Cəmiyyət

Alim və insan xoşbəxtliyi

30 Avqust 2014 16:09
Baxış: 2 059
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
O, həkim, rəssam, ədəbiyyatşünas, tarixçi, hətta musiqiçi də ola bilərdi. Çünki hərtərəfli istedada malik insan idi. Amma həyatını başqa bir sahəyə həsr etməyi qərara aldı. Texnika və elm sahəsini seçərək neft-qaz sənayesinin ən dərin problemləri ilə məşğul oldu. Zaman onun öz seçimində yanılmadığını göstərdi.

Söhbət texnika elmləri doktoru, professor, Azərbaycan Respublikası Dövlət mükafatı laureatı Ramiz Mirsəlimovdan gedir. Bu yaxınlarda dünyasını dəyişmiş alimin itkisi nə qədər ağır olsa da, onun haqqında danışarkən nikbin notlara köklənməyə çalışırıq. Çünki Ramiz müəllim şərəfli bir ömür yaşayıb. Bu alim, müəllim, insan ömründən yadigar qalan zəngin irsdən, mənəvi dəyərlərdən xalqımız hələ çox bəhrələnəcək və bəhrələndikcə də onu dönə-dönə anacaq.

Ramiz Mirsəlimov 1927-ci ildə Bakıda, Azərbaycanda patoloji fiziologiyanın əsasını qoyan alimlərdən biri olan Mirmehdi Mirsəlimovun ailəsində dünyaya göz açıb.

Mirsəlimovlar qədim Şamaxının əsil-nəcabətli, ağır seyid nəsillərindən biridir. Atası Mirmehdi Mirmövsüm oğlu sadə sənətkar ailəsində doğulmuş, uşaqlıqdan elmə, təlimə böyük həvəs göstərmiş, ətrafda baş verənlərə maraqla yanaşmışdır. Kiçik yaşlarından gününün çox vaxtını qonşuları olan böyük şair Mirzə Ələkbər Sabirin yanında keçirmiş, saatlarla onun söhbətlərini dinləmiş, zəmanəsinin ağrılı-acılı olayları, amansız "mətinaltı" həqiqətləri barədə ilk dəfə onun gülüş doğuran şeirlərində oxumuşdur. Sonralar başa düşmüşdür ki, vətəninin dərdlərindən kədərlənən, həmvətənlərinin cəhalətindən, mütiliyindən qəzəblənən böyük Sabirin fəryadı imiş bütün bunlar. Aralarındakı yaş fərqi çox olsa da, bu dostluq Mirmehdinin əsl ədəbiyyat, poeziya vurğunu kimi yetişməsində mühüm rol oynamışdır.

Nəvəsi Leyla xanım xatirələrində yazırdı ki, "babam Mirmehdi hərtərəfli inkişaf etmiş, geniş dünyagörüşlü, əsl ziyalı simalı insan idi. Rus, ukrayn, ərəb, fars, alman dillərini mükəmməl bilir, bu dillərdə sərbəst danışırdı. Təkcə ədəbiyyat və poeziyadan deyil, həmçinin dünya tarixindən xəbərdar idi. Azərbaycan muğamları haqqında dərin biliklərə malik olmaqla yanaşı, eyni zamanda onları gözəl ifa edirdi".

Lakin tale yolları Mirmehdi Mirsəlimovu tamamilə başqa bir sahəyə çəkib apardı. Belə ki, o, Bakıya gəlir, həyatında işıqlı günlər başlayır, illər boyu içində yatıb qalan istedadını tam ortaya qoyur. Azərbaycan Dövlət Universitetinin (indi Bakı Dövlət Universiteti) Tibb fakültəsinə daxil olur. Buranı bitirdikdən sonra gənc həkimin qarşısında daha geniş yollar açılır və o, həm elmdə, həm də vəzifə pillələrində böyük zirvələrə çatır. Tibb elmləri doktoru, professor, Azərbaycanın Əməkdar həkimi və əməkdar elm xadimi Mirmehdi Mirsəlimov müxtəlif illərdə məsul vəzifələrdə çalışır. Azərbaycanda patologiya sahəsində ilk professor adını alır.

