Cəmiyyət

Övladlarımızı "yeniyetməlik sindromu"ndan necə qorumalı?

29 Avqust 2014 18:14
0 Şərh     Baxış: 1 136
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ekspertlər cəmiyyəti uçurumun astanasından döndərmək üçün müxtəlif çıxış yolları göstərirlər

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalovanın fikrincə, ailə qurmaq üçün normal yaş həddi 25-dir. Deyir, 25 yaş insanların formalaşması dövrüdür: "Hər halda 25 yaş insanın müəyyən qədər kamilləşməsi və həyata baxışlarının təkmilləşməsi dövrüdür. Məncə, bu yaş əlverişlidir".

Ginekoloqlar da qızların erkən yaşlarda ərə getməsini düzgün hesab etmirlər. Onların fikrincə, belə nikahların bir sıra fəsadları olur. Məsələn, Qadın Krizis Mərkəzinin məsləhətçi həkimi Təranə Həsənova deyir ki, 14 yaşında qızın ərə getməsi gələcəkdə böyük fəsadlara yol açır: "Cinsi həyat, hamiləlik bu orqanizmlərə hədsiz dərəcədə ağır zərbədir. Yetişməmiş orqanizm hələ hamiləliyə hazır olmadığı üçün onun yetişdirdiyi övlad da mükəmməl olmur. Müxtəlif qüsurları olur. Ya döl yaxşı inkişaf etmir, ya da ana bətnində tələf olur. Ən pisi isə vaxtından əvvəl doğuş baş verir. Nəticədə, uşaq salamat qalmır".

BMT-nin Uşaq Fondu (UNİCEF) yaydığı hesabatda Azərbaycanda həddi-buluğa çatmayanlar arasında nikahların sayının artmasından narahatlığını bildirib. Hesabata görə, Azərbaycanda aparılan araşdırmalar burada hər səkkiz nəfərdən birinin on səkkiz yaşına çatmamış evləndiyini və ya ərə getdiyini ortaya qoyub. Bunun qarşısının alınması üçün xüsusilə bölgələrdə iş aparılması, yeniyetmələrin maarifləndirilməsi lazımdır.

BMT-nin Əhali Fondunun erkən nikahlarla bağlı yaydığı hesabata görə, Azərbaycanda 18 yaşına qədər ailə quran qızların 11,3 faizi təhsilsizdir. Onlardan yalnız 26 faizi ibtidai təhsil alıb. Cəmi 11 faiz qızın orta məktəb və ali təhsili var. Hesabata görə, 2000-2011-ci illərdə ölkədəki nikahların 12,2 faizi yetkinlik yaşına çatmayan qızlarla bağlanıb.

"Əgər qızınızı ərə verməsəniz..."

Ümumiyyətlə, son vaxtlar erkən yaşda ailə qurmağa məcbur edilən qızlarla yanaşı, yeniyetmə qızların evdən qaçması xəbərlərini də tez-tez oxuyuruq. Əksər evdən qaçma hallarının səbəbi də erkən ailə qurmağa məcbur edilmədir. Məsələn, Sumqayıtda zorla ərə verilən 16 yaşlı qız evdən qaçmışdı. Buna səbəb ailəsinin onu məcburi ərə vermək istəyi olub. 16 yaşlı K.K. kasıb ailədə doğulub. Qızın valideynləri bu kasıbçılıqdan qurtulmağın yolunu övladlarını ərə verməkdə görüblər. Qızı sevmədiyi bir oğlana nişanlayıblar.

Nişanlanandan sonra K.K.-in qara günləri başlayıb. Nişanlısı qızın evinə gedərək, valideynlərinin gözləri qarşısında onu döyüb, incidirmiş. Oğlanın bu hərəkətlərindən bezən K.K. evlənmək istəmədiyini desə də, qızın valideynləri onu ailə qurmağa məcbur edib. Qızlarını ərə verməkdə israr edən valideynlərin bu əməllərinə səbəb isə oğlan tərəfi olub. Çünki oğlanın ailəsi qızın valideynlərini "əgər K.K.-nı ərə verməyə razı olmasanız, 8 min manat verməlisiniz", - deyə təhdid edib. Olanlardan cana doyan K.K. axırda evdən qaçıb. Bir müddət küçədə səfalət içərisində gəzən qız sonradan "Təmiz Dünya" Qadınlara Yardım təşkilatına müraciət edib. Təşkilatın sədri Mehriban Zeynalova bu kimi halların tez-tez baş verdiyini deyir.
Ailədaxili münaqişənin nəticəsi

