Cəmiyyət

Azərbaycanda orta məktəblərdə yenilik

8 Sentyabr 2014 12:38
1 Şərh     Baxış: 4 407
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Orta məktəbin 10-cu sinfini bitirən şagirdi heç kim 11 və 12-ci siniflərdə təhsil almağa məcbur etməyəcək"

"Azərbaycanda 12 illik ümumi təhsilə keçdikdən sonra, 11-ci və 12-ci siniflər təmayüllər üzrə olacaq".

Bunu lent.az-a açıqlamasında Təhsil Nazirliyinin tədris resursları şöbəsinin müdir müavini Əsgər Quliyev bildirib.

O qeyd edib ki, şagirdlər 10-cu sinfə qədər icbari təhsil alacaqlar: "Orta məktəbin 10-cu sinfini bitirən şagirdi heç kim 11 və 12-ci siniflərdə təhsil almağa məcbur etməyəcək. Onu da qeyd edim ki, 11 və 12-ci siniflərdə təhsil alanlar yalnız profil (təmayüllər) üzrə təhsil alacaqlar". Şöbə müdirinin müavini vurğulayıb ki, bu öz növbəsində repetitorluğun qarşısını alacaq.

Ə. Quliyev bildirib ki, məktəblər təmayüllərə bölündükdən sonra, dərsliklər də ona uyğun hazırlanacaq. "Məsələn, informatika-riyaziyyat təmayüllü, kimya-biologiya təmayüllü, humanitar təmayüllü məktəbin dərsliyi eyni olmayacaq. Yəni burada müxtəlif variantlar (müxtəlif dərsliklər) olacaq. Təhsil Nazirliyi gələcəkdə alternativ dərsliklərə geniş meydan vermək istəyir. Hələ ki alternativ dərslik sisteminə keçə bilmirik, çünki ölkədə müəllif çatışmazlığı var".

Şöbə müdirinin müavinin sözlərinə görə, əgər gələcəkdə mütəxəssislər bu işə daha aktiv qoşulacaqsa, peşəkarlıqları yüksək olacaqsa, o zaman alternativ dərsliklər yaranacaq. "Təhsil Nazirliyi də alternativ dərslikləri dəstəkləyir. Çünki bu, azad fikirlilikdir".

Ə. Quliyev onu da bildirib ki, Azərbaycan məktəblərinin əksər siniflərində variantiv dərsliklər mövcuddur: "Yəni bir proqram əsasında müxtəlif dərsliklər hazırlanır. Onlarında yalnız üsulunda, texnologiyalarında fərq olur. Ancaq məzmun eyni olur. Müstəqillik illərində alterativ dərsliklər yaranmağa başladı. Həm ibtidai siniflərdə, həm də yuxarı siniflərdə alternativ dərsliklər mövcuddur".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.