Cəmiyyət

Biz hamıdan az oxuyub, hamıdan çox istirahət edənlərik...

7 Avqust 2014 12:24
0 Şərh     Baxış: 2 393
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təhsil nazirinin "14 iyun" yeniliyi və dünya təcrübəsi

Uzun zamandır müzakirə mövzusu olan dərs ilinin uzadılması məsələsi ilə bağlı qərar verilib. Növbəti ildən tədris ilinin nə vaxt başlayıb və nə vaxt bitəcəyi məlum olub. Sentyabrın 15-də başlayacaq dərs ili iyunun 14-nə qədər davam edəcək. Artıq Təhsil Nazirliyi dərs ilinin uzadılması ilə bağlı, şagirdlərin tətil günləri, dərs bölgüsünün düzgün bölüşdürülməsini özündə əks etdirən konkret təkliflərin toplandığı planı hökumətə təqdim edib.

Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov bildirib ki, ümumtəhsil məktəblərində tədris həftələrinin sayı 32,8 olub. Bu, həftənin beş günü işləyən məktəblərdə 164 gün, altı gün işləyən məktəblərdə isə 197 gün deməkdir.

Xəbəri televiziya vasitəsilə eşidəndə ətrafımda təxminən 6-7 valideyn vardı. Hamısının etirazları cümlə-cümlə yadımdadır: "Bunlar niyə bizi əziyyətə salırlar?", "Tədris ilini əlavə 15 gün artırmaq nəyi dəyişəcək? Onsuz da məktəblərdə dərs keçilmir" tipli etirazlar əslində Azərbaycanda təhsil sisteminin valideynlər üçün necə uğursuz olduğunu bir daha sübut edir.

Cəmiyyətdəki rəyləri nəzərə alaraq dünya ölkələrində tədris ilinin müddəti ilə maraqlandıq. Məlum, bizdə həm də tətillərin, bayram günlərinin sayı çox olduğundan il ərzində şagirdlərin istirahət imkanı çox olur. Amma təhsilinə qibtə etdiyimiz ölkələrdə vəziyyət bundan xeyli fərqlidir.

Təhsilinə qibtə etdiyimiz ölkələrdə tədris ili və tətillər

Amerikada tədris ili 180 gündür. Məktəblilərin yay tətili 9-11 həftə çəkir. Milad bayramında 1,5-2 həftə, Şükran Günü bayramında 2-3 gün, Pasxa bayramında isə 2-5 günlük kiçik tətillər olur.

Danimarka, Fransa və İngiltərədə yay tətili 6 həftə olur. Bu ölkələrin ara tətilləri də (rüblük) cəmi 5 gündür. İsveçdə tədris ili iyunun ortasından avqustun ortasınadək davam edir. Milad bayramı ilə bağlı 15 günlük tətil İsveç məktəblilərinin dərs ilini iki hissəyə bölür. Yaponiyada ildə iki böyük tətil - martın sonundan aprelin əvvəlinə və iyulun sonundan avqustun sonuna kimi nəzərdə tutulub. Yay tətili ilin ən uzun tətilidir. 24 dekabrdan 7 yanvara qədərsə ənənəvi qış tətilidir.

Kanadada yay tətili iyul-avqustu əhatə edir. Qış tətili isə cəmi 2 həftə olur. "Marta Break" adını daşıyan yaz tətili isə martın üçüncü bazar ertəsindən başlayıb bir həftə sürür. Almaniyada yay tətili 6 həftədən çox olmur. Pasxa bayramında 2, payızda 1 həftəlik tətil, habelə dekabrın sonundan yanvarın ilk ongünlüyünə qədər davam edən qış tətilindən başqa tətil yoxdur. Norveçdə dərs ili avqustun son həftəsindən başlayır və iyunun ortasına kimi davam edir. Qış tətili və Pasxa bayramı da 1 həftəlik tətillərlə müşayiət olunur.

Azərbaycanda isə il ərzində şagirdlərə 3 ay 15 gün yay, Yeni il və Novruz bayramlarında isə hərəsi 1 həftə olmaqla istirahət verilir. Yəni ildə 4 ay.