Daha bir misal Gəncədə yaşayan azyaşlı qızın evdən düz 3 dəfə qaçmasıdır. İlk dəfə 2011-ci ilin aprelində evdən qaçıb. 6 ay sonra tapılıb. Bu müddət ərzində qızın anası hüquq-mühafizə orqanlarına təxminən 50-dən artıq şikayət ərizəsi yazıb. 9-cu sinif şagirdidir.

Başqa bir xəbərdə isə deyilir ki, Bakının Binəqədi rayonu ərazisində azyaşlı qız itkin düşüb. Binəqədi rayon Polis İdarəsinin məlumatında deyilir ki, qız 8-ci sinifdə oxuyurmuş. Qızın itkin düşməsi ilə bağlı polis bölməsinə anası məlumat verib. Binəqədi rayon 7-ci polis bölməsinə müraciət edən ana qızının 267 saylı orta məktəbdə oxuduğunu və Moskvada dünyaya gəldiyini bildirib. O, həmçinin qızın gedişinə "Facebook" sosial şəbəkəsində apardığı danışıqların səbəb olduğunu deyib. Polisin apardığı araşdırmalar nəticəsində azyaşlı qız artıq tapılıb. Qız polisə bildirib ki, evdən getməsinə səbəb anası ilə dava etməsi olub. İki gün qonşuda və həyətlərindəki avtomobil dayanacağında gecələyib. Daha sonra polis onu taparaq ailəsinə təhvil verib.

Ən dəhşətlisi də ötən il Şamaxıda baş verdi. Rayonun Xınıslı kəndinin sakini 16 yaşlı Nərminə İsgəndərova evdən qaçdığı üçün qardaşı tərəfindən başı kəsilərək öldürülmüşdü. Nərminə 1997-ci ildə anadan olmuşdu. Ev işlərindən, çətin həyat şəraitindən bezərək evdən qaçıb Bakıya gəlmiş, buradakı şirniyyat sexlərindən birində işə başlamışdı. Bir müddət sonra polis onu tapıb ailəsinə təhvil vermişdi. Evlərinə verildiyi günün səhərisi qardaşı Əmrah İsgəndərov tərəfindən başı kəsilərək öldürülmüşdü.

Bunların qarşısını almaq mümkünmü?

Uşaq psixoloqu Kəmalə Baxışova deyir ki, uşaqların uzun müddət evlərdə qapalı saxlanmasının nəticəsi sonda evdən qaçmaları olur. Psixoloq uşaqlara vurulan ən böyük zərbəninsə valideynlərinin onların fikirlərini nəzərə almaması olduğunu deyir: "Uşaqların fikirləri nəzərə alınmır. Özü də elə bir dövrdə ki, hər gün uşaqlarla bağlı yeni-yeni filmlər çəkilir, verilişlər hazırlanır. Onlar da baxırlar və kinolarda necə ailələrin olduğunu, uşaqların necə yaşadığını görürlər. Eynilə o cür həyat arzulayırlar. Valideyn onların beynindən keçəni, istəklərini yerinə yetirməyəndə sonu evdən qaçmalar, üsyan etmələrlə nəticələnir. Nəzərə almaq lazımdır ki, yeniyetmə dövrü hər xırda şey onlara pis təsir edə bilər. Valideynlərlə bu yaş dövrlərində sözləri üst-üstə düşmür. Nəticədə, kinolarda gördükləri kimi son çarəni öz hüquqlarının bərpası, yeni həyat qurmaq istəyi ilə evi tərk etmədə görürlər".

