Cəmiyyət

Tələbənin ən böyük problemi

9 Sentyabr 2014 14:31
0 Şərh     Baxış: 2 308
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təhsil Nazirliyi yaxasını kənara çəkir; ali məktəblər isə problemi həll etməkdə acizdir

"Bizim Yol" problemi ekspertlərlə araşdırdı, tələbələrə hansı çıxış yolları göstərilir?

"Bu gün ali məktəblərdə tələbələrin əsas problemi dərsliklərdir. Özüm də dərsliklərlə bağlı hər il çətinlik çəkirəm. Ələlxüsus sərbəst işləri yazmağın vaxtı gəlib çatanda. Hələ dərslik problemi azmış kimi, müəllimlər də sovet dövründən qalma, kiril əlifbasıyla yazılmış kitabları məsləhət görürlər. Hansı ki, onlar da müasir dövrlə heç uyğunlaşmırlar. Bütün bunlar tələbənin oxumağa, öyrənməyə olan həvəsini öldürür", - bunu Bakı Qızlar Universitetinin 4-cü kurs tələbəsi Elmira Abdullayeva deyir .

Dərslik problemi mətbuatın daim gündəmində olub. Təhsil naziri Mikayıl Cabbarov mətbuata verdiyi açıqlamalarda bir neçə dəfə dərslik sahəsində olan problemlərə toxunub. Ancaq dərsliklər təkcə orta məktəblərin yox, həm də ali məktəblərin ən əsas problemlərindən biridir. Keçdikləri fənnə uyğun kitab tapa bilməyən tələbələr vəziyyətdən daim şikayət ediblər. Bəs ali məktəb tələbələrinin yaşadığı problemin əsas səbəbi nədir? Nə üçün fənlərə uyğun dərslik tapmaq bu qədər çətindir?

"Texnologiyadan xəbərsiz keçmişin kitabları da tələbənin istəyi ilə tərs mütənasibdir"

E.Abdullayeva təhsil aldığı ali məktəbdə müəllimlərin mühazirə mətnlərindən istifadə etdiklərini deyir. Onun sözlərinə görə, müəllimlər ədəbiyyat siyahısı kimi dərsliklərin adını yazdırırlar: "Amma tələbələr mühazirələrlə kifayətlənirlər. Səbəb isə həmin dərsliklərin çox çətin tapılmasıdır. Ya tapılmır, ya da ki, olan materiallar rus dilindədir. Rus dilində olan dərsliklərin tərcüməsində problem olduğundan yetərli məlumatı əldə edə bilmirik. Əlavə məlumat əldə etmək də bu dəqiqə müşkül məsələyə çevrilib. Texnologiyadan xəbərsiz keçmişin kitabları da tələbənin istəyi ilə tərs mütənasibdir. Latın qrafikasıyla yazılmış dərsliklər isə əksəriyyəti tərcümələrdir. Həmin tərcümələrdə qrammatik səhvlərlə yanaşı, məna səhvləri də olur. Təəssüf ki, bu gün ali məktəblərdə dərsliklərin vəziyyəti ürəkağrıdıcıdır".

Azərbaycan Tibb Universitetinin 3-cü kurs tələbəsi Lalə Ağayeva (ad şərtidir) 20-30 il öncədən qalma dərsliklərdən istifadə etdiklərini deyir. Onun sözlərinə görə, kitablar köhnəldiyindən istifadəyə yararsız hala düşüb: "Köhnə dərsliklərdəki materiallar indiki dövrə uyğun gəlmir. Yeni xəstəliklər, dərmanlar, müalicə üsulları var axı. Biz hələ sovetdən qalma kitablardan istifadə edirik. Hətta buna baxmayaraq bəzi kafedralar məcburi kitab aldırırlar. Dərs zamanı kitabı gətirib verirlər ki, "Almalısan". İmkanı olmayan tələbələri düşünən yoxdur".

