Cəmiyyət

"Əvvəllər çəkməçi idim, indi isə pinəçi"

20 Avqust 2014 23:35
0 Şərh     Baxış: 3 604
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Müsahibimiz 44 ildir pinəçiliklə məşğul olan Ramiz Əhmədovdur. Ramiz usta 1944-cü ildə Lənkəran şəhərində anadan olub. 26 yaşından başlayaraq, pinəçiliklə məşğul olmağa başlayıb. Əvvəlcə, onu qeyd edək ki, Ramiz usta yay vaxtlarında yol kənarında öz işini görür. Onun sözlərinə görə, yayda açıq havada işləmək ona daha rahatdır.

"Həmişə bu sənətlə məşğul olmuşam"

Ramiz Əhmədov deyir ki, özünün həvəsi olub bu sənəti öyrənməyə: "Böyük nənəm (nənəsinin anası) məni apardı bir ustanın yanına, orada başladım öyrənməyə. 4 il onun yanında işlədim. Sonra başladım sərbəst özüm işləməyə. Həmişə bu sənətlə məşğul olmuşam. Ailəmi bununla dolandırmışam. Qazancımdan da razıyam. Tər tökürəm. Yəni halal işdir. Elə istirahətimi də burada edirəm. Dostlarımla söhbət edirəm, vaxt keçirirəm".

Ramiz usta deyir ki, əvvəlki illərdə, yəni sovet dönəmində daha çox müştərisi olurdu: "O vaxtlar həm çəkməçilik edirdim, həm də pinəçilik. Yəni həm təzə ayaqqabı tikirdim, həm də təmir edirdim. Amma indi müştəri azalıb. Ancaq təmir edirəm. Yəni daha çəkməçilik etmirəm, ancaq pinəçilik edirəm.

Həmsöhbətimiz deyir ki, müştərisinin azalmasının əsas səbəbi Çindən gətirilən ucuz ayaqqabıların çoxluğudur: "Əhali ucuzluğuna görə Çin ayaqqabılarına maraq göstərir. Həmin ayaqqabılar dəridən hazırlanmır. Bu da insana ziyandır. Şəxsən mən dəri ayaqqabı seçirəm. Onu da deyim ki, Çin istehsalı olan ayaqqabılar qısa müddətdə zay olur. Ancaq biz qabaqlar ayaqqabıları 3 il geyinərdik. Sonra təmir edib, yenə də geyərdik".

"Bikar qala bilmirəm"

Usta deyir ki, insan gərək zəhmətkeş olsun. O, 70 yaşında da zəhmətdən əl çəkməməsini belə izah edir: "Pensiyadayam. Ancaq bu işə də vərdiş etmişəm. Bikar olanda darıxıram. İşləmək istəyirəm. Bikar qala bilmirəm. Öyrənmək istəyənlərə də bu işin sirlərini öyrədə bilərəm. Öyrətmişəm. Amma indi istəyən yoxdur. Öz övladım isə bərbərliklə məşğuldur".

Onun cavanlara tövsiyəsi belə oldu: "Sənət öyrənmək yaxşıdır. Gələcəkdə insan üçün çörəkdir. Necə deyərlər, padşahın da sənətkara ehtiyacı var. Sənətin olsa, çörək qazanarsan. Amma sənəti olmasa, pis vərdişlərə gedər insan".

Həyatından razı olduğunu deyən Ramiz usta son olaraq bunları dedi: "Şükürlü olmaq lazımdır. Allahı tanımaq lazımdır. Düzgünlük, halallıq olmalıdır. İnsanlar gərək həyatda zəhmət çəksinlər".

"Zaman Azərbaycan" 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.