Bakının beynəlxalq avtovağzalı Bakının və ölkəmizin əsas qapılarından biridir. Buranın xarici görkəmi insanda xoş təəssürat yaradır. Şəhər sakinləri çoxdan bu obyektə "Titanik" ləqəbi veriblər. Buranın xarici görkəmi gəmini xatırladır.Bakının "Titanik"ində nələr baş verir?
Ancaq avtovağzalın necə görünməsi o qədər də önəmli deyil. Sovet dövründə Bakının avtovağzalı yığcam idi. Buna baxmayaraq, saat kimi işləyirdi. Bəs Bakı Beynəlxalq Avtovağzalı necə işləyir?
Milli.Az Day.Az saytına istinadən bildirir ki, oxucuların məktublarını nəzərə alsaq, sosial şəbəkələrdəki müzakirələri oxusaq, görərik ki, narazılıqlar az deyil. Bütün narazılıqlarla bağlı isə avtovağzal rəsmiləri "standart" açıqlama verirlər: "Belə şey ola bilməz, ancaq biz yenə də yoxlayarıq". Rəsmilərin "yoxlama işləri" ilişib qalır, ancaq şikayətlərin ardı-arası kəsilmir.
Oxuculardan biri yazır ki, bir ay öncə Quba rayonuna getmək üçün İnternet üzərindən bilet sifariş edib, pulu kartla ödəyib. Təyin olunan vaxtda qızı ilə avtobusa minmək istəyəndə isə sürücü onu buraxmayıb. "Nə bilet? Bilet haradandır? Bilet-zad bilmirəm..."
Sən demə, beynəlxalq avtovağzalda ən önəmli şəxs sürücüdür. Nəyin necə olacağına o qərar verir. Bilet almamaq da olar. Çünki sürücü onsuz da pulu nağd ödəyənləri birinci buraxacaq. Həm də nağd ödəniş dövlət tariflərindən qat-qat yüksəkdir.
Həmin oxucu çətinliklə də olsa, avtobusa minə bilib. "Reysin sahibi" üzünü çevirəndə salona giriblər. Qanuni şəkildə aldıqlar biletlə avtobusa oğrun-oğrun miniblər. Bunu görən sürücü özündən çıxıb. Deyib ki, yerlər artıq satılıb. Qışqırıb, söyüş söyüb. Bununla belə iki xanımla əlbəyaxa çıxmağa qərar verməyib.
Bu cür halları sadalamaqla bitməz. Bəs avtovağzaldakı yiyəsizlik nə vaxta qədər davam edəcək? Bəlkə elə bu obyektin yiyəsi özü belə şeylərə şərait yaradır? Məqsədi nədir?
Şərhlərinizi gözləyirik.
Milli.Az