəbli çantalarının qiyməti 10-30 manat, qələmlər 20-60 qəpik, pozanlar 20 qəpik-1 manat, karandaşlar 70 qəpik -3 manat, dəftərlər isə 10-80 qəpik arasında qiymətlərə satılırdı. Qızlar üçün olan balaca saç lentləri 70 qəpik, böyük lentlər isə 1 manata idi. Oğlan köynəklərinin biri 10 manata satılırdı.

Satıcı Nihat Ağayevin sözlərinə görə, axtarsan bazarda 5, hətta 3 manata da köynək tapmaq olar, ancaq bu köynəklərin keyfiyyəti yaxşı deyil. Onların əksəriyyətinin Çin məhsulu olduğunu deyən satıcı bu tip paltarları almağı məsləhət görmədiyini bildirdi.

Bazarı dolaşdıqca satıcılarla yanaşı, alıcılarla da söhbətləşdik. Bazarda iki övladı ilə məktəb bazarlığına çıxan Şəfa Məstəliyeva 1-ci sinfə uşaq yola salmağın daha böyük məbləğ tələb etdiyini dedi: "Məktəblərin başlamasına 3-4 gün qalıb. Uşaqlarımla səhərdən bazar və dükanları gəzirik ki, məktəb ləvazimatlarının nisbətən ucuz satıldığı yeri tapaq. İki uşaq məktəbə yola salıram. İkinci qızım bu il məktəbə gedir. Bu da mənim xərcimi iki qat artırır. 4-cü sinifdə oxuyan oğlumu keçən il aldığım çantası, köynəyi və ayaqqabısı ilə yola salacağam. Başqa əlacım yoxdur. Təkcə dəftər-qələmə 50 manatım çıxıb. Hələ qızıma ayaqqabı, çanta və məktəbdən verilən məktəbli forması da almalıyam. Bütün bunların öhdəsindən necə gələcəyəm bilmirəm".

Digər valideyn Teymur Muradov bir uşağı üçün məktəb ləvazimatlarına 150 manat xərclədiyini dedi: "Yaxşı ki, kitabları məktəb verir. Yoxsa belimiz qırılardı. Biz istəyirik ki, uşaqlarımız təhsil alsın. Amma bu bahalıqla mümkünsüz görünür. Oğlum bu il birinci sinfə getməli idi. Məktəb xərclərinə görə onu bu il məktəbə qoymadım. İkisinə birdən necə çatdırım?!"

Gəldiyimiz nəticə bu oldu ki, bir valideynin övladına nisbətən keyfiyyətli alış-veriş etməsi üçün ən az 150 manat xərcləməsi gərəkdir. Bu pul isə kimi üçün əl çirki olsa da, əksər ailələr üçün ciddi məbləğdir, hətta bəzi ailələrin bir aylıq dolanışıq xərcidir.

"Yeni Müsavat"

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.