Cəmiyyət

Azərbaycanda bəzi dağ çayları quruyub

7 Avqust 2014 14:43
3 Şərh     Baxış: 2 116
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu ilin yay aylarında havanın isti və yağmursuz keçməsi İsmayıllı, Qəbələ, Ağsu və Şamaxının bir çox dağ çaylarının qurumasına səbəb olub

APA-nın xəbərinə görə, xırda çaylarla yanaşı, Ağsu və Girdiman çaylarının da bu il ilk dəfədir ki, quruması hamını təəccübləndirib. Ağsu və Kürdəmirdə 30-dan çox kəndin su mənbəyi olan bu çayların quruması kənd təsərrüfatını iflic vəziyyətə salıb.

Yerli sakinlər qeyd edirlər ki, Ağsu çayı həmişə gursulu olub. Sonuncu dəfə onun qurumasına 1998-ci ildə rast gəlinib. Amma həmin ilin yayında çayın suyu qurusa da, bu, qısa müddət davam edib. Hazırda isə çay son iki ayda su üzünə həsrətdir. Quraqlıqdan çayın yatağında irili-xırdalı çatlar əmələ gəlib.

Ağsu çayı rayonun Bico, Qəşəng, Ləngəbiz, Gəgəli, Navahı və daha 8 kəndin kənd təsərrüfatını su ilə təmin edir. Hazırda çayın quruması nəticəsində bu kəndlərin əkin-biçin sahələri, otlaq sahələri, eləcə də meyvə ağacları susuzluqdan quruyaraq məhv olur.

Kənd sakinləri deyirlər ki, 20 il bundan əvvəl kəndlərdə 3-4 ədəd su artezianları olub və suya ehtiyac yaranan kimi onlardan bəhrələniblər. İndi artezian qurğuları tam eroziyaya uğrayıb və istifadəsizdir. Digər tərəfdən isə kəndlərdən keçən və mənbəyini çaydan götürən su arxları da tam quruyub.

Hazırda Ağsunun 53 kəndinin hər biri su çatışmazlığından əziyyət çəkir. Bunu son aylarda həddən artıq quraq və isti hava şəraiti ilə əlaqələndirən Ağsu rayon Suvarma Sistemləri İdarəsinin rəisi Azər Zərbəliyev APA-ya bildirib ki, bu il vəziyyət daha ağırdır. Onun sözlərinə görə, Girdiman və Ağsuçayda suyun olması üçün yalnız yağışın yağmasını gözləmək lazımdır. O, bir neçə kəndi suvarma suyu ilə təmin edən Cavanşır gölündəki su ehtiyatının da belə getsə 10-15 günə tükənəcəyini söyləyib.

Qeyd edək ki, isti və quraq hava səbəbindən son vaxtlar Şamaxının Pirsaat çayı, İsmayıllının Ax-ox çayı və Qaraçay çayı, Qəbələnin Mirzəbəyli çayı, Dəmiraparan çayı, Vəndam çayı, Yeddi Gözəl şəlaləsi də quruyub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.