İngiltərədə tədris ili 38 həftə davam edir. Yəni yayda 6, Milad və Pasxa bayramlarında isə 2-3 həftə tətil olur. Orada tətillərin müddəti keçilən dərslərin saatları ilə də mütənasibdir. ABŞ-da səhər saat 8:30-da başlayan dərs 16:00-da qurtarır. İngiltərədə saat 9:00-da başlayan dərs 15:30-da başa çatır.

Azərbaycan orta məktəbi rəqabətə uyğun deyil. Standartlara görə, orta təhsil ən azı 12 il nəzərdə tutulur. ABŞ, Kanada, Fransa, İspaniya, Yaponiya, Polşa, Moldova, Özbəkistan, Ukrayna, Belarus və Gürcüstanda orta təhsil 12 ildir. Almaniya, İsveçrə, İtaliya və Çexiyada 13, Hollandiyada 14 ildir. 12 illik təhsilə keçidin tətillərə təsiri ola bilərdi. Yəni o zaman bol tətillər tətbiq oluna bilər.

Dərslərin sentyabrın 15-də başlaması nəyi dəyişdi ki?

Xatırladaq ki, tətillərlə bağlı yeni "Təhsil haqqında" Qanunda heç nə yazılmayıb. İbtidai, ümumi orta və tam orta təhsildə tətillərin nə qədər nəzərdə tutulması qanunda göstərilməyib. Yəni tətillərin müddəti və sayı qanunla tənzimlənmir. Məsələn, İngiltərədə əsas məqsəd şagirdlərin sərbəst bilik qazanması və onun təcrübədə tətbiqidir. Uşaqlar ən çox kitabxana və laboratoriyalarda məşğul olur, tez-tez yoxlama esseləri və layihələr yazırlar. Azərbaycan məktəbləri isə sovet dövründə olduğu kimi mərkəzləşmiş qaydada idarə olunur. Tətil günləri və dərsin müddəti vahid mərkəzdən müəyyənləşdirilir.
Ekspertlər hesab edirlər ki, qəbul imtahanları, şagird biliklərini yoxlama proqramları Azərbaycan məktəblilərinin orta məktəb proqramını mənimsəyə bilmədiyini göstərir.

Bu, tətil günlərinin çoxluğu, dərslərin həddən artıq ağır olması ilə bağlı ola bilər. Tətillər o prinsiplə müəyyənləşməlidir ki, uşaqlar tədris olunan fənni mənimsəsinlər. Amma indiki tədqiqatlar göstərir ki, bu sahədə qüsurlar var. Yuxarı sinif şagirdləri kütləvi şəkildə dərsdən yayınır. Azərbaycan təhsilində xaotik bir durum yaranır. Dərslərin 15 sentyabra keçirilməsi ilə əlaqədar 15 gün müddətinin harasa sığışdırılması məsələsi vardı. Dərs ilinin 15 sentyabra keçirilməsi məktəblərimizə yenilik gətirmədi. 1 sentyabr nostaljisini unutmağa gətirib çıxardı. Rasional yanaşsaq, uşaqlar daha çox evlərdə təhsil alırsa, tətillərin sayının azaldılması daha məqsədəuyğundur.

Daha bir detal yay məktəbləri ilə bağlıdır. Belə ki, Qərbdə yay məktəbləri olduğu üçün uşaqlar il boyu mənimsədikləri bilikləri həmin məktəblərdə möhkəmləndirirlər. Ölkəmizdə elə təcrübənin olmaması da uzunmüddətli tətillər zamanı uşaqlarda ətalətin yaranmasına səbəb olur. Necə deyərlər, yay vaxtı məktəblilər yüklənir, yay tətilində isə onların biliyinin təkrarlanması və bu fənni unutmaması üçün heç bir tədbir görülmür.