Ramiz müəllimin anası Fatma xanım isə Şamaxının sayılıb-seçilən və var-dövlət sarıdan zəngin olan ailələrinin birində doğulmuşdu. Bu, ona ilk təhsilini Tiflisdə yerləşən və çar II Nikolayın həyat yoldaşının himayədarlıq etdiyi Müqəddəs Nina Nəcib Qızlar İnstitutunda təhsil almağa imkan vermişdi. Burada fransız dilini mükəmməl öyrənmiş, ziyalı qadınlar içərisində sayılıb-seçilən xanımlardan olmuşdur. Bakıya gələndən sonra Fatma xanım iki ali təhsil alır. Əvvəlcə Azərbaycan Pedaqoji Universitetinin Kimya fakültəsini bitirir. Ailə həyatı qurandan sonra isə ali tibb təhsili də alaraq pediatr ixtisasına yiyələnir.

Bir çox hallarda övladlar valideynlərinin yolu ilə gedir, onların sənətinə yiyələnir, bir növ, davamçıları olurlar. Amma əksər hallarda bunun tərsi olur, uşaqlar tamamilə fərqli fəaliyyət sahəsi seçirlər.

Mirmehdi və Fatma Mirsəlimovların övladlarının ikisi - qızı Qəmər və kiçik oğlu Fikrət valideynləri kimi həkimlik sənətinə yiyələnirlər. Ramiz isə uşaqlıqdan incəsənətə meyil göstərsə, gözəl rəsmlər çəksə, rəssam olmağı arzulasa da, böyüdükcə ailədəki ab-hava, yəni hamının elmlə məşğul olması ona güclü təsir edir. Bununla belə, seçimi yenə də fərqli olur. Texniki elmlərə üstünlük verir. Beləliklə də Azərbaycan Sənaye İnstitutuna (indiki Azərbaycan Dövlət Neft Akademiyası) daxil olur və oranı müvəffəqiyyətlə bitirir.

Ramiz müəllim milli kökə, ulu babalardan yadigar qalan adət-ənənələrə söykənən bir ailədə böyümüşdü. Zəhməti sevən valideynlərindən xeyir-dua almışdı. Yəni şəxsiyyət kimi formalaşmasında və alim kimi şöhrət tapmasında işgüzarlıq, vətənpərvərlik, eləcə də gendən gələn qabiliyyət, fitri istedadı böyük rol oynamışdı. Əbəs yerə deməyiblər ki, ot kökü üstə bitər. Bu baxımdan Mirsəlimovlar nəsli tanınmış alimlər, peşəkar iqtisadçılar, həkimlər, ömrünü elm və təhsilə həsr edən neçə-neçə əsl ziyalı yetişdirmişdir.

Ramiz Mirsəlimov institutun energetika fakültəsini bitirərək mühəndis-elektrik ixtisası qazanır. Əmək fəaliyyətinə "Azərenerji" idarəsində başlayır, beş il burada çalışır. 1955-ci ildə aspiranturaya daxil olur. Buranı bitirdikdən sonra "Quyuların yan elektrokarotajı üçün geofiziki ölçmə qurğularının tətbiqi və işlənməsi" mövzusunda dissertasiya müdafiə edərək elmlər namizədi alimlik dərəcəsi alır.

1962-ci ildə elmi və pedaqoji fəaliyyətinə görə Azərbaycan Neft və Kimya İnstitutunun İnformasiya-ölçmə və hesablama texnikası (indi İnformasiya-ölçmə və kompüter texnikası) kafedrasının dosenti seçilir.

Ramiz Mirsəlimov ilk baxışdan sadə bir həyat yolu keçib - oxuyub, tədqiqatlar aparıb. Elmə verdiyi töhfələr müqabilində tanınıb, ad-san qazanıb. Lakin elmin yolu çox çətin, enişli-yoxuşlu, mübarizəli olur. Hər bir tədqiqatı sona çatdırmaq alimdən böyük səbir, təmkin və səriştə tələb edir. Sonra da gəldiyin nəticənin, əldə etdiyin yeniliyin dəyərini, lazımlı olmasını, fayda gətirəcəyini əyani sübut etməlisən. Bu baxımdan Ramiz müəllim yorulmaz alim idi. Üstəlik də, onun çalışdığı sahə ən mürəkkəb sahələrdən biri idi.

Onun elmi axtarışlarının mövzusu geniş və çoxistiqamətlidir. Belə ki, alim quyuların geoloji tədqiqi üçün elektrik karotajı, elektrik gücünün və enerjisinin yeni ölçmə çeviricilərinin, məmulatların bəzi keyfiyyət göstəricilərinin, analoqu olmayan yeni elektrik nəzarəti üsullarının işlənməsi üzrə tədqiqatlar aparıb. Qaz kəmərlərində qazın və çənlərdə neftin miqdarının ölçülməsi üzrə və onların çevirmə funksiyalarının xətləşdirilməsi, mikroprosessor əsasında informasiya-ölçmə sistemləri ilə bağlı tədqiqatları da maraqlı nəticələr verib. Görkəmli alim eləcə də yerüstü obyektlərin məsafədən zondlaşmasının peykaltı sistemlərinin, ətraf mühitin ekoloji vəziyyətə nəzarət sisteminin, texniki-ölçmə, informasiya-ölçmə sistemlərində güclü təsirin tədqiqi üzərində işləyib.

