Cəmiyyət

Deputat: "Belə bir öpüş səhnəsini qəbul edə bilmərəm"

28 Avqust 2014 15:28
11 Şərh     Baxış: 6 250
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə gün əvvəl Bakının mərkəzində - Nizami küçəsində ("Tarqovi") oğlan və qızın toyqabağı öpüşərək çəkdirdikləri foto  cəmiyyətdə birmənalı qarşılanmayıb

Milli.Az xəbər verir ki, aznews.az-ın əməkdaşı məsələ ilə bağlı Milli Məclisin Sosial siyasət komitəsinin sədri, deputat Hadı Rəcəblinin fikrini öyrənib.

Komitə sədri bildirib ki, vaxtilə qadın və kişilərimiz özündən yaşca böyük insanların - ata və qayınatalarının yanında artıq hərəkətlər etməzdilər. Bu gün isə cəmiyyətdə fərqli hallarla rastlaşırıq: "Əvvəllər gəlin qayınatanın yanında uşağını qucağına götürməzdi, oğlan qayınatasının, atasının yanında həyat yoldaşı ilə danışmaz və yaxud da uşağı ilə mehriban danışmazdı. İnsanlar arasında böyük-kiçik yeri qorunurdu. Təəssüf ki, bu cür qaydalar getdikcə itməkdədir. İnsanlar öz sevgilərini valideyinlərinin yanında bildirirlər".

Açıq-saçıqlığın əleyihinə olduğunu deyən H.Rəcəbli şəhərin mərkəzində gənclərin öpüşdükdən sonra bu olayın ictimailəşdirilməsi hadisəsinə isə belə reaksiya verib: "Ruslarda "qorka" adəti var. Evlənən şəxslər və yaxud sevgililər insanların - valideynlərinin gözləri qarşısında öpüşürlər. Amma bizdə bu cür qaydalar qəbul olunmur. Ola bilər ki, zaman gələcək bizdə də "qorka" kimi qaydalar adiləşəcək. Amma bu ağıla sığan hərəkət deyil. Belə bir öpüş səhnəsinin insanların gözü qarşında baş verməsini qəbul edə bilmərəm".

Deputatın sözlərinə görə, Avropa və digər qərb ölkələrinin bəzilərində ictimai yerlərdə bu cür hərəkətlər artıq qəbuledilməz sayılır: "15-20 il əvvəl Avropanın hər hansısa bir ölkəsinə və yaxud da Türkiyəyə səfərə gedəndə avtobusda, kinoteatırda, dəniz kənarında qızlarla oğlanların öpüş səhnəsini görmək olurdu. Bu cür səhnələr onlar üçün çox adi idi. Amma hazırda həmin yerlərdə belə hadisələrə rast gəlinmir. Mən bu yay Türkiyənin Bodrum şəhərində istirahət etdim. Əvvələr burada açıq-saçıq səhnələrə tez-tez rast gəlinirdi. Amma hazırda belə şeylər, demək olar ki, yoxdur. Bizdə isə indi-indi belə hallara rast gəlinir. Bir gün bunun çox səhv olduğunu anlayacağıq. Qərb artıq bu cür açıq-saçıqlıqdan imtina edir. Azərbaycanda isə belə halların baş verməsini heç vaxt istəmərəm".

H.Rəcəbli vurğulayıb ki, əvvəllər Avropa televiziyalarında seks, erotik filimlər tez-tez göstərilirdi, küçələrdə erotik şəkillər reklam olunurdu. Artıq bu cür çılpaqlıqlardan qərb ölkələri imtina edir. Bunun nə qədər pis nəticə verdiyini Qərb dərk etməyə başlayıb.

Komitə sədri azərbaycanlı gənclərə müraciət də edib: "Gənclərimizi bu cür şit hərəkətlərdən çəkinməyə çağırıram. Onların hər biri Azərbaycan vətəndaşıdır, Azərbaycan kişisi və qadınıdır. Bizdə hər zaman böyük-kiçik yeri qorunub. Ailə dəyərimiz var və bu da hər zaman qorunub saxlanılıb. Bunun nəticəsidir ki, ölkəmizdə möhkəm ailələr formalaşıb. Boşanmaların sayı digər ölkələrə nisbətən çox azlıq təşkil edir".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.