Cəmiyyət

Təbiətin qəzəbinə gələnlər dövlətdən yardım umur

2 Sentyabr 2014 01:00
0 Şərh     Baxış: 1 764
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycanda bir qrup insan qış gəlməmiş soyuq qorxusunu hiss edirlər. Zaqatala rayonunun Muxax kəndinin 10-dan artıq sakini Milli.Az-a yazdıqları məktubda deyirlər ki, təbiətin qəzəbindən xilas ola bilsələr də, dövlətin mərhəmətinə hələ də sığına bilməyiblər:

"07 may 2012-ci il tarixdə Zaqatala rayonu ərazisində baş vermiş məlum zəlzələ nəticəsində bizim kəndimizdəki evlərə də ciddi ziyanlar dəyib, qəzalı vəziyyətə düşüb. Zəlzələnin vurduğu ziyanın aradan qaldırılması məqsədi ilə dövlət büdcəsindən pul ayrılmasına dair sərəncam imzalanıb. Bununla əlaqədar Muxax kəndində də yeni mənzillər tikilib istifadəyə verilib, təmirə ehtiyacı olan evlər üçün birdəfəlik pul kompensasiya verilib. Ancaq bu müraciəti edən biz sakinlərin evləri zəlzələ nəticəsində qəzalı vəziyyətə düşsə də, bərpaya ehtiyacı olsa da, indiyə qədər bir tədbir görülməyib. Baxmayaraq ki, zəlzələdən 2 ildən çox vaxt keçib, bu müddət ərzində ərazidə bir neçə dəfə yeraltı təkanlar baş verib ki, bu da qəzalı evlərimizi daha da pis,yararsız vəziyyətə salıb. Hər vaxt ölüm təhlükəsi ilə üz-üzəyik, həyatımız ciddi təhlükə qarşısındadır. Rahatlığımız 2 ildir ki, pozulub, himayəmizdə olan azyaşlı uşaqlarımız, nəvələrimiz qorxu-həyəcan içində böyüyürlər. Müvafiq orqanlar gəlib evlərimizin qəzalı və bərpaya ehtiyac olması barədə akt tərtib ediblər. Ancaq heç bir əsas olmadan tədbir görülmür".

Zaqatala rayon icra hakimiyyəti başçısının birinci müavini Elman Ramazanov Milli.Az-a bildirdi ki, zəlzələdən sonra rayonda dağılmış 4000 ev tikilib, 427-si isə tikilməlidir. Onun sözlərinə görə, zəlzələdə ziyan çəkmiş 1100-ə yaxın insana kompensasiya verilməlidir.

E.Ramazanov qeyd etdi ki, evləri qəzalı vəziyyətdə olan insanların şikayətini də haqlı hesab edir: "Qarşıdan qış gəlir və insanlar evlərinə yığışmaq istəyirlər. Evlərin tikilməsi Fövqəladə Hallar Nazirliyinin səlahiyyətindədir. Hökümət ev tikilməsi üçün pul ayırmalıdır. Pul ayrılandan sonra evlər tikiləcək. Bu məsələ dövlətin və rayon rəhbərliyinin diqqətindədir".

Gülər
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.