Cəmiyyət

Palma yarpaqlarından bu günə...

21 Avqust 2014 12:39
0 Şərh     Baxış: 1 812
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kondisioner barədə bilmədiklərimiz

"Dostlar, bəlkə onu bir az söndürək? Burnum axmağa başladı..." "Söndürsəniz, onda da mən öləcəm".... Gün ərzində ofisdə, evdə buna bənzər dialoqlar tez-tezmi yaşanır? Bayırda şkala 42 dərəcəni göstərir, içəridə 27... Bu, divardan asılan o iri texnikanın xidməti sayəsindədir. Amma günümüzə gələnə qədər bəşər övladı istidən necə, hansı formada qorunub? Kondisioneri kəşf edən o dahi kimdir, bizi bu istilik bəlasından necə qurtarıb? Bu aləti xilaskar adlandırmaqda tələsmirik ki?

Əvvəl palma yarpaqları, qapının ağzında yaş əskilər vardı...

Ondan başlayaq ki, kondisionerin tarixi insanlıq tarixi qədər qədimdir. İlk insanlar bədən temperaturlarını qoruya bilmək və şəxsi komfort yaratmaq üçün heyvan dərilərindən istifadə edirdilər. Daha sonra misirli ali təbəqə palma budaqları ilə onları yelləyən əsirlərin xidmətlərindən istifadə etdi. Romalılar isə məşhur hamamlarda ventilyasiya və isitmə sistemlərindən istifadə etdilər. Amma evin sərinləməsi üçün daha praktik üsullardan yararlananlar da olub. Keçmişdə insanlar qapıların ağzına yaş həsirlər asır və ya yaşadıqları məkanı daha sərin etmək üçün çıxış yolları axtarırdılar.

Orta əsrlərdə Leonardo Da Vinçi yaxın bir dostunun evinin otaqlarını havalandırmaq üçün su gücü ilə işləyən bir alət hazırladı. Bir çox mənbələrdə qeyd edilir ki, əslində Da Vinçi öz rəhbərinin həyat yoldaşının otağın sərinləşdirmək üçün bu əziyyətə qatlaşıb. Su gücü ilə işləyən sistem bu gün istifadə etdiyimiz kondisionerin funksiyasını yerinə yetirməkdə idi.

Ventilyasiya və mərkəzi isitmə 19-cu əsrdə sürətlə inkişaf edib. Buxar qazanları, radiatorlar icad edildi və istifadə edilməyə başlandı. 1844-cü ildə U.S. Marine Xəstəxanasının rəhbəri yeni soyutma aparatını tanıdıb. 1851-ci ildə isə 8080 patentini alıb. Bu, dünyadakı ilk ticari soyutma və havalandırma aparatı olub.

Kondisionerin əsl atası - 1902-ci ildə mətbəənin sifarişi ilə əsl kondisionerlər kəşf olunub

Kondisionerin əsl "atası" isə Vills H.Karrierdir. Kondisioner industriyasının bütün hesablamalarında bir avtoritet kimi qəbul edilən Karrier 1902-ci ildə ilk dəfə mətbəənin sifarişi ilə soyutma maşını adlı aparatı kəşf edib. 30 tonluq bu alətdən 2 il sonra o, öz icadını təkmilləşdirmək üçün əməliyyata başlayıb. 1904-cü ildə hava püskürdən kondisioner icad edib və bu icadın patentini 1906-ci ildə alıb. Bu icadın kütləvi şəkildə istehsalına isə 1920-ci illərin sonlarından başlanılıb.

Kondisionerin istifadə olunduğu ilk böyük sahə 1920-ci illərdə teatrlar olub. Daha bir yenilik isə 1930-cu ildə Düpon şirkətindən Tomas Midqleyin freon kondisionerə yaxın bir alət olan - otaq soyuducusunu inkişaf etdirməsi olub.

Sürətlə davam edən texniki inkişaf nəticəsində 1950-ci illərdən etibarən split tipli kondisioner cihazları istifadə olunmağa başlanıb. 1928-ci ildə Amerika Konqresinin binası, 1929-cu ildə ABŞ senatının binası kondisionerlə təmin olunub.

Daha bir detalı da yadda saxlayaq. Keçmiş SSRİ-də ilk kondisioner zavodu 1970-ci illərdə Bakıda tikilib. Maraqlıdır ki, məhz bu zavodun işçiləri üçün də Bakının Gənclik metrosu həndəvərində xüsusi binalar tikilib. Bu zavod Yaponiyanın "Hitachi" firmasının lisenziyası əsasında məişət kondisionerləri hazırlayıb. 80-ci illərdə Bakı kondisionerləri zavodu ildə 400-500 min ədədə qədər məhsul buraxıb.

Kondisioneri vaxtlı-vaxtında təmizləməsən...


Yay və qış aylarında mütəmadi olaraq istifadə etdiyimiz hava kondisionerlərinin bəzən insan sağlamlığı üçün təhlükəli xəstəliyə yol açdığı araşdırmalar sonunda məlum olub.

