Cəmiyyət

Uşaq avtooturacağına nə qədər önəm veririk?

29 Avqust 2014 18:40
0 Şərh     Baxış: 820
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avtooturacaqsız gəzdirilən uşaqlar 75% ölüm riski daşıyır

Demək olar ki, hər gün avtoqəzalar baş verir və bu qəzalarda onlarla insan dünyasını dəyişir. Təəssüflə qeyd etməliyik ki, dünyasını dəyişənlər içərisində azyaşlılar da çoxluq təşkil edir. Ekspertlər bunu daha çox valideynlərin uşaqları avtooturacaqlarda oturtmaması ilə əlaqələndirirlər.

Dünyanın bütün ölkələrində uşaqlar üçün avtooturacaqlar satılır. Bu oturacaqlar avtomobilə bərkidilərək körpələr üçün daha təhlükəsiz bir vəziyyət yaradır. Baş verən hər hansı bir qəza nəticəsində boşluqda qalan körpə pəncərədən uçmaq yerinə avtooturacağa birləşmiş halda sadəcə silkələnir. Nəticədə ən az xəsarətlə körpə qurtulmuş olur. Yaşa və uşağın çəkisinə uyğun olaraq satılan avtooturacaqların qiyməti bir az əlyandıran olsa da, uşaq həyatı ilə müqayisədə ucuzdur. Valideynlərin diqqətsizliyi isə Azərbaycanda avtooturacaqlara qarşı biganə yanaşmanı göstərir. Bu gün nadir hallarda avtomobillərdə uşaq avtooturacaqlarına rast gəlmək mümkündür. Uşaqlar və daha azyaşlı körpələr valideynlərinin qucaqlarında yol gedir və maraqlısı budur ki, bəzən uşaqları qorumaq istəyən valideynlər belə özlərini təhlükəyə atmış olurlar.

Bakı şəhər sakini Təhməz Əliyev 2 azyaşlı uşağı olmasına baxmayaraq, onları avtooturacaqda əyləşdirmir. Onun fikrincə, yaş artdıqca avtooturacaqların müddəti keçir və istifadəyə yararsız olur, avtooturacağa verilən pulsa boşuna xərclənir. Onun sözlərinə görə, hər hansı bir qəzada insanın alnına ölüm yazılıbsa, onu avtooturacaqlar qoruya bilməz: "İlk vaxtlar avtooturacaqlarla maraqlanırdım. Firmadan asılı olaraq 50-400 manat arası olan oturacalar uşaqların yaşına və çəkisinə görə hesablanır. Düzdür, hardasa həyatı xilas etmək baxımından işə yararlıdır, amma yaş ötdükcə bu oturacaqları dəyişmək müəyyən miqdarda xərc tələb edir ki, orta maaşlı ailə üçün bu, elə də asan deyil".

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, uşaq avtooturacaqlarından istifadənin məcburi olduğu inkişaf etmiş ölkələrdə yol qəzalarında uşaq ölümü faizi 3%-ə düşüb. Qanuni məcburiyyət olmayan ölkələrdə isə 46%-ə qədər təşkil edir. Avtooturacaqdan düzgün istifadə qəza əsnasında ölümlərin 71% azalmasına gətirib çıxarır. Avropa Birliyi ölkələrinin əksəriyyətində uşaq avtooturacağından istifadə məcburidir. İki il öncə Türkiyədə də bunu tətbiq məcburi edilib. Qanuna görə, 12 yaşına qədər olan uşaqlar və ya boyu 1,35 metrdən qısa, çəkisi 35 kq-dan az olan uşaqlar avtomobillərdə yalnız uşaq kreslolarında daşına bilər. Bu tələbi yerinə yetirməyən sürücülər 55 türk lirəsinə qədər (təxmini 25 manat) cərimələnirlər.

Avtooturacaq satışı ilə demək olar ki, avtosalonların əksəriyyəti, eləcə də uşaqlar üçün mallar mağazaları məşğul olur. Burda uşağın çəkisindən asılı olaraq avtooturacaqlar satılır. Avtooturacaqların satışı üzrə məsləhətçi Elton Hacızadə deyir ki, avtooturacaqları almayan valideynlər ona sadəcə kreslo kimi baxırlar. Vacibliyinin nə qədər olmasını çox insan bilmir. Halbuki avtooturacaqlar körpə həyatını xilas etməyə qadirdir: "Arxa oturacaqda təhlükəsizlik kəməri taxmayan təxminən 20 kiloluq ağırlığında bir uşağın avtomobilin toqquşması zamanı çəkisi təxminən 1000 kq olur və ilk olaraq qarşısında oturana, ya da ön şüşəyə dəyərək zərər görür. Arxa oturacaqda oturan 60 kq ağırlığındakı bir şəxs isə qəza zamanı 3 ton ağırlığına çatır və qucağındakı uşağı 3 tonluq bir zərbə ilə əzir. Kreslolara gəlincə, uşaqlar 12 yaşına çatana qədər 3 avtooturacaqdan istifadə etməlidirlər. 0-12 aylıq (0-9 kq) körpələr üçün, arxa oturacağa , körpənin üzü arxa şüşəyə baxacaq şəkildə yerləşdirilmiş olan ana qucağı modeli seçilir. 4 yaşına qədər (10-18 kq) olan hərəkətli uşaq üçün avtooturacaqlarından istifadə edilməlidir. Bu modellər arxa oturacaqda uşağın üzü önə baxacaq şəkildə montaj edilə bilər. Lakin yenə də uşaq mümkün olduğu qədər uzun müddət, 0-12 aylıq dövrdə olduğu kimi, avtooturacaqda üzü arxaya baxacaq şəkildə səyahət etməlidir. 4-12 yaş arasında (15-36 kq arası) olan uşaq, boyu və çəkisi artdığından hərəkətli avtooturacaqlardan istifadə edə bilmir və yaşı etibarilə təhlükəsizlik kəmərindən də istifadə etməyə hazır olmadığından yüksəldici uşaq avto kresloları istifadə edilməlidir. Bu zaman uşaq birbaşa avtomobilin təhlükəsizlik kəmərinə bağlanır".

Müsahibimizin sözlərinə görə, ölkədəki avtooturacaqlar heç də hamısı keyfiyyətli olmur. Ucuz avtooturacaqlar, eləcə də əldən alınan avtooturacaqların test müddəti olmur və onların zərbə zamanı hansı nəticə göstərəcəyi bəlli deyil: "Ölkəmizə Çindən çox keyfiyyətsiz avtooturacaqlar gətirilir. Alınacaq avtooturacağın markasına, toqquşma testlərindəki etibarlılıq dərəcəsinə, istifadə edilən materialın keyfiyyətinə, "isofix" standartına uyğunluğuna diqqət yetirmək lazımdır. Avtooturacağın yan, ya da arxa hissəsində ECE R44/03 ya da ECE R 44/04 yazısı olmalıdır. Yalnız bu avtooturacaqlar test müddətini keçmiş və zəmanətli oturacaqlar sayılır".

Ekspress.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.