Kanadalılar 12 il oxuyur, almanlar 13 il

Müqayisə üçün bir-iki xarici ölkənin orta məktəb təcrübəsini də yada salaq. Məsələn, Kanadada orta təhsil ingilis və ya fransız dillərində aparılır. Ölkədə dövlət, özəl, böyük, kiçik, sərbəst, pansion və ali təhsil müəssisələrinin nəzdində məktəblər fəaliyyət göstərir. İctimaiyyət tərəfindən maliyyələşən məktəblərə də tələbat duyulur.

6 yaşında I sinfə daxil olan uşaqlar məktəbdən, eləcə də əyalətdən asılı olaraq 11 və ya 12 il təhsil alırlar. Yalnız bundan sonra universitetlərə daxil olmaq istəyən abituriyentlər kolleclərdə 2 illik hazırlıq bölməsində oxuyurlar.

Məktəblərdə uşaqlara əsas (riyaziyyat, qrammatika, ədəbiyyat və düzgün yazılış, Kanadanın siyasi strukturunun əsaslarından ibarət fənlər) və təbiət elmlərinə dair (fizika, biologiya və bu qəbildən olan digər fənlər) fənlər qrupu tədris olunur.

Qeyd edilən fənlərlə yanaşı, məktəblərdə kompüter vərdişləri, xarici musiqi kimi fənlər də keçirilir. Yuxarı siniflərdə isə qeyd edilən fənlər üzrə biliklərin möhkəmləndirilməsi davam etdirilir.

Eyni zamanda ölkə üzrə geniş yayılmış xüsusi pansion məktəblər də fəaliyyət göstərir. Əcnəbilərin təhsil aldığı belə tədris ocaqları, əsasən katolik məktəblər hesab olunur.

Kanadada təxminən 170 dövlət və xüsusi kollec fəaliyyət göstərir. Bunlar regional kolleclərə, texniki institutlara və CEGEP kolleclər sisteminə bölünür.

Üçillik bakalavr proqramları mövcud olan kolleclər hər hansı bir ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir. Son illər eksperiment olaraq üçillik kollecləri bitirmiş məzunlara xüsusi bakalavr dərəcəsi verilir.

Kolleclərdə əsasən informasiya, texnologiya, dizayn, mühasibatlıq, biznesin idarə olunması, mehmanxana və turizm idarəetməsi ixtisasları üzrə mütəxəssislər hazırlanır. Nəzəri biliklər ixtisas üzrə təcrübə məşğələləri ilə vəhdət təşkil edir.

Almaniyada isə durum fərqlidir. Bütün uşaqlar altı yaşından etibarən 9 il ərzində icbari qaydada məktəbə getməlidirlər. Dövlət məktəblərində təhsil pulsuzdur. Adətən uşaqlar 4 il ibtidai məktəbdə oxuyurlar. Sonra onlar müxtəlif növ məktəblərə - əsas məktəb, real məktəb və gimnaziyaya daxil olurlar. Məktəblər şagirdlərin bacarıqlarına olan tələblərə, həmçinin nəzəri və praktik təlim nisbətinə görə bir-birindən fərqlənirlər.

Bundan əlavə, ölkədə birləşmiş məktəblər mövcuddur. Burada bütün növ məktəblərin şagirdləri paralel şəkildə təhsil alır, bir məktəbdən digərinə keçə bilirlər. Əsas məktəbdə V sinifdən X sinfə qədər təhsil icbari, X sinifdə isə könüllüdür. Real məktəbdə şagirdlər V sinifdən X sinfə qədər oxuyur və sonda kamillik attestatı alırlar. Gimnaziyada federal torpaqdan asılı olaraq tədris XII-XIII siniflərə qədər aparılır və kamillik attestatının alınması ilə başa çatır. Bu attestat ali təhsil müəssisəsinə daxil olmaq hüququ verir.

Məktəblərin əksəriyyətində dərslər günün birinci yarısında aparılır. Məktəb təhsili torpaqların səlahiyyətinə daxildir. Məktəb siyasəti isə təhsil və mədəniyyət nazirliklərinin Daimi Şurası tərəfindən əlaqələndirilir.

"Yeni Müsavat"
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.