Mütəxəssislər bildirirlər ki, vaxtında təmizlənməyən kondisionerlərin istifadə olunduğu mühitdə yaranan mikroorqanizimlər astma, bəzi allergiya xəstəlikləri və s. kimi xəstəliklərə yol aça bilər. Bunlarla yanaşı kondisionerlərin ağ ciyər və digər sistem xəstəliklərinə səbəb olduğu da müəyyən olunmuşdur. Yaxşı təmizlənməyən kondisionerlərdə yaranan və "Legionella pneumophilia" adı verilən bakteriyanın sətəlcəmə yol açdığı bildirilir.

Kondisionerlər vasitəsi ilə yaşadığımız mühitin temperaturunu qısa bir zamanda artırıb azaltmaq isə bəzi əzələlərin tutulması və ya ağrıması ilə nəticələnir. Mütəxəssislər bildirirlər ki, tez-tez kondisionerlərini təmizləsinlər və yatarkən ondan ümumiyyətlə istifadə etməsinlər. Gündüzlər isə ev soyuduqdan sonra 15 dəqiqə fasilə ilə işlətsinlər ki, kondisionerin mənfi təsirindən az da olsa uzaqlaşsınlar.

Mütəxəssislər müəyyən edib ki, bu halda mikroorqanizmlər yuxarı tənəffüs yollarında, ağciyərlərdə bir sıra ağır fəsadlara, hətta sətəlcəmlərə gətirə bilər. O da qeyd edilir ki, təmizlənməyən kondisionerlərdən istifadə zamanı allergik soyuqdəymə, astma kimi xəstəliklərin sayı artır.

Böyük iş yerlərində yaz-yay aylarında kondisionerdən səhv istifadə nəticəsində iş itkisi də yaşanır. Yaxşı təmizlənməyən kondisionerlərdə ortaya çıxan "Legionella pneumophilia" bakteriyası sətəlcəmə səbəb olur. Eyni zamanda kondisionerin yaratdığı hərarətlə çöldəki istiliyin kəskin fərqlənməsi nəticəsində (fərq 7-8 dərəcədən artıq olmamalıdır) əzələ tutulmaları, üz iflici (parez) və ağrılar meydana gələ bilər.

Kondisionerlərin səbəb olduğu legionella mikrobu təbiətdə, su qaynaqları içərisində və nəmli mühitlərdə var. Təbiətdən binaların su sistemləri içərisinə yerləşən mikrob, uyğun mühitdə sürətlə çoxalır və su zərrəcikləriylə insanların ağ ciyərlərinə daxil olaraq sətəlcəmə səbəb olur. Bu cür hava ilə mütəmadi nəfəs alan adamda 2 -10 gün arasında qızdırma, halsızlıq, əzələ ağrıları, iştahasızlıq, baş ağrısı kimi əlamətlər ortaya çıxır. Ancaq əksəriyyətində ilk diqqəti çəkən əlamət öskürəkdir.

Başlanğıcda quru və yüngül olan öskürək qanlı bəlğəmlə müşayiət oluna, nəfəs almada çətinliyə gətirə bilər. Xəstələrin 20 faizində qızdırma 40.5 həndəvərində olur. Xəstəliyə ən çox körpələr, yaşlılar, siqaret narkomanları, spirtli içki aludəçiləri, ürək-damar, xroniki bronxit, diabet və böyrək xəstələri, immunitet sistemi zəifləmiş şəxslər həssas olurlar.

Xəstəliklərdən qorunmaq üçün kondisionerlər, ventilyasiya sistemləri, su anbarları, bağlı sahələrdəki hovuzlar, duş başlıqları ilə bəzi tibbi alətlər diqqətlə nəzarətdən keçirilməlidir. Kondisionerin işləməsi nəticəsində havadakı rütubət azaldığı və quru havanın çəkisi artdığından burun içi toxumalarda və boğazda zədələnmələr yarana, infeksiyalar baş qaldıra bilər.

Bu cür mənfi təsirlərin görülməməsi üçün mümkün qədər təbii ventilyasiya ilə kifayətlənmək lazımdır. Çox lazım olmadıqca kondisioner yerinə məkandakı pəncərə və qapıları açıb havanı dəyişmək məqsədəuyğundur. Kondisioner işləyərkən ona ən yaxın məsafə 2 metrdən çox olmamalıdır.
Kondisioner, gün ərzində mümkün qədər az istifadə edilməli və mühitdəki nəm havanın miqdarını artırmaq üçün vaxtaşırı təbii ventilyasiya həyata keçirilməlidir.

Havanın temperaturu 40 dərəcədirsə, kondisioner 35 dərəcə olmalıdır...


Kondisionerin səbəb olduğu narahatlıqların qarşını almağın yolu havanı yavaş-yavaş soyutmaqdan keçir. Ümumiyyətlə, istidən böhrana düşənlər, adətən qısa zamanda sərinləşmək istəyirlər. Halbuki, kondisionerlərdən mühiti müəyyən zamanlarda yavaş-yavaş soyutmaq üçün istifadə edilməlidir. Məsələn, çöldə istilik 40 dərəcə isə kondisioner işlədiləcək mühitdə istiliyin 5 dərəcə salınması daha uyğun sayıla bilər. Kondisioner istifadə edilən mühitdə siqaret çəkmək də zərərlidir. Bu, xroniki ağ ciyər xəstəliklərini, immunitet sisteminə təsir edən müxtəlif xəstəlikləri və sətəlcəm riskini artıran faktorlar arasındadır.

"Yeni Müsavat"
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.