Cəmiyyət

Məktəb xərcləri valideynləri təngə gətirib - FOTO

22 Avqust 2014 11:06
4 Şərh     Baxış: 5 487
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bir ətək pulumuz çıxır, bu, bazarlıq qazancımızın əhəmiyyətli hissəsini təşkil edir"

Yeni dərs ilinə bir aydan da az vaxt qalıb. Artıq valideynlər məktəb bazarlığı barədə düşünür və narahatlıqlar başlayır. Çünki məktəblinin məktəb bazarlığı əhəmiyyətli bir məbləğdir və valideynlər bunun üçün bir neçə ay hazırlaşmalı olurlar.

Bu səbəbdən yeni dərs ili yaxınlaşdıqca valideynlərin həyəcanı artır. Məktəbə gedəcək uşağın geyimi, çantası, iş dəftərləri və digər məktəb ləvazimatlarını almaq üçün nə qədər pul tələb olunduğunu düşünən valideynlər dükan-dükan gəzib harada qiymətlərin nisbətən aşağı olduğunu öyrənməyə çalışır.

Biz də valideynlərin nə qədər xərcə düşdüyünü aydınlaşdırmaq üçün paytaxtın bir neçə yerində məktəbli ləvazimatları satılan dükanlarda olub qiymətlərlə maraqlandıq. Metronun "28 may" stansiyasının yaxınlığındakı yeraltı keçiddə yerləşən topdansatış mərkəzində, "8-ci kilometr bazarı"nda yerləşən topdansatış mağazasında, bazarın özündə bu ləvazimatların qiymətlərini öyrəndik.

"28 may" metro stansiyasının yaxınlığındakı dükanın satıcısı deyir ki, burada qiymətlər şəhərin bütün yerlərindən ucuzdur: "Malı özümüz gətiririk, buna görə qiymətlər digər yerlərdən ucuzdur. Burada mallar topdan və pərakəndə şəkildə satılır. Bol çeşidlərimiz var, məhsullarımız da keyfiyyətlidir. Əsasən, Türkiyə və Dubaydan gətirilən malları satırıq. Böyük məbləğdə mal alana qiymətdə endirim də edirik".

Burada çantaların qiymətləri 20 manatdan başlayaraq 55 manata qədər artır. Satıcı çantaların keyfiyyətli olduğunu bildirməklə yanaşı, qiymətlərin bu qədər baha olmasını məhz bu amilə bağlayır: "Əksər yerlərdə bu qiymətə keyfiyyətsiz çantalar satılır ki, onlar az keçməmiş yararsız hala düşür".

Burada 12 vərəqli dəftərlər 10 qəpiyədir, 20 qəpiyə Rusiya istehsalı olan 12 vərəq dəftərlər də var. Gündəlik 80 qəpiyə, dəftər üzləri 20 qəpiyədir. Qələmlər 10 qəpikdən başlayıb 40 qəpiyə qədər bahalaşır, sadə karandaşın da ən ucuzu 20 qəpikdir. Pozan 20-80, karandaşyonan 80 qəpiyə, albom 50 qəpikdən 1 manat 50 qəpiyə qədər qiymətə təklif edilir.

Rəngli karandaşların qiyməti 1 manatdan başlayıb 5 manata qədər artır, plastilinin də ucuzu 1 manatdır. Burada bütün növ məktəb ləvazimatlarının geniş çeşidi alıcılara təqdim olunur. Satıcı alıcılarının da çox olduğunu bildirir.

Mağazadakı alıcılar isə bildirirlər ki, burada qiymətlər digər yerlərdən ucuz olduğundan, bir neçə ildir ki, bu məkandan məktəb bazarlığı edirlər. Birinci sinfə gedəcək Nurlanın anası isə bildirir ki, məktəblərin açılmasına az müddət qalsa da, hələ övladına heç nə ala bilməyib: "İndi gəlmişəm ki, heç olmasa dəftər-qələmini alım. 30 manatdan çox pul xərcləmişəm, hələ bitməyib. Hələ bunu digər xərcləri də var".

Leyla adlı xanım isə deyir ki, iki uşağı məktəblidir və onları məktəbə yola salmaq təxminən iki yüz manata başa gəlir: "Dəftər, qələm, iş dəftəri... Üstəlik məktəbli forması, ayaqqabı. O qədər xərc var ki. Bilmirsən necə çatdırasan".