Çalışdığı kafedranın kompleks mövzusu olan "Quyuların yan elektrokarotajı" üzrə yaradılan avadanlıq keçmiş Sovetlər birliyinin bütün neft-qaz regionlarında şöhrət tapıb. Belə ki, onlar neftçıxarma rayonlarında tətbiq olunduqdan sonra böyük iqtisadi səmərə verib. Bu cihazlar dünyanın 22 ölkəsinin, xüsusilə Almaniyanın, Macarıstanın, Çexiya və Slovakiyanın sənaye müəssisələrində uğurla istifadə olunurdu.

Elmlə istehsalatın uğurlu vəhdətindən yaranan bu böyük nailiyyətə görə Ramiz Mirsəlimov 1974-cü ildə elm və texnika sahəsində uğurlu fəaliyyətinə görə Azərbaycanın Dövlət mükafatına layiq görülüb.

Görkəmli alimin elmi axtarış və tapıntıları nəticəsində sənaye sahəsinə verdiyi töhfələr keçmiş SSRİ-nin bir çox müəssisəsində geniş tətbiq olunub. Onun müəllifi olduğu yeni üsullar Sovet İttifaqının 30-dan çox iri müəssisəsində tətbiqini tapıb. Rusiyanın Çay Donanması Nazirliyi, Moskva və İjevsk avtomobil zavodları, "Daşkənd Aviasiya", "Moskva Maşınqayırma", Lvov "Elektron" istehsalat birlikləri və digər iri müəssisələr professorun elmi-tədqiqat işlərindən, axtarışlarından bəhrələnib.

Ramiz Mirsəlimovun bir alim kimi xoşbəxtliyi onda idi ki, o, tədqiqatlarında tələskənliyə yol vermirdi, şan-şöhrətə can atmırdı. Onun üçün ən başlıca meyar işlərinin müsbət nəticəsi idi. 1992-ci ildə müdafiə etdiyi "Neft sahəsinin informasiya-ölçmə sistemlərində ölçmə çeviricilərinin yeni vasitələri kompleksi" adlı doktorluq dissertasiyası məhz belə axtarış və tədqiqatların sayəsində yaranmışdı.

Professor Ramiz Mirsəlimovun elmi fəaliyyəti respublikamızın neft sənayesində mövcud olan bir sıra üsulların təkmilləşdirilməsinə də xidmət etmişdir.

Azərbaycan müstəqillik qazandıqdan sonra Ramiz müəllim özünün alim qələminə daha sıx sarılaraq, auditoriyalarda biliklərini gənclərlə daha həvəslə bölüşərək xalqa, vətənə xidmətdən yeni bir məmnunluq duydu. Yaradıcılığının daha keyfiyyətli bir mərhələsi başlandı. O, Azərbaycanın və dünyanın qabaqcıl elmi müəssisələrinin qarşılıqlı əməkdaşlığının inkişafına, birgə tədqiqatların həyata keçirilməsinə önəmli dəstək verməyə başladı. Öz xarakterinə sadiq qalaraq elm və istehsalat sahəsində yorulmadan çalışırdı. Nəticədə ABŞ-ın məşhur aerokosmik agentliyi - NASA Ramiz Mirsəlimovun travmatologiya sahəsində yeni nəzarət üsullarına böyük maraq göstərdi. NASA azərbaycanlı alimin dərin elmi yaradıcılıq işlərini yüksək qiymətləndirərək onu seçilmiş peşəkar qrupun üzvü kimi təqdim etdi və təşkilatla əməkdaşlığa çağırdı.

Professor Mirsəlimovun görkəmli alim olmasını onun işlərinin nəticələrinin Azərbaycanın sərhədini aşıb keçməsi də təsdiqləyir. Belə ki, o, 2000-ci ildə böyük beynəlxalq təşkilat olan "Association for the Advancement of Madeling and Simulation Techniqueş in Enterprises" (Texnikanın inkişafı və modelləşdirilməsi üzrə Beynəlxalq Assosiasiya) Rəhbər Komitəsinin və Redaksiya Şurasının (AMCE, Fransa) üzvü seçilmişdir. Həmçinin AMCE-nin Azərbaycanda rəsmi nümayəndəsi və "Zadeh Legasy" Assosiasiyasının üzvü idi. Həmin assosiasiyanın xətti ilə 2011-ci ildə Türkiyədə, 2012-ci ildə Portuqaliyada keçirilən konfranslarda iştirak etmiş, cavanlıq dostu Lütfi Zadə ilə görüşmüş, müasir elmin prioritet sahələri ətrafında söhbətləşmiş, mazakirələr aparmışdır.

