Azərbaycanda xörək duzunun kustar üsulla çıxarıldığı məkanlardan biri də Bakıdakı Masazır duz gölüdür. Göl Novxanı və Masazır kəndləri arasında yerləşir. Əvvəllər bu kəndlərin əhalisi yay aylarında göldən duzu yığaraq qurudur, həm mətbəxdə istifadə edir, həm də satıb qazanc əldə edirdi. Ancaq indi bu proses əsasən "Azərsun" şirkətinə məxsus zavod tərəfindən həyata keçirilir.
Bakı duzunun istehsal prosesi və yığımı haqqında məlumat toplamaq üçün Masazır gölünə yollandıq. Yol boyu rəngi qırmızıya çalan, sahili ağ duzlaqla örtülmüş bu gölün kənarında heç kim gözə dəymirdi. Duz yığanların izi ilə Novxanı kəndinin içərilərinə doğru irəliləyirik.
Kənd camaatı deyir ki, son 4 ildə "Azərsun" şirkəti Masazır gölünü özəlləşdirilib və heç kimi gölün ətrafına buraxmır. Yol boyu gölün kənarlarına çəkilən hasar da ətrafda yaşayan sakinlərin buraya girişini əngəlləmək üçündür. Sakinlər köhnə qazanc mənbələrinin əllərindən çıxmasından narazıdırlar. Deyirlər ki, göl özəlləşdiriləndən sonra kənddə işsizlərin sayı artıb.
"Ərazini hasara alıb, heç kimi buraxmırlar"
Novxanı sakini Əhməd Səlimovun sözlərinə görə, əvvəllər kənd camaatı çörəyini o göldən çıxarırdı: "Bakıda ağ şanı dəyəndə duzun yığım vaxtı idi. Elə təxminən, bu vaxtlar. Bütün kənd bu göldən duz yığıb qurudub satırdıq. Bir vedrə duzu 50 qəpiyə, ya da kisəsini 2 manata verirdik. Duzu keyfiyyətinə görə bir neçə yerə bölürdük, təmiz duz mətbəxdə istifadə olunur, texniki duz isə təsərrüfat işlərinə sərf edilirdi. Buradan rayonlara da duz göndərirdik. İndi isə gölün kənarına hasar çəkiblər. Heç kimi yaxına buraxmırlar. Duz zavodu var burada, oranın işçiləri yığıb zavoda gətirir və emal edirlər. Səbəb də onu göstərdilər ki, bu duzun yodu yoxdur, xəstəliyə səbəb olur. Ancaq bu yalan söhbətdir. Çünki yüz illərdir bu kəndlərin camaatı o duzla qidalanır, heç kimdə xəstəlik yoxdur, hamısı da tam sağlamdır. Əvvəl camaat hasarın çəkilməsinə etiraz etdi. Sonra polis gətirib camaatı dağıtdı. İndi heç kim səsini çıxartmır".
"Xalqın təbii sərvəti özünə qadağan olunub"
"Azərsun" şirkətinin duz zavodunda emal prosesi ilə tanış olmaq üçün zavoda üz tutsaq da çəkiliş üçün icazə vermədilər. Bu səbəbdən duzun göldən yığılma prosesini əyani şəkildə göstərməsi üçün Əhməd dayı ilə birgə Masazır gölünün hasara alınmamış hissəsinə yollandıq. Əlinə bel alıb, ayaqyalın duz gölünə girən Əhməd dayı illər sonra köhnə peşəsinə qayıtmasına sevinirdi: "Duz müqəddəs nemətdir. Hədislərdə var ki, Həzrəti Fatimənin kəbini duzla kəsilib. Bizim xalqın adətidir ki, əziz qonağı duzla qarşılayarlar. Allahın bizə bəxş etdiyi bu neməti yasaqlamağa heç kimin haqqı yoxdur".
Müsahibim deyir ki, biz duz istehsalının bir əldən aparılmasına, zavodda emal olunmasına qarşı deyilik, ancaq bizim də çörəyimizi əlimizdən almasınlar. Əvvəllər olduğu kimi duzu göldən biz yığaq və zavoda təhvil verək: "Ən azından duzu bizdən alıb emal edərdilər və biz də bu yolla çörəkpulu qazanardıq. Bu onlara da sərfəli olar. Fəhlələrə verdikləri puldan daha az xərcləyərdilər. Əvvəllər belə bir təklif var idi, ancaq şirkət pulu o qədər az verdi ki, heç kim o pula bu əziyyəti çəkmək istəməz. Bir maşın duz çıxarıb, yükləyib zavoda aparmalıydın ki, 20 manat pul alasan".
Gölə yaxınlaşmaq qadağan imiş...
Əhməd dayı bu sözləri danışdıqca, sudan çıxardığı duzu qalaqlayır. Ancaq nə onun bu sevinci, nə də bizim çəkiliş prosesimiz uzun çəkmir. "Azərsun" MMC-nin əməkdaşları yaxınlaşaraq burada çəkiliş aparmağın qadağan olduğunu deyirlər: "Bu göl "Azərsun" zavodunun tərkibindədir, şirkət bu gölü alıb. Şirkətin icazəsi olmadan burada çəkiliş aparmaq olmaz. Bunun üçün mətbuat xidmətindən icazə almalısınız. Əgər çəkilişə davam etsəniz, sizi polis şöbəsinə aparmalı olacağıq..."
Bu yerdə ortaya maraqlı suallar çıxır: xalqın təbii sərvəti hansısa şirkət tərəfindən özəlləşdirilə bilərmi? Hər hansı göldə çəkiliş aparmaq və informasiya toplamaq üçün kimdənsə icazə alınmalıdırmı? Şirkət əməkdaşlarının bu hərəkəti jurnalistin informasiya əldə etmək imkanlarının məhdudlaşdırılması demək deyilmi?