"8-ci kilometr bazarı"nda yerləşən topdansatış mağazada da qiymətlər münasibdir. Buradan məktəb bazarlığı edən vətəndaşlar da deyirlər ki, qiymətlər kiçik dükanlara nisbətən ucuzdur. Fərqanə xanımın sözlərinə görə, iki övladı məktəblidir və onların xərci 200-250 manat tutacaq: "Təxmini hesabladım. Məktəbli formaları 52 manatdır. Hərəsinə ona yaxın iş dəftəri, o qədər də test kitabı lazım olacaq. Üstəlik, ucuz çantalar bir ay sonra cırılır. Məcbursan ki, nisbətən bahalı çanta alasan. Mən hər uşağa 30 manata olan çantadan aldım, bəlkə bununla ili başa vuralar".

Bu dükanda isə əsasən qiymət fərqi çantalardadır. Çantalar 10 manatdan başlasa da, satıcı onu almağı məsləhət görmür. Satıcının məsləhət gördüyü çantalar 35 manatdan başlayır və Türkiyə istehsalı kimi təqdim edilir. Çexiya istehsalı olan çantalar isə 85 manatadır. Bəzi alıcılar isə ucuz çantaların keyfiyyətindən narazılıq etsələr də, almağa məcbur olduqlarını deyirlər: "Başqa əlacımız yoxdur. Bir neçə uşağın məktəb xərci neçə aylıq qazancımıza bərabərdir".

Satıcı isə bildirir ki, ən çox yük birinci sinif şagirdlərinin valideynlərinin üzərinə düşür: "İş dəftərləri baha, say çöpü, hesablayıcı, əmək qovluğu kimi o qədər kiçik şeylər lazım olur ki, sonunda valideyn bir ətək pul xərcləyir".

Satıcı deyir ki, bir neçə gündür alıcıların sayı artıb: "Sentyabrın 1-dən daha da sıxlıq olacaq". Dükandakı alıcılar isə əsasən iş dəftərlərinin bahalığından şikayətləndilər. "Uşağım birinci sinfə gedəcək, 7-8 iş dəftəri almalıyam. İş dəftərlərinin qiyməti 3 manatdan başlayır, 5 manata qədər qalxır".

Satıcıların sözlərinə görə, bir məktəblinin iş dəftəri üçün valideyn 25-30 manat pul xərcləməlidir. Üstəlik, alıcılar deyirlər ki, məktəblərə verilən əksər dərsliklər köhnə olduğundan, yenisini almaq məcburiyyətində qalırlar. Bu da hər kitab üçün beş manat pul deməkdir. "Heç olmasa, Azərbaycan dili və riyaziyyat dərsliklərini almalıyıq". Satıcı isə deyir ki, üstündə "pulsuz" yazılan kitabları bir qədər ucuz sata bilirlər, amma qiymət üstündə olan kitablarda endirim etmək mümkün olmur və alıcılar üçün vəziyyət daha da çətin olur.

Qeyd edək ki, bir çox satıcılar iş dəftərlərinin şagird üçün o qədər də lazım olmadığı, sadəcə pul tələsi olduğu qənaətindədir: "İş dəftərlərindən şagird o qədər də istifadə etmir, ildə bir neçə dəfə lazım olur. Bunu valideynlər də bilir, müəllimlər də deyir. Ancaq Təhsil Nazirliyi müəllimləri məcbur edir ki, valideynlərə iş dəftərləri almağı tapşırsınlar. Bu, pul tələsidir. Dərsliklər pulsuz verildiyindən, pul qazanmaq üçün başqa vasitə tapıblar - iş dəftərləri satmaqla itirdikləri gəliri kompensasiya edirlər".

Satıcılar bildirirlər ki, bir uşağın iş dəftərləri və çanta daxil olmaqla məktəb ləvazimatı üçün azı yüz manat vəsait lazımdır.

Qeyd edək ki, hər il dərs ilinə bir neçə həftə qalmış məktəbli ləvazimatları ilə bağlı bahalıq problemi yaşansa da, aidiyyəti qurumlar vəziyyətə nəzarət etməkdə acizdir. Məsələn, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tez-tez vəd versə də, məktəbli ləvazimatlarının satışını həyata keçirən obyektlərdə monitorinq keçirmək istəmir.

"Yeni Müsavat"

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.