Psixoloq deyir ki, evdən qaçan yeniyetmələr düşünürlər ki, bundan sonra həyatları tamamən dəyişəcək və daha yaxşı olacaq: "Ancaq böyük əksəriyyətində bunun sonu çox pis nəticələnir. Fikir vermişəm, son zamanlar uşaqların evdən qaçması halları yaman çoxalıb. Düzü, əvvəllər belə şeylər çox olmurdu. Və bu da bir həqiqətdir ki, bu hal daha çox rayonlarda müşahidə olunur. Ən çox da yeniyetmə qızlar evdən qaçırlar. Bunun da səbəbləri var. Ya evdə sözlərini keçirə bilmirlər, ya da istəmədikləri bir şeyi etməyə məcbur edilirlər. Nəticə isə birdir. Evi tərk edirlər. Bundan sonra da başlarına gələnlər çoxlarına məlumdur".

Kəmalə Baxışova deyir ki, uşağın evdən qaçmasına təkan verən şeylər müxtəlifdir. Buna aldığı tərbiyənin, ətrafının, ailəsindəki nizam-intizamın, təhsilinin və s. təsiri ola bilər: "Bəzən uşağı erkən yaşlarında məktəbdən çıxarıb evdə otuzdururlar. Mən hələ də bunun səbəbini anlaya bilmirəm. Sanki övladlarının təhsil alması onlar üçün önəmli deyil. Sonda uşaq beyni bütün bu ayrı-seçkiliyə dözmür. Deyək ailə üzvləri uşağın evdən qaçmasının qarşısını almaq və ya onda belə bir fikrin əsla yaranmaması üçün oturub onunla söhbət etməlidir. Ancaq bu da sual altındadır. Çünki zatən münasibətləri normal danışıq üzərində qurulsaydı, uşaq evdən qaçmazdı. Bir çox ailələrdə uşağın istəkləri nəzərə alınmır. Ailə nəzərə almır ki, hər bir şəxsin formalaşması üçün mərhələlər var və bu mərhələdə özünü necə aparmalıdır. Mənə elə gəlir ki, birinci növbədə valideynlər məlumatlanmalı, maariflənməlidir. Bütün bunlar valideynlərin uşaqlarla normal rəftar qaydasını bilməməsindən irəli gəlir".

Orta məktəblərdə niyə uşaq psixoloqları yoxdur?

Mütəxəssis bütün bunları həm də uşaq psixoloqlarının az olması ilə əlaqələndirir. Deyir, rayon məktəblərində ümumiyyətlə, uşaq psixoloqları yoxdur. Şəhərdə olan psixoloqların sayı isə o qədər çox deyil ki, hər bir məktəbdə ixtisaslaşmış uşaq psixoloqu işləyə bilsin: "Məktəblərin hər birində psixoloq ştatı var. Amma burada işləyən kimsə yoxdur. Çox böyük məmnuniyyətlə, təmənnasız rayonlara gedib uşaqlarla danışıqlar aparardım. Fikir verin, informasiya məkanlarında da uşaqları psixoloji baxımdan maarifləndirən verilişlər yoxdur. Qəzet, jurnal televiziyalarda da uşaq psixoloqlarını görə bilmirik. Bütün bunlar da gələcək uşaqların psixologiyasının normal formalaşmamasına gətirib çıxarar. Rayonlarda uşaq psixoloqları olsa, hər halda valideynlərlə də danışıqlar aparıb onlara uşaqlarını erkən yaşda ailə qurmağa məcbur etməyin, nə ilə nəticələnəcəyini və ya məktəbdən tez çıxarıb evdə oturtmağın axırının necə olacağını başa salarlar".

Psixoloq düşünür ki, bu cür üsulla 100 faiz olmasa da, 30 faiz valideynə təsir etmək olar. Ancaq təəssüf ki, nə rayon məktəblərində uşaq psixoloqları fəaliyyət göstərir, nə də hansısa bir proqram çərçivəsində bir neçə günlük də olsa, bölgələrdə psixoloqlarla uşaqların görüşləri təşkil edilir. Kəmalə Baxışova deyir ki, belə olan halda evdən qaçan uşaqların nə düşündüyünü, onları evdən qaçmağa nəyin vadar etdiyini bilmirlər.

"Bizim Yol" qəzeti
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.