L.Ağayeva deyir ki, bəzi dərsliklər sırf kommersiya məqsədli yazılır. Tələbələr də bu kitabları almaq məcburiyyətində qalırlar: "Həmin dərsliklərin içərisində olan materiallar ya bizə lazım olmur, ya da çox pis şəkildə yazılmış olur. Amma lazımsız mövzular daha çox üstünlük təşkil edir. Hətta müəllimlər özləri belə bu kitabların bizə lazım olmadığını deyirlər. Əgər lazım deyilsə, niyə bu qədər pul töküb kitab almalıyıq? Hər dərs ili başlayanda minimum 150 manat kitablara xərcləməli oluram. Bu da heç bir tələbəyə sərf etmir".

"Dərslikləri hazırlayanlardan xahiş edərdim ki, "Tələbə bunu necə başa düşər?" prizmasından fikirləşsinlər"

Bakı Dövlət Universitetinin 4-cü kurs tələbəsi Aygün Rəşidova rus sektorunun məzunu olduğundan kitablarla böyük problem yaşadığını deyir: "Azərbaycan dilini elm öyrənəcək dərəcədə mükəmməl bilmirəm. Qrup yoldaşlarım və mən kitablarda ağır cümlələrlə rastlaşan zaman xeyli çətinlik çəkirik. Tam olaraq mənanı başa düşmək çətin olur. Buna baxmayaraq, bizə verilən dərsliklərin əksəriyyəti azərbaycanca olur. Hər semestrin əvvəli dərslik problemi yaşayıram. Müəllimlər də mühazirələrdən öyrənib, dərs danışmağımızdan narazı qalır. Ancaq elə müəllimlər də var ki, biz çətinlik çəkməyək deyə mühazirələri elektron formada hazırlayıb göndərir. Bu zaman öyrənmək hamı üçün rahat olur. Çünki ayrı vaxt öyrənmək üçün konkret kitabımız olmur".

Bakı Dövlət Universitetində təhsil alan Leyla Məmmədova (ad şərtidir) da deyir ki, rus sektorundan məzun olduğundan dərsliklərlə bağlı çox əziyyət çəkib. Onun sözlərinə görə, kitab olmadığından tez-tez problemlə rastlaşır: "Müəllim hər hansı dərsdən bizə öyrənəcəyimiz mövzu verir. Ancaq ortada onu oxumaq üçün heç bir mühazirə və ya rus dilində bir kitab yoxdur. Sabah bizim bu mövzunu sessiyada haradan oxuyacağımız heç kimi maraqlandırmır. Hərdən mümkün olanda azərbaycanca kitablar tapırıq ki, oxuyaq. Dərslikləri hazırlayanlardan xahiş edərdim ki, onlar kitabı yazanda, onları məhz "Tələbə bunu necə başa düşər?" prizmasından fikirləşsinlər. Düzdür, müəllim tərəfindən mükəmməl yazılan, başa düşdüyümüz dərsliklər də var. Bir sözlə, bu dərsliklərlə bağlı məsələnin 50 faizi müəllimlərdən, 50 faizi isə dərsliyi hazırlayan müəlliflərdən asılıdır".

"Tələbələrin dərsliklərlə təmin olunması ali təhsil müəssisəsinin rəhbərliyinin vəzifəsidir"

Təhsil Nazirliyi 2013-cü ildə mətbuata verdiyi açıqlamada nə dövlət, nə də özəl ali təhsil müəssisələrində təhsil alan tələbələrin dərsliklərlə təmin olunmasına müdaxilə etmədiyini bəyan edib. Qurumdan verilən məlumata görə, tələbələrin dərsliklərlə təmin olunması məsələsi ali təhsil müəssisəsinin rəhbərliyinin vəzifəsidir: "Ali təhsil müəssisələrinin lisenziyalaşdırılması və akkreditasiyası zamanı Təhsil Nazirliyi tərəfindən digər meyarlarla yanaşı, "tələbələrin sayına görə dərsliklərlə təmin olunma" da meyar kimi nəzərə alınır".