Öz istiqamətinə və mahiyyətinə görə müxtəlif olan elmi işlərin həddindən artıq geniş və çoxşaxəli olması R.Mirsəlimovun zəngin elmi yaradıcılığının bariz nümunəsi sayıla bilər. Görkəmli alim 300-dən çox elmi işin, 41 müəlliflik şəhadətnaməsinin və patentin, 9 monoqrafiyanın, onlarla dərs vəsaitinin və bir çox kitabın müəllifidir. Dünyanın müxtəlif ölkələrində keçirilən konqres, konfrans və simpoziumların materiallarında, 21 ölkənin xarici jurnallarında 80 elmi işi dərc olunub.

R.Mirsəlimov 1994-cü ildən 2004-cü ilədək Azərbaycan Dövlət Neft Akademiyasının İnformasiya-ölçmə və kompüter texnikası kafedrasının müdiri və "İnformatika və idarəetmənin avtomatlaşdırılması" problem laboratoriyasının elmi rəhbəri vəzifələrində işləmişdir. Onun rəhbərliyi dövründə kafedrada ölkəmiz üçün mühüm əhəmiyyətə malik olan iki - aviasiya cihazları və ölçmə-hesablama kompleksləri və aerokosmik monitorinq ixtisası açılmışdır.

2000-ci ildə ulu öndər Heydər Əliyev elmdə qazandığı böyük nailiyyətlərə görə görkəmli alimi "Şöhrət" ordeninə layiq görmüş və bu mükafatı ona şəxsən təqdim etmişdir.

Professor R.Mirsəlimov 55 illik pedaqoji fəaliyyəti dövründə dəfələrlə Təhsil Nazirliyinin, uzunmüddətli məhsuldar fəaliyyətinə görə Azərbaycan Dövlət Neft Akademiyasının mükafatlarını almışdır.

1992-ci ildə akademik Azad Mirzəcanzadə onu Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasına dəvət edir. Ramiz müəllim ömrünün sonunadək komissiyanın ekspert şurasının üzvü kimi fəaliyyət göstərir.

R.Mirsəlimovun pedaqoji fəaliyyətinin "statistikası"na nəzər salsaq, görərik ki, görkəmli alim 55 il ali məktəb auditoriyalarında Azərbaycan mühəndislərinin bir neçə nəslinə dərs deyib. Ən maraqlısı isə odur ki, bu uzun müəllimlik dövrü yalnız ADNA ilə, üstəlik də eyni kafedra ilə bağlı olub. İnformasiya-ölçmə və kompüter texnikası kafedrasında işlədiyi müddətdə professor 24 müxtəlif fəndən mühazirə oxuyub. O, eləcə də diplom layihələrinə və buraxılış işlərinə rəhbərlik edib. Azərbaycan və rus dillərində 21 adda tədris və metodik vəsait hazırlayıb.

Professor R.Mirsəlimovun rəhbərliyi ilə 9 nəfər namizədlik, 2 nəfər doktorluq dissertasiyası müdafiə edib.

Alim sadəcə mühazirə oxumayıb, diplom, yaxud dissertasiya işinə yalnız rəy yazmayıb. O, hər bir tələbənin, hər bir aspirantın gələcəyi üçün daxilində mənəvi məsuliyyət hiss edib. Onlara ürəyinin hərarətindən, gözünün nurundan, zəkasının kamilliyindən pay verib.

