Cəmiyyət

Universitetə girməyin ən asan yolu

13 Avqust 2014 13:27
1 Şərh     Baxış: 2 423
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Qonşuluğumuzda arıq, çəlimsiz, eynəkli Aynur adlı bir qız vardı. Bu qızı ancaq məktəbə və müəllim yanına gedəndə görə bilərdik. Son illər həyətə düşmədiyində binadakı qızlarla rəfiqəlik etdiyini nə görmüşdük, nə də ki eşitmişdik. Məktəb yaşına çatanadək səs-küyündən evdə otura bilmədiyimiz bu qızın varlığını artıq bütün binanın sakinləri unutmuşdular. Evin bir küncünə çəkilib gecə-gündüz oxuyan Aynurun evdə olub-olmadığını bəlkə də valideynləri də hiss etmirdilər. Aynur yüksək balla ali məktəbə qəbul olduğunu, daha sonra qızıl medal aldığını sevinclə bizə xəbər verməsəydi, yadımıza düşməzdi.

Anspress-in məlumatına görə, təhsil naziri Mikayıl Cabbarovun iki gün əvvəl imzaladığı qərarla axırıncı dərs ilinin yekunlarına görə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran 176 nəfər qızıl, 25 nəfər isə gümüş medala layiq görülməsi, digər həmyaşıdlarından fərqli olaraq gecə-gündüz oxuyub qızıl medal alan şagirdlər üçün imtiyazları gündəmə gətirib. Qızıl medalla təltif olunanlar arasında bu il qəbul imtahanlarında maksimum nəticə göstərən 9 abituriyentdən 5-i məhz qızıl medala layiq görülənlərdir.

Bu fakt bizi düşündürməyə vadar edir: məktəb illərində özünə əziyyət verməyib güc-bəla ilə attestat alanlarla bir yerdə eyni səviyyədə imtahan verməsi nə dərəcədə düzgündür? Ali məktəbə qəbul olarkən onlara hansısa güzəştlərin nəzərdə tutulmaması hansı məntiqə sığır? Axı belə halda 11 il əziyyət çəkib göz nuru ilə qazanılmış qızıl medal mücrünün bir küncünü bəzəməkdən başqa bir şeyə lazım olmur.

Heç uzağa getməyək, 23 il əvvəl dağılan SSRİ dövründə isə hər şey dediyimiz kimi idi, orta məktəbi qızıl medalla bitirənlər imtahan vermədən ali məktəblərə qəbul olunurdular. Qızıl medal o vaxt əlaçı şagirdlər üçün çox dəyərli bir stimul idi. İndi qızıl medal alan şagirdlərin imtahansız ali məktəblərə qəbulunun dayandırılması şagirdləri ruh düşkünlüyünə sala bilər. Yəni 11 il əla qiymətlərlə oxuyan şagird sonda kiçik suvenir parçası alacağını və qəbul imtahanda yenidən özünü sübut etməli olduğunu biləcək. Sagird istər-istəməz məktəbdə tədris olunan fənlərə deyil, qəbulda ona lazım olan fənlərə diqqətini yönəldəcək. Bu isə şagirdin ümumi səviyyəsinin aşağı düşməsinə gətirib çıxaracaq.

Təhsil üzrə ekspert Şahlar Əsgərov isə hesab edir ki, orta məktəbləri bitirən məzunlar arasında qızıl medal alanların sayı çox az olduğundan onlar ali məktəblərə imtahansız qəbul olunmalıdırlar: "Amma bir şərtlə ki, şagird qızıl medala həqiqi savadı nəzər alınaraq görülsün. Yəni burada məktəb direktorunun və digər aidiyyatı şəxslərin xüsusi marağı olmasın".

Təhsil eksperti Məlahət Mürşüdlü məktəbdə qızıl medala layiq görülən abituriyentlərin imtahandan azad edilməsinin tərəfdarı olmadığını deyir: "Medal almaq o demək deyil ki, bu uşaq qəbul imtahanlarından azad olunmalıdır. Sovet dövründə bu yayılmışdı, elə bundan sonra da valideyinlər bu medalları məktəblərdən almaq üçün yarışdılar. Onlar bilik yarışına yox, rüşvət yarışına çıxdılar. Belə bir neqativ hallar meydana çıxdıqda onun qarşısını almaq qeyri-mümkün oldu, bu pul verib medal almaq sistem halına çevrildi. Mən düşünürəm ki, bu gün bu güzəştin tətbiq edilməməsi düzgündür. Çünki bu baş versə, rüşvətxorluq yenidən baş qaldıracaq".

Məlahət xanım hesab edir ki, təhsildə heç bir güzəşt olmamalıdır: "Şagirdin 11 il ərzində oxuması, özünü məktəbdə aparması, tərbiyəsi qızıl medalla qiymətləndirilir. Bu uşağın avtobioqrafiyasını ömür boyu bəzəyəcək".

Təhsil ekspertinin dediklərində həqiqət olsa da belə düşünürük ki, qızıl medal təkcə şagirdin avtobiaqrafiyasını bəzəmək üçün verilməməlidir. İstənilən halda TQDK-nın keçirdiyi qəbul imtahanı ilə attestat imtahanları birləşdirilərək vahid imtahan tətbiq edildikdən sonra şagirdlərin aldıqları qızıl medalın əhəmiyyəti artacaq. Belə ki, şagird test imtahanında 3 saat ərzində biliyini nümayiş etdirir, qızıl medal isə şagirdin 11 illik nümayiş etdirdiyi biliyə verilən qiymətdir. 11 illik biliyə verilən qiymət isə mütləq qiymətləndirilməlidir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.