Cəmiyyət

Yas obyektlərində ehsan qadağalarına məhəl qoyulmur - FOTO

30 Avqust 2014 13:47
0 Şərh     Baxış: 1 978
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təzəpir məscidindəki mərasim zallarında dəbdəbəli ehsan süfrələri davam edir

Avqustun 22-dən etibarən Azərbaycanda hüzr mərasimlərində ehsan verilməsi qaydasına yeni qadağalar tətbiq olunur. Bununla bağlı qərar hökumətdən verilib. Bundan sonra yas mərasimlərində israf qida məhsullarının verilməsi yolverilməzdir. Hüzr məclislərində süfrədə yalnız çay və qənd, xurma olmalıdır.

Eyni zamanda, avqustun 26-da Qafqaz Müsəlmanları İdarəsi də yas mərasimlərində israfçılığa yol verilməsi hallarını pisləyən bəyanat yayıb.

Bəs görəsən, dəfələrlə bu haqda bəyanat yayan Qafqaz Müsəlmanları İdarəsi bu qurumun tabeliyində olan mərasim zallarında keçirilən yas mərasimlərində ehsan süfrələrinə sözügedən qadağanı tətbiq edirmi?

Mərasim zallarının hazırkı durumunu müşahidə etmək üçün "Yeni Müsavat"ın müxbiri Təzəpir məscidinin nəzdindəki mərasim zalında olub.

Sözügedən qadağa mərasim zalında bugünki ehsan süfrələrində tətbiq edilməyib, süfrədə hər cür naz-nemət görmək mümkündür. Sanki burada heç kimin qadağadan xəbəri yoxdur. Ehsan olaraq plov, aş-qara, salatlar, dovğa, ayran, pendir, göy-göyərti, meyvələr, meyvə suları, müxtəlif şirniyyat, çərəzlər və sair verilir. Baş sağlığına gələnlər bir yandan axundun moizəsinə qulaq asır, bir yandan da yeməklərin dadına baxırlar. Bəs görəsən, israfçılıq haqqında hər kəsdən çox danışanlar niyə bu cür ehsan süfrələrinə yol verirlər?

Hüzr mərasiminin gedişinə mane olmadan insanlarla söhbət edirik. Yasda olanlar deyirlər ki, hamımız uzaq yoldan gəlmişik. Ac gəlib, ac getmək də düzgün deyil. Ancaq hər biri təsdiqləyir ki, bu dərəcədə bər-bəzəkli, şirniyyatlı ehsan süfrəsi açmaq ənənəsi yığışdırılmalıdır, ehsan süfrələri daha sadə olmalıdır.

Məclisin ağsaqqallarından biri isə qadağaların bu ənənəyə təsir etməyəcəyini deyir: "Bu adət-ənənədir. Azərbaycanda hər zaman ölən adam üçün ehsan verilib. Ehsan süfrəsində yemək olmalıdır. Evində hüzr düşən adama başsağlığı vermək üçün hərə bir rayondan gəlib. Bu adamlar gedib harada yeməlidirlər?"

Yas mərasimini aparan din xadimi Ağasəlim Səlimov isə deyir ki, bir neçə gün öncə Yasamal Rayon İcra Hakimiyyəti din xadimlərini toplayaraq tapşırıq verib: "Tapşırıq verildi ki, mərasim zallarında yemək və digər qidaların verilməsinə qadağa qoyulub və bunu insanlar arasında yaymaq, təbliğat aparmaq vəzifəsi biz din xadimlərinin üzərindədir. Ancaq bunun qarşısını almaq üçün məsləhət vermək, tövsiyə etmək yetərli deyil. Biz məlumat versək də, insanlar gedib öz bildiklərini edirlər. Gedib yas mərasiminin gedişinə müdaxilə edə bilmərik. Bunun yeganə çıxış yolu odur ki, mərasim zallarına, məscidlərə tapşırıq verilsin. Vətəndaşlar gəlib yer danışanda zalın rəhbərliyi bu qadağanı xatırlasın. Bizim o dərəcədə təsir imkanımız yoxdur".

İstənilən məsələdə nəticəyə nail olmaq üçün qadağa qoyanlar ilk olaraq özləri buna əməl etməli, cəmiyyətə nümunə göstərməlidirlər. Hətta bu onların şəxsi maraqlarına zidd olsa belə. Əks halda ilk günlərindən məhəl qoyulmayan qadağalar bir neçə ay sonra tamamilə unudulacaq.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.