Təhsil Nazirliyi bəzi özəl ali məktəblərdə tələbələrin dərslik çatışmazlığı problemi ilə bağlı verdiyi açıqlamada qeyd edib ki, ali təhsilin müvafiq səviyyəsində ixtisas (ixtisaslaşmalar) üzrə təhsil proqramlarına uyğun olaraq ixtisasın tədris planı hazırlanır. Tədris planında göstərilən fənlər üzrə müvafiq sahələrə uyğun mütəxəssis alimlər tərəfindən ali təhsil müəssisələri tələbələri üçün dərsliklər hazırlanır: "Həmin dərsliklər aidiyyəti kafedralarda, fakültə elmi şuralarında müzakirə olunur, kənar rəylər alındıqdan sonra tədris müəssisəsinin rəhbərinin imzası ilə qrif (nəşr hüququ) alınması məqsədi ilə Təhsil Nazirliyinə təqdim olunur. Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının müvafiq bölməsinin müsbət qərarına əsasən, dərsliyə qrif verilir. Ali təhsil müəssisələri tələbələri üçün dərsliklərin nəşri isə müəlliflərin vəsaiti və ya ali təhsil müəssisəsi hesabına aparılır. Təhsil Nazirliyi tərəfindən bu işə vəsait ayrılmır. Bu dərsliklərin yayılması ümumi qaydalarla həyata keçirilir və funksiyasına daxil olmadığına görə Nazirlik bu işə nəzarət etmir".

"Orta məktəb dərslikləri ali məktəb dərsliklərinin ixtisar olunmuş formasıdır"

Təhsil eksperti Nadir İsrafilov "Bizim Yol"a açıqlamasında deyir ki, istər orta məktəb dərslikləri, istərsə də ali məktəb dərslikləri sovet dönəmində hazırlanan dərsliklərdir: "SSRİ Pedaqoji Elmlər Akademiyası tərəfindən hazırlanan kitablardan istifadə olunurdu. Yəni bu kitablar sırf pedaqoji elmlər üçün hazırlanırdı. Sadəcə olaraq biz bu dərsliklərin tərcümə olunmuş variantından istifadə edirdik. Sovet dönəmi dağıldıqdan sonra öz dərsliklərimizi yaratmağa başladıq. Yeni dərsliklər yaratmaq sahəsində də ölkəmizdə təcrübə demək olar ki, yox idi. Həmişə hazır alıb, tərcümə edirdik. Ona görə də bu gün dərslik məsələsi bizim üçün problemli məsələyə çevrilib".

Ekspertin sözlərinə görə, Boloniya sisteminə qoşulmuş ölkələrdə dərslik problemi olmamalıdır. Ancaq bizdə bu məsələnin problemli olması hamıya aydındır: "Boloniya sisteminin əsas maddələrindən biri təhsil müəssisələrinin tədris-təlim materialları ilə təmin olunmasıdır. Universitetlərin kitabxanaları da əvvəlki kimi deyil. Ona görə də tələbələr çıxılmaz vəziyyətdə qalırlar. Müəllim tələbəyə tapşırıq verir, deyir ki, məlumatı hardan tapırsan tap. Ona görə də tələbələrin problemi artır. Bu gün bizdə orta məktəb dərslikləri ali məktəb dərsliklərinin ixtisar olunmuş formasıdır. Görün vəziyyət nə həddə çatıb. Magistraturanın dərslikləri bakalavr üçün olan dərsliklərlə eynidir. Sadəcə bəzi xırda dəyişikliklər var".

"Dərslik problemi maddi vəsait çatışmazlığından yaranır"

Dərslik müəllifi Nəsir Əhmədli "Bizim Yol"a bildirdi ki, dərslik problemi maddi vəsait çatışmazlığı ilə bağlıdır. Onun sözlərinə görə, əvvəllər sovet dövründə dərsliklər dövlət hesabına çap olunurdu. Bu zaman müəllifə də qonorar verilirdi: "İndi isə vəziyyət bir qədər fərqlidir. Müəllif özü kitabı yazmalı və çap etdirməlidir. Universitetdə tələbələrə kitab satmaq qadağan olunub. Ona görə kitab müəllifləri ortalıqda qalıb. Dövlət tərəfindən vəsait ayrılsa, müəllifin yazı, kağız pulu verilsə kitabın çapı üçün pulu vermək lazımdır. Son dərsliyimi bir neçə ay bundan öncə çap etdirmişəm. 500 nüsxə üçün 1500 manat pul ödəmişəm. Yəni bir kitabın hazırlanması üçün 30 manat tələb olunur. Ancaq kağız pulunu, üzlənməyini saymıram. Onları da üstünə gəlsək 2000 manata qədər vəsait lazım olur".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.