20 avqustda Azərbaycanın bəzi rayonlarında son 100 ilin rekord istiləri qeydə alındı. Bir çox bölgələrdə, temperatur insan sağlamlığı üçün təhlükəli olan dərəcəyə çatdı. Bu istilərdən ən çox əziyyət çəkənlər isə, açıq havada, günəş şüaları altında çalışanlar oldu. Bəs, ölkə qanunvericiliyi bu kimi hallarda, işçilərin əmək hüquqlarının qorunması üçün nə nəzərdə tutub?Qızmar günəş altında çalışanların yanan əmək hüquqları
Hər hansı bir fəhlənin günorta saatlarında, açıq havada qızmar günəş şüaları altında çalışması düzgündürmü?
Sualımıza aydınlıq gətirən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov qeyd etdi ki, sözügedən halda iş dayandırılmalı, bu mümkün olmadıqda isə önləyici tədbirlər görülməlidir: "Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə, əgər havanın temperaturu 41 dərəcəni keçirsə, bu zaman havanın süni surətdə tənzimlənməsi mümkün olmayan yerlərdə, açıq havada, kondisioneri olmayan yerlərdə iş dayandırılmalıdır. Ancaq elə iş yerləri var ki, orada işi dayandırmaq mümkün deyil. Bu zaman işəgötürən əlavə tədbirlər görməlidir. Məsələn, işçilərə sərinləşdirici içkilər vermək, istidən qorunmaq üçün xüsusi baş örtüyü, həsir papaqlar paylamaq, işçiləri qorumaq üçün çətirlər quraşdırmaqla kölgəlik yaratmaq və sair. İşəgötürən maksimum çalışmalıdır ki, işçinin səhhətinə zərər dəyməsin. Çünki istinin və günvurmanın da fəsadları çox ağırdır, hətta ölümlə nəticələnə bilər. İşə götürən işi dayandırmırsa və ya bu cür tədbirlər görmürsə, bu zaman o, əməyin mühafizəsi qaydalarını kobud şəkildə pozmuş olur və buna görə, inzibati xətalar məcəlləsində nəzərdə tutulmuş müddəalarla məsuliyyət daşıyır. Ağırlaşdırıcı halda isə, əgər ölüm hadisəsi baş verərsə, cinayət məsuliyyətinə cəlb oluna bilər".
Ekspert qeyd edib ki, əməyin mühafizəsi işinə Dövlət Əmək Müfəttişliyi nəzarət edir və onun ixtiyarı var ki, belə işəgötürənlərə qarşı sərt inzibati tədbirlər görsün, hətta həmin iş yerinin fəaliyyətini müəyyən müddət dayandırmağa da səlahiyyəti çatır: "Ancaq mən müşahidələrimə əsaslanıb deyirəm ki, hər yerdə, açıq havada günəş şüaları altında iş davam etdirilir. Düzdür, bu məsələyə görə, məsuliyyət və səlahiyyət sahibi Dövlət Əmək Müfəttişliyidir, ancaq onların da işçilərinin sayı 263 nəfərdir. Onlar istəsələr belə hər yerdə nəzarəti həyata keçirmək imkanında deyillər. Əlbəttə ki, reydlər keçirilməlidir, tədbirlər görülməlidir.
Ancaq digər tərəfdən onların da səlahiyyəti məhdudlaşdırılıb, fövqəladə hadisələr istisna olmaqla, onlar iş yerlərinə xəbərsiz gedə bilməzlər. Bu işəgötürənlərə imkan yaradır ki, əvvəlcədən əmək müfəttişliyinin gəlişindən xəbər tutsunlar və tədbir görsünlər. Ancaq yenə də, Əmək Müfəttişliyi əməkdaşları insan sağlamlığı üçün təhlükəli olan belə havalarda müəyyən tədbirlər görməyə borcludurlar".
Qeyd edək ki, 20 avqustda, günorta saatlarında Dövlət Əmək Müfəttişliyi açıq hava şəraitində çalışanların sağlamlığının qorunması üçün, aidiyyatı işəgötürənlərə saat 17:00-a kimi işlərin dayandırılması ilə bağlı göstəriş verib.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə modern.az-a bildirib ki, dünənə qədər Bakı şəhərində 41 dərəcə isti müşahidə olunmamışdı: "Rəsmi məlumat bu gün verilib. Bu gün Bakı şəhəri və respublikanın digər rayonlarında tapşırıqlar vermişik, saat 10:30- dan müfəttişlərimiz ərazidədirlər. Əgər açıq hava şəraitində, günün altında sahibkarlar öz işçilərini işlədirlərsə, biz işçilərin sağlamlığı üçün həmin dəqiqə o işi dayandıracağıq və nəzərdə tutmuşuq ki, saat 17-ə kimi işlər dayandırılsın".
Qeyd edək ki, Əmək Qanunvericiliyinin 233-cü maddəsində soyuq və isti hava şəraitində fasilələrlə işin dayandırılması nəzərdə tutulub. Əgər isti hava şəraitində temperatur 41 dərəcənin üzərindədirsə, açıq hava şəraitində iş dayandırmalıdır. Əgər iş örtülü yerdədirsə və sərinləndirici vasitələr yoxdursa, bu halda da fasilələr verilməli və ya iş dayandırılmalıdır.
Ancaq buna baxmayaraq, paytaxt Bakıda, xüsusən də tikinti sektorunda iş davam etdirilib və heç bir önləyici tədbirlər görülməyib.
"Yeni Müsavat"
Böyütmək üçün şəkillərə klikləyin.