Cəmiyyət

Məktəbin yeni dərdi: əvvəl geyim idi, indi isə...

10 Sentyabr 2014 19:19
2 Şərh     Baxış: 1 505
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Uşaqlar arasında geyimdən də çox aşkar rəqabət yaradan elə məktəb ləvazimatlarıdır

Valideyn övladı üçün hər şeyin ən yaxşısını etməyə çalışır. Əgər məsələ uşağın qidalanması, geyim-keçimi və istifadə etdiyi əşyalardırsa, böyüklər bir az daha həssas olurlar. Məsələn, ən yaxşısı, ən keyfiyyətlisi, ən bahalısı, ən qeyri-adisi, ən fərqlisi və s. Düzdür, valideyn üçün bütün bunları etmək sadəcə uşağı üçün ən yaxşısını seçmək istəyindən irəli gəlir. Uşaq üçün isə bu belə deyil.

Azyaşlılar, xüsusən ibtidai sinif uşaqları arasındakı təhsildən başqa əyləncəyə olan rəqabət daha çoxdur. Bu fərq geyimlər arasında nə qədər aradan qaldırılsa da, uşaqlar arasında ayrı-seçkiliyin aradan götürülməsi tamamilə reallaşmayıb. Səbəbi isə valideynlərdir.

Valideynin fikrincə, ən bahalısı ən yaxşısıdır. Uşaqlara qarşı daha həssas olan valideynlərin bu istəklərini nəzərə alanlar isə təbii ki, yanılmır. Elə isə hər zaman bahalı olanlar keyfiyyətli olurmu?

Məktəblərin açılmasına sanılı günlər qalır. Alış-verişin qızğın olduğu ərəfədə valideynlər hər şeyin ən münasibini alaraq şagirdin bütün ehtiyacını ödəməyə çalışır. Məktəbli ləvazimatları isə elə də ucuz deyil. Maraqlısı budur ki, arada kəskin fərqlər var və alıcı eyni bir ləvazimatı iki fərqli dükanda eyni qiymətə tapa bilmir. Məsələn, adi pozanın belə qiymətləri fərqlidir. 20 qəpik, 1 manat, 1 manat 50 qəpik, 2-3 manat. Qiymətinə uyğun olaraq adi ağ pozan, bir tərəfi karandaş, o biri ucu qələm təmizləyən pozan, rəngli və böyük pozan, qoxulu, rəngli və qablaşdırılması qız və ya oğlan uşaqları üçün dizayn edilən pozan və qoxulu üzərində qələm də hədiyyə edilən xüsusi pozanlar. Eləcə də rəngdi karandaşlar. 6 dənəli, 12 dənəli, 24 dənəli, tez bitən, gec bitən, bəzəkli, sadə və s. olmaqla bu cür ləvazimatların yüzlərlə çeşidini tapmaq mümkündür. Təbii ki, bahalaşan qiymətləri ilə birlikdə. Malın bahalığını isə ləvazimatın keyfiyyətinə əsaslandırırlar.

Valideyn Solmaz Əfəndiyeva deyir ki, imkanı olsa bütün ləvazimatları bahalısından alar. İnanır ki, ləvazimatın şagirdin təhsilində rolu böyükdür: "Hansısa ləvazimatı alanda mən düşünmürəm ki, övladım digər şagirdlərin yanında forslansın. Mən sadəcə bahalı malın keyfiyyətli olduğuna inanıram. Bahalı olan ləvazimatlar keyfiyyətli olur, şagirdi yarı yolda qoymur. Aldığımız ləvazimatın o qiymətə dəyib-dəymədiyini görürük. Ləvazimat üçün hər zaman aldığımız dükanlara üz tuturam, bilirəm ki, oranın məhsulları Türkiyədən gəlir və qablaşdırılmadan görünür ki, Çin malı deyil. Təbii ki, yararsız, keyfiyyətsiz olduqda ona o pulu vermirik, amma mən düşünmürəm ki, kiçik bir qələm parçası uşaqlar arasında düşmənçilik yaradar".

Ekspertlər hesab edirlər ki, Çindən gətirilən məktəb ləvazimatlarının çoxu gömrük nəzarətindən yayınır. Ona görə də əksər hallarda həmin mallar heç keyfiyyətinə görə də yoxlanılmır. Amma qaydaya görə, mallar ölkəyə buraxılmazdan öncə onun keyfiyyəti yoxlanılmalıdır. Tərkibində ağır metallar varsa, ümumiyyətlə ölkəyə buraxılmamalıdır. Maraqlıdır ki, uşaqların diqqətini çəkən bəzəkli ləvazimatların çoxu elə Çin istehsalıdır və yüksək qiymətə də satılır. Valideyn isə bahalı olanın ən yaxşı olduğuna inanaraq övladını zəhərləyir.

Ekspertlər bildirirlər ki, hazırda satışa çıxarılan məktəbli ləvazimatlarının xeyli hissəsi xarici ölkələrdən gətirilir. Halbuki, bu məhsulları ölkədə kiçik sahibkarlar da istehsal edə bilər, nəticədə qiymətlər qat-qat aşağı olar. Reallıq ondan ibarətdir ki, sahibkarların xarici ölkələrdən gətirdiyi məhsulların qiyməti heç də vətəndaşların cibinə uyğun deyil.

Psixoloq Gülər Namazova deyir ki, uşaqlar arasında geyimdən də çox aşkar rəqabət yaradan elə məktəb ləvazimatlarıdır. İbtidai sinif uşaqlarının fərqli geyimlərə elə də marağı olmur. Amma onlar yüz qələm içindən ən gözəlini və ən dəbdə olanını seçə bilirlər. Çünki bu, onların maraq dairəsində olan məsələdir: "Ana-ata üçün bahalı ləvazimat uşağı üçün ən yaxşısı hesab olunur. Uşaq üçün belə deyil. Bahalı və fərqli ləvazimatlar digər şagirdlərin diqqətini yayındırır. Onlarda da buna həvəs və istək yaradır. Nəticədə fikir dərsdən yayınır. Ümumiyyətlə, şagird üçün keyfiyyətli, amma standart mal almaq ən yaxşıdır. Sadə qələm, sadə dəftər, sadə xətkeş həm onun fikrinin yayınmasının qarşısını alır, həm dostları ilə münasibətin gərginləşməməsinə imkan verir. Valideyn hökmən bahalı və keyfiyyətli ləvazimata üz tutacaqsa, mümkün qədər ən sadəsi və dəbdəbədən uzağını seçməlidir. Bu cür seçim valideynlərin övladları üçün atdığı müsbət addımlardan olar".

Ekspress.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.