Cəmiyyət

Cənubi Qafqazda ən qədim insan izləri - VİDEO

30 Avqust 2014 12:01
0 Şərh     Baxış: 3 721
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az TTV-yə istinadən bildirir ki, Tovuzda e.ə. VII minilliyin sonlarına aid edilən abidə aşkarlanıb.

Neolit dövrünə aid Cənubi Qafqazın ən qədim yaşayış məskəni aşkar edilib. Tovuz rayonunda aparılan arxeoloji qazıntılar Azərbaycan və yapon mütəxəssislərin birgə əməkdaşlığı ilə həyata keçirilir.

Regionun ən qədim neolit dövrü yaşayış yeri sayılan Hacı Ələmxanlı abidəsi e.ə. VII minilliyin sonlarına aid edilir. Aparılan radiokarbon analizlər və əldə olunan maddi mədəniyyət nümunələrinin təhlilləri də burada oturaq həyat tərzinə keçən ilk insan izlərinin olduğunu sübut edir.

Arxeologiya və Etnoqrafiya institutunun şöbə müdiri Fərhad Quliyev: "Burada aparılan araşdırmalar onu göstərir ki, bölgədə ilkin məskunlaşmanın, yəni oturaq həyat tərzinə keçən erkən əkinçi tayfaların ilkin yaşayış yerləri məhz Hacı Ələmxanlı qədim yaşayış yerində öz əksini tapmışdır".

Arxeoloji qazıntılar zamanı aşkar edilən qədim yaşayış yeri ilkin sivilizasiyanın başlanğıc mərhələsini əks etdirən ilk kəndlərdir. Sonradan sivilizasiyanın inkişafı və şəhər mədəniyyətinin yaranması isə bu ərazidəki qədim yaşayış məskənlərinin fonunda formalaşıb. Qazıntılar Azərbaycan və Yaponiya arxeoloqlarının layihəsi çərçivəsində birgə əməkdaşlıqla aparılır.

Tokio universitetinin professoru Yoşiho Nişiyaki: "Biz azərbaycanlı mütəxəssislərlə birgə düşündük ki, Cənubi Qafqazda neolit dövrü abidələrini birgə araşdıraq və daha dəqiq məlumatlar toplayaq. Uzun illər idi ki, bu bizim marağımızda  idi. Və gördüyünüz kimi, bu gün biz neolit dövrünün ən qədim yaşayış məskənini aşkar etmişik".

2012-ci ildən başlayan qazıntılarda məqsəd Tovuz ərazisində Neolit dövrünə aid erkən qədim yaşayış yerlərinin araşdırılmasıdır. Ekspedisiya rəhbəri abidələrin dünya ictimaiyyətinə çatdırılması üçün müəyyən tədbirlərin görüləcəyini bildirdi. Xüsusən də əldə olunan maddi mədəniyyət nümunələrini gələcəkdə UNESCO-nun Mədəni İrs Siyahısına daxil etmək üçün müraciət olunacaq.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.