Cəmiyyət

Bakının kanalizasiya dərdi - FOTO

2 Sentyabr 2014 14:09
1 Şərh     Baxış: 1 032
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pirşağıda bir küçə çirkab sularına qərq olub

Sabunçu rayonu, Pirşağı qəsəbəsinin Saleh Hüseynzadə küçəsində kanalizasiya şəbəkəsinin olmaması səbəbindən çirkab suları mənzillərə və nəqliyyat yoluna axır. Sözügedən yolda asfalt örtüyünün olmaması nəqliyyatın və insanların hərəkətini daha da çətinləşdirib.

Bu barədə reportyorumuzla söhbətində Pirşağı sakinləri bildirdilər. Şikayətçilər deyirlər ki, məsələdən yerli və mərkəzi icra hakimiyyəti qurumlarının xəbəri var. Sakinlərin sözlərinə görə, Saleh Hüseynzadə küçəsində torpaq alıb ev tikərkən icra qurumları və bələdiyyədən onlara deyiblər ki, çirkab suları 10 saylı sanatoriya tipli internat məktəbinin yaxınlığında yerləşən əraziyə axıtsınlar. Sakinlər öz hesabına kanalizasiya xətti çəkərək illərlə çirkab suları həmin əraziyə axıdıblar. İndi həmin ərazini satın alan Bahəddin adlı şəxs bura gələn kanalizasiya xəttinin qarşısını kəsib. Nəticədə kanalizasiya suyu yola və evlərə axıb. Sakinlərin etirazından sonra o təklif edib ki, ev sahibləri 4 min pul toplayıb ona versinlər, problem həll ediləcək. Sakinlər adambaşına düşən pulu yığıb Bahəddinə veriblər, o da pulu alıb yoxa çıxıb.

Sözügedən problemdən Saleh Hüseynzadə küçəsində yerləşən 10 saylı sanatoriya tipli internat məktəbinin müəllim və şagird kollektivi də əziyyət çəkir. Hər an insanların xəstəliyə yoluxma ehtimalı var. Belə ki, məktəbin hasarının ətrafına çirkab sular toplanıb.

Havaların isti keçməsi vəziyyəti kritik həddə çatdırıb. Üfunət qoxusundan həm bayırda, həm də evdə nəfəs almaq ürəkbulandırıcı olub. Evlərin divarları ətrafında və nəqliyyat üçün nəzərdə tutulan yolda bataqlıqlar yaranıb. Çirkab suyu xəstəlik mənbəyi olub. Məktəblilər narahatdırlar ki, 20 gündür yaranmış bataqlıq sentyabrda başlanacaq yeni tədris ilində onlar üçün də problem olacaq. Çünki Pirşağı qəsəbəsinə kanalizasiya şəbəkəsinin 2014-2016-cı il Dövlət Proqramına uyğun olaraq çəkiləcəyi planlaşdırılıb.

Sakinlər deyirlər ki, qəsəbənin içməli su, təbii qaz və elektrik enerjisi ilə təchizatının olması üçün də aidiyyatlı dövlət qurumları iş görməyiblər. Sakinlər şəxsi maliyyə vəsaitləri hesabına qəsəbəyə və evlərinə su, elektrik xətləri çəkiblər. Kanalizasiya şəbəkəsini qurmaq isə onların imkanları xaricindədir. Şikayətçilər müvafiq dövlət qurumlarından qısa zamanda kanalizasiya sisteminin qurulması üzrə işlərin görülməsini tələb edirlər.

"Bizim Yol" qəzeti

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.