Bu sualları cavablandıran hüquqşünas Ələsgər Məmmədli deyir ki, göllər dövlətə məxsusdur və onların özəlləşdirilməsi hüquqən mümkün deyil:
"Dövlətə məxsus təbii sərvətlər özəlləşdirilə bilməz. Sadəcə, orada duz emal etmək üçün hansısa özəl şirkətə lisenziya verilə bilər. Bu isə həmin ərazidə çəkilişin qadağan olunmasını mümkünsüz etmir. Ora ictimaiyyətə açıq yerdir və çəkiliş aparıla bilər. Ayrıca, hətta özəl mülk olsa belə, əhalinin sağlamlığına, qida məsələsinə aid olduğundan jurnalist "KİV haqqında" Qanunun 8 maddəsinə əsasən, oradan informasiya toplayıb yaya bilər. Jurnalistin fəaliyyətinə mane olmaq İnzibati Xətalar Məcəlləsinin 186-cı maddəsinin pozuntusudur. Əgər qəsdən və zor tətbiq edərək, ya da hədələyərək jurnalistin fəaliyyətinə mane olublarsa, CM-nin 163-cü maddəsi ilə onlar cinayət məsuliyyəti daşıyırlar".
"Emal olunmamış duz sağlamlığa zərərdir"
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə deyir ki, Masazır gölündən çıxarılan duzun emal olunmadan qida kimi istifadə olunması sağlamlığa zərərlidir:
"Azad İtehlakçılar Birliyi olaraq BMT-nin duz üzrə eksperti ilə birlikdə Masazır gölündə 4 ilə qədər araşdırma aparmışıq. UNİSEF-in 2008-2009-cu illərdə bizimlə bir layihəsi var idi. Araşdırma nəticəsində məlum oldu ki, Masazır gölündən çıxarılan duz emal olunarsa, istifadəyə yararlı ola bilər. Vaxtilə bu göldən duzu kim gəldi, necə gəldi yığıb bazara çıxarırdı və çox təhlükəli bir vəziyyət yaranmışdı. Biz bu araşdırmanın nəticələri barədə dövlətə məlumat verdik və orada duzları ağır metallardan təmizləyən müasir duz zavodu tikildi. Bu gün həmin zavodda istehsal olunan duzlar standartlara uyğundur və zərərli maddələrdən təmizlənib. Lakin həmin duzları birbaşa göldən yığıb çörək sexlərinə aparan insanlar var. O cümlədən Şəkidəki, Salyandakı, Neftçaladakı duz göllərindən bu cür duzlar yığılaraq bazara çıxarılır. Azad İstehlakçılar Birliyi çalışır ki, bu cür halların qarşısı alınsın".
Yeni Müsavat
Böyütmək üçün şəkillərə klikləyin.
DİGƏR XƏBƏRLƏR
- Bakıda evini kirayə verən şəxs dəhşət yaşadı - VİDEO
- Hadi Rəcəbli dəfn olundu - YENİLƏNİB - FOTO
- "Onunla nə edirsən et" deyib, azyaşlı qızını 50 yaşlı kişiyə verdi - Azərbaycanda dəhşət - FOTO
- Hadı Rəcəblinin qızı: “Dünən paltarlarını hazırlamışdı, qismət olmadı...”
- Keçmiş deputat vəfat etdi - FOTO
- Kürəkəni ağlayaraq dedi ki, Hadı müəllim... - Mirələmov
XƏBƏR LENTİ
- Senator Bob Menendes çirkin işlərinin günahını erməni arvadının üstünə atmağı planlaşdırır
- Hakan Fidan: “Türkiyə olaraq üçüncü ölkələrin öz münaqişələrini bölgəyə gətirməsini istəmirik”
- Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü - FOTO
- Gürcüstanda etirazçılar parlament binasının qarşısındakı Rustaveli prospektini bağlayıblar - FOTOlar
- Qələbə “Gəncə”nin, final "Azərreyl"in
- Stoltenberq Zelenski ilə Ukraynanın təcili ehtiyaclarını müzakirə edib
- Naxçıvan-Şahbuz magistralında yol qəzası olub, xəsarət alan var
- Amerika şirkəti Qəddafinin malikanəsini müsadirə etdi
- Azərbaycan çempionatı 4 gün davam edəcək
- "Ailəmdən vacib heç nə yoxdur"
- Aprel görüşünün gizlinləri: ABŞ Ermənistanı niyə silahlandırır? - VİDEO
- Cem Yılmaz Serenayla bağlı çıxan xəbərlərə CAVAB VERDİ - FOTO
- Ukrayna çətin vəziyyətdədir, daha çox dəstəyə ehtiyac var
- Vanqa illər öncə İran və İsrail haqda bunu demişdi - Daha nələr olacaq?
- Kobaxidze prezidenti xarici agent adlandırdı
- Qırğızıstan “TikTok”u qadağan edə bilər
- Paris-2024-ə doğru: 7 Olimpiadada 7 qızıldan sonra 7 növdə 77 məqam
- Bakıda evini kirayə verən şəxs dəhşət yaşadı - VİDEO
- Deputatdan təklif: Bu qızların qarşısı alınsın, normal qadınların sevgi tapmasına mane olurlar
- İsmayıllının Kürdmaşı kəndində sürüşmə təhlükəsi var
- 80 yaşlı atanın 32 illik oğul nisgili - VİDEO
- Qaynı evinə qonaq gəldi, arvadını döydü - TƏFƏRRÜAT
- Türkiyədə "Baykar" şirkətinin yeni qanadlı raketi sınaqdan keçirildi - VİDEO
- Azərbaycanda elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadə artırılacaq