Ramiz müəllimin alimliyi onun savadının və təfəkkürünün bəhrəsi idisə, incəsənətə sevgisi isə incə qəlbə, xoş duyğuya malik insan olduğundan xəbər verirdi. Bu sahənin insanları ilə - Nadir Əbdürrəhmanov, dahi bəstəkar Qara Qarayev, Adil Kərimov, Azər Sarabski, Kamil Əliyev, Böyükağa Mirzəzadə, Əli Mirqasımov, Tokay Məmmədov, Kamal Abdullayev, Hacı Məmmədov, Oqtay Əfəndiyev və başqaları kimi dəyərli ziyalılarla gənclik, cavanlıq illərindən dostluq edib. Qlinkanın, Çaykovskinin, Verstovskinin, Rimski-Korsakovun əsərlərini saatlarla dinləyib. Məşhur rus bəstəkarı Sergey Raxmaninovun sənətinin vurğunu olub. Onun musiqisinin həyəcanlı, işıqlı, çılğın, eyni zamanda səmimi xarakteri Ramiz Mirsəlimovun əhval-ruhiyyəsində nikbinlik dolu yeni bir ovqat yaradıb. Qızı Leyla deyir ki, atamın bəstəkarla o qədər zahiri oxşarlığı, portret yaxınlığı var idi ki, hətta o, Moskva kinematoqrafçılarının diqqətini cəlb edib, Raxmaninov haqqında çəkilən filmə dəvət alıb. Alimlə təsadüf nəticəsində rastlaşan kinematoqrafçılar çox istəyiblər ki, Ramiz müəllimi bu filmə çəksinlər. Amma o, təklifə etirazını bildirib.

Biz hamımız Ramiz müəllimi böyük alim kimi tanıyırıq. Təbii ki, həmkarları onun elmi araşdırma və tapıntılarının dəyərini bizlərdən yaxşı bilir. Doğmaları, əzizləri isə onun necə bir insan olduğunu yaxından görüb və hiss ediblər. AMEA-nın akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda şöbə müdiri işləyən həyat yoldaşı Nailə xanım söyləyir ki, Ramiz müəllim həddən artıq xeyirxah, hamıya əl uzadıb kömək edən, xoş niyyətli, dostluqda, yoldaşlıqda sədaqətli insan idi. Akademiklər Azad Mirzəcanzadə, Tofiq İsmayılov, Tofiq Əliyev və başqaları ilə uzun illər yaxın, səmimi münasibətdə olub. Sonralar bu münasibət ailəvi dostluğa çevrilib.

Ramiz müəllim həm də həssas duyumlu, ədəbiyyat, xüsusilə poeziya vurğunu idi. Klassiklərimizi mütaliə edir, Nizamini, Füzulini, Seyid Əzimi, böyük Sabiri heyranlıqla oxuyurdu. Caz musiqisini də sevirdi. Soruşanda da deyirdi ki, hərənin öz yeri var. Bu sahələrin hər biri barədə geniş bilgiyə malik idi. Yeniyetməlik çağlarından oxuduğu kitablardan ən ağıllı, ibrətamiz sözləri qeyd dəftərinə yazardı. Təsəvvür edin, bu illər ərzində həmin dəftərlərdə neçə cildlik aforizmlər yığılıb.

Ramiz Mirsəlimovun portretini canlandırmaqda dəstəkçimiz olan qızı Leyla deyir ki, atam övladlarına - mənə və böyük qardaşım Mehdiyə qarşı çox tələbkar olub. Universitetdə hər ikimiz atamızın arzusu ilə onun ixtisası üzrə təhsil aldıq. Mehdi aspiranturanı uğurla başa vurduqdan sonra 2008-ci ildə texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələndi...

Ramiz müəllim böyük bir ailənin ağsaqqalı, əziz ata, sevimli baba idi. Oğlu Mehdi babasının, nəvəsi Fatimə isə ulu nənəsinin adından ad almışdı. Nəvəsi Fərəci isə dünyalar qədər istəyirdi.

Ramiz Mirsəlimov artıq həyatda yoxdur. Bu, Azərbaycan elmi üçün, Ramiz müəllimi sevənlər, ona hörmət bəsləyən doğmaları, əzizləri, həmkarları, dostları, elm və həyat dərsi keçdiyi saysız-hesabsız yetirmələri üçün ağır itkidir.

Ramiz müəllim ömrünün sonunu ağır xəstəlikdə keçirdi. Ancaq son nəfəsinədək məsuliyyət və elmə sədaqət hissi onu tərk etmədi. Daim kafedranın işləri ilə maraqlanırdı, həmkarlarına və yetirmələrinə məsləhətlər verir, onları yeni nailiyyətlərə ruhlandırırdı. Yeni dərs vəsaitinin nəşrindən narahatlığını bildirirdi. Amma əcəl imkan vermədi ki, yazıb hazırladığı "İnformasiyanın alınmasının fiziki əsasları" adlı son kitabının çap variantını görsün. Bu işi isə Ramiz müəllimin yetirmələri tamamladı. Ustad üçün bunun özü də bir xoşbəxtlikdir. Həm də hər kəsə, o cümlədən hər alimə, hər müəllimə qismət olmayan bir xoşbəxtlik...

"Azərbaycan"
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.