Cəmiyyət

Məhkəmədə MTK sədri qanunlara meydan oxudu: "Azərbaycanda hamı belə işləyir"

2 Sentyabr 2014 12:59
0 Şərh     Baxış: 3 153
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakıda hüquqşünas tikinti şirkəti əməkdaşının məhkəmədə necə "at oynatmasını" ifşa etdi. Hüquqşünas Səbuhi Axundov Milli.Az-a yazıb ki, sentyabrın 1-də saat 12:00-da əmlak bölgüsü ilə əlaqədar olaraq, "saxta alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair" tələbə Xətai Rayon Məhkəməsində hakim Səadət Səlimovanın sədrliyi ilə baxılan mülki iş üzrə iddiaçının nümayəndəsi olaraq çıxış edib. Mübahisəli mənzil "Məkan" Mənzil Tikinti Kooperativindən Ağaməliyev Rövşən Ramiz oğlunun adına alınıb. Bu gün ortaya cavabdeh R.Ağaməliyevin adına olmalı olduğu halda, onun atasının adına mənzilin alqı-satqı müqaviləsi çıxarılıb.

"Bu səbəbdən də 7 il öncə oğulun adına alınmış mənzilin sənədlərinin necə və hansı maraqla dəyişdirildiyini öyrənmək üçün vəsatət qaldıraraq MTK səlahiyyətlisinin dindirilməsini tələb etdik. "Məkan" MTK-nın təsisçisi və sədr müavini məhkəmə prosesinə qatılmış sədr Rəşad Məmmədovun adından ona nümayəndə kimi çıxış edə bilməsi üçün etibarnaməni təqdim edib. Vergilər Nazirliyinin Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsindən aldığımız sorğumuza cavabı hakimə təqdim edərək bildirdik ki, MTK-da sədrin səlahiyyət müddəti bir neçə il öncə bitdiyindən, onun verdiyi etibarnamə etibarsızdır. Bu zaman sədrin qardaşı və müavini Rasət Məmmədov ünvanımıza təhqir və təhdidlər söyləyərək "satqınlıq etməyin, nə olsun ki, sənəd yoxdur" dedi. Məhkəmə iclas zalında proses zamanı əsəblərini cilovlamadan hegemonluq edərək həm hakimə, həm də iclas iştirakçılarına qarşı açıq-aşkar hörmətsizlik edib. Hadisələr o qədər məcrasından çıxıb ki, məhkəmə iclas zalına icraçılar dəvət olunublar. Yalnız bundan sonra MTK-nın sədr müavini sakitləşib, iclasda səlahiyyətli nümayəndə kimi iştirak etmək hüquqlarının olmadığını anlayıb, MTK-nın sədrinin iştirakı və onun sədrliyini təsdiq edən yığıncaq qərarının məhkəməyə təqdim olunması səbəbilə proses günorta saat 14:10-a təxirə salınıb.

MTK-nın sədri məhkəməyə gəldikdən sonra prosesdə ifadə verərkən şok təfərrüatlar açıqladı.

Sədr Rəşad Məmmədov qeyd etdi ki, 2007-ci ildən bu günədək tikdiyi və satdığı evlərə görə ödəməli olduğu vergini yalnız bina təhvil götürüləndən sonra ödəyəcək. Bunu necə etdiyini və hansı qanunla 7 illik vergi ödəmələri etməkdən yayındığına dair sual verdikdə, "Azərbaycanda hamı belə işləyir. Bura onun yeri deyil, yoxsa açıqlayardım necə işləyirik" dedi.

Çıxışından sonra sədr "istismara yararlılığı barədə rəy olmadan binaya nədən insanlar köçürülüb?" kimi suala cavab olaraq bildirdi ki, camaat kirayədə qalmaması üçün Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşmışıq. Bundan əlavə, qeyd etdi ki, binanın 16-mərtəbəli olması üçün razılıq alıb, amma hələlik 12 mərtəbəsi hazırdır və yaşayış üçün sakinlərə təhvil verib. Bir müddətdən sonra sakinləri yenidən binadan çıxarıb, qalan 4 mərtəbəni də tikəcək. "İnsanların həyatlarını təhlükə altına salmağa sizə kim icazə verib?" sualımıza isə məhkəmənin önündəcə "bura onun yeri deyil, necə acıqlayım?" dedi.

Təsəvvür edin, MTK-nın sədri R.Məmmədov məhkəmədə bildirir ki, koorparativin payçıları özüm, qardaşım atam və digər ailə üzvlərimdir. Bunları da qanun tələb etdiyi üçün təsisçi qoymuşam. Bütün MTK mənimdir. Belə olan halda onların mənim sədr olmağıma dair qərar verməsi nəyə lazımdır?! MTK-da indiyədək heç bir yığıncaq keçirməmişik. Buna ehtiyac da yoxdur. Çox qəribədir ki, bu qədər qanunsuzluqlar və cinayət tərkibli əməllər hakimin qarşısında etirafla sadalanarkən hakim sanki heç nə eşitmirmiş kimi davranırdı. Bu səbəbdən də şifahi vəsatət verərək vergidən yayınma faktını sahibkarın özü məhkəmə qarşısında etiraf etdiyi üçün və vəzifə səlahiyyətləri ilə bağlı vergidə səlahiyyətli nümayəndə kimi qeydiyyatdan keçmədən, bütün orqanlarda MTK-nın adından çixış etdiyi üçün cinayət məhsuliyyətlərinin olmasını məhkəmənin nəzərinə çatdıraraq xüsüsi qərardad çıxarılmasını və prokurorluğa göndərilməsini məhkəmədən tələb etdim. Hakim bu faktlarla bağlı acıq-aşkar cinayətlərlə bağlı etiraflara baxmayaraq əlavə suallar vermədən bu məsələnin üstündən ehmalca keçdi. Bunun nə üçün üstündən ötəri kecildiyi isə bu gün məhkəmə çıxışlarından sonra elan olunacaq qətnamədən bilinəcək. Müraciət edirəm Vergilər Nazirinə, Vergi Audit Departamentinə ki, necə ola bilər 7 ildir fealiyyət göstərən bir MTK-nin vergi ödenişləri olunmur? Bunların şəhər mərkəzindən bir az kənarda olması və gözdən uzaq, könüldən iraq işləmələri, mənzilləri satıldıqdan sonra yığılan pulların vergisini ödəməkdən yayındıqlarnı başa düşdük. Bəs tikilən binanın hündürlüyü burada bir vergi ödəyicisinin olmasını və bu mənzillərin alqı-satqısından qazan dolduranların mövcudluğundan xəbər vermədimi? Artıq "Məkan" MTK ilə bağlı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Kamran Əliyevə və Vergilər Nazirliyinə rəsmi qaydada şikayət məktubları göndərmişik. Ümid edirik ki, bu qanunsuzluqların qarşısı alınaraq vətəndaşlara, eləcə də dövlətin büdcəsinə ziyan vuran şəxslər barəsində qanunun tələblərinə uyğun tədbirlər görüləcək", - deyə məktubda deyilir.

Məsələ ilə bağlı MTK rəhbərliyi ilə əlaqə saxlamaq istəsək də, bu baş tutmadı.

Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.