Cəmiyyət

Bakının ikiüzlü binaları: onlar bizi aldadır?

29 Avqust 2014 19:57
1 Şərh     Baxış: 1 392
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Dünən paytaxtın müxtəlif ərazilərində olub aparılan bu yenidənqurma işləri ilə yerindəcə tanış olduq.

Bakının bir çox ərazilərində, əsasən də yol kənarlarında binaların fasadları təmir olunur və üzlənir. Bundan başqa, doqquzmərtəbəli binaların dam örtükləri də təmir edilir. Beşmərtəbəli binaların dam örtüyü sistemi isə ümumiyyətlə, yenilənir. Belə ki, bu binalarda müasir üslubda taxtadan yeni dam örtüyü qurulur. Binaların təmiri zamanı işlər müvafiq layihə sənədləri əsasında aparılır. Binaların memarlıq görünüşü saxlanılır, aşınmaya məruz qalmış və piyadalar üçün təhlükə yaradan elementlər yeniləşdirilir, möhkəmləndirmə işləri aparılır. Binaların dam örtükləri ilə yanaşı, eyvanları tam yenilənir, yeni orijinal məhəccərlər quraşdırılır. 

Görülən işlərin görünən tərəfi

Paytaxtın müxtəlif ərazilərində aparılan bu cür yenidənqurma işləri zamanı binalar üzlənərkən bura yeni, müasir görkəm verilməsi diqqət mərkəzində saxlanılır. Necə deyərlər, bu, görülən işlərin görünən tərəfi. Görülən işlərin görünməyən tərəfi isə odur ki, binaların yola baxan tərəfi müasir şəkildə yenidən qurulsa da, həyətə baxan tərəfi əvvəlki kimi qalır. Düzdür, bəzi yerdə boyanma işləri aparılıb, amma hər halda yola baxan tərəfi kimi müasir deyil...

Dünən paytaxtın müxtəlif ərazilərində olub aparılan bu yenidənqurma işləri ilə yerindəcə tanış olduq. İlk olaraq Binəqədi rayonu, Azadlıq prospekti və Ə. Naxçıvani küçəsinə yollandıq. Burada prospekt boyu yaşayış binalarının fasadlarının müasir dizaynlı üzlük materialları ilə üzlənməsi demək olar ki, başa çatmaq üzrədir. Ə. Naxçıvani küçəsində isə müvafiq işlərin görülməsi davam etdirilir. Burada binaların yola baxan hissəsi müasir görünüşə malik olsa da, əks tərəfi əvvəlki vəziyyətdə idi.

İddialar

Eyni halın Ziya Bünyadov prospekti boyu üzlənən binaların fotolarını çəkərkən də şahidi olduq. Burada isə beşmərtəbəli binalar fərqli materiallarla, özü də müasir şəkildə yenidən qurulmuşdu. Bəzi binalarda işlər davam etdirilsə də, bəzilərində artıq yekunlaşmışdı.

Burada üzlənməsinə hazırlıq işləri görülən binalardan biri də Ziya Bünyadov prospekti 30 ünvanında yerləşən beşmərtəbəli 1 saylı yataqxanadır. Burada yaşayan məcburi köçkünlər dedilər ki, binanın müasir şəkildə üzlənməsinə hazırlıq görülsə də, işlər müvəqqəti dayandırılıb. Məcburi köçkünlərin iddiasına görə, bunun səbəbi isə binanın qəzalı vəziyyətdə olmasıdır. İddialara görə, binaların üzlənməsini həyata keçirən şirkət yataqxana binası bərbad, köhnə vəziyyətdə olduğu üçün üzlənmə zamanı baş verə biləcək təhlükənin məsuliyyətini üzərinə götürməyib. Hər halda sakinlər belə dedilər.

Ümid edək ki...

Burada fotolar çəkdikdən sonra üz tutduq metronun "Gənclik" stansiyasının ətrafında yerləşən beşmərtəbəli binalar tərəfə. Həmin binalar da qarşı tərəfdən çox möhtəşəm şəkildə üzlənib, işıqlandırma sistemi quraşdırılıb, ancaq arxa tərəfdən əvvəlki kimi qalır. Sonda həmin binaların ön və arxa tərəfdən fotolarını təqdim edirik. Bakıda binaların müasir şəkildə üzlənməsi təqdirəlayiqdir və hər kəsin ürəyincədir. Ümid edək ki, şəhərin digər ərazilərində də binaların üzlənməsi işləri davam etdiriləcək - özü də təkcə binaların qarşı tərəfi yox, həm də arxa tərəfi yenidən qurulacaq...

"Zaman Azərbaycan"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.