Cəmiyyət

Sürücülərə texniki baxışla bağlı bəd xəbər - YENİLƏNİB

1 Avqust 2014 15:19
8 Şərh     Baxış: 11 406
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avqustun 2-dən etibarən Azərbaycanda xarici istehsallı avtomobilləri və MDB ölkələrində onların bazasında buraxılan modelləri texniki baxışdan keçirməyən sürücülərə qarşı reydlər başlayacaq


15:19


"Texniki baxışdan keçməyən avtomobil sahibləri, fiziki və hüquqi şəxslər qanunvericiliyə əsasən məsuliyyətə cəlb olunacaqlar".

Bunu Trend-ə açıqlamasında Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
 

Şöbə rəisi xarici istehsallı avtomobillərin texniki baxışdan keçirilməsi ilə bağlı vaxtın uzadılması məsələsinə bir daha aydınlıq gətirib. Onun sözlərinə görə, Azərbaycanda xarici istehsallı avtomobillərin və MDB ölkələrində onların bazasında buraxılan modellərin texniki baxışdan keçmə müddəti avqustun 15-dək deyil, cəmi 1-2 gün uzadılılıb.
 

K.Əliyev qeyd edib ki, texniki baxışdan keçməyən sürücülər və avtomobil sahibləri yalnız bu iki gün ərzində inzibati məsuliyyətə cəlb edilməyəcək, cərimə olunmayacaqlar: "Avqustun 1-də texniki baxışdan keçmə vaxtı tamam olub. Sadəcə, texniki baxışdan keçməyən xarici markalı avtomobil sürücülərinə 1-2 gün vaxt verilib. Yəni onlara imkan verilib ki, bu iki gün ərzində avtomobili texniki baxışdan keçirsinlər. Vaxtın daha çox uzadılmasından isə söhbət gedə bilməz. Texniki baxışdan keçməyən avtomobilin sürücüsünün məsuliyyətə cəlb olunmasına gəlincə, bu iki gün ərzində avtomobilini texniki baxışa təqdim olunmağa çatdırmayan sürücülər cərimə olunmayacaqlar. Amma bu, o demək deyil ki, o şəxslər avtomobili texniki baxışdan keçirmək əvəzinə gedib kənarda onu sürməlidir. Yəni yalnız bu iki gün ərzində texniki baxışa gedən sürücülər məsuliyyətə cəlb olunmayacaq".
 

Qeyd edək ki, avqustun 1-də BDYPİ-dən Trend-ə bildirmişdilər ki, texniki baxışdan keçmək istəyən avtomobillərin çoxluğunu və yaranmış növbələri nəzərə alaraq, xarici istehsallı avtomobillərin və MDB ölkələrində onların bazasında buraxılan modellərin texniki baxışdan keçmə müddəti avqustun 15-dək uzadılıb.
 

Xatırladaq ki, qanunvericiliyə görə Azərbaycanda nəqliyyat vasitələrinin markaları nəzərə alınmaqla texniki baxış müddəti aşağıdakı kimi müəyyən edilib:

- "VAZ", "QAZ", "Moskviç", "ZAZ", "UAZ" markalı və digər MDB istehsalı olan minik avtomobilləri üçün: 01 yanvardan 01 maya qədər;

- Xarici dövlətlərdə və onların baza modelləri əsasında MDB-də istehsal olunan minik avtomobilləri üçün: 01 maydan 01 avqusta qədər;

- Yük avtomobilləri və avtobuslar üçün: 01 sentyabrdan 31 oktyabra qədər.

Texniki baxışdan keçməməyə görə inzibati cərimə fiziki şəxslər üçün 50 manat, vəzifəli şəxslər üçün 100 manat, hüquqi şəxslər üçün isə 300 manatdır. Əgər sürücü cərimələnibsə, o, 10 gün ərzində avtomobili texniki baxışdan keçirməlidir və bu müddət ərzində onu təkrar cərimələyə bilməzlər.


----------
12:45

Avtomobilini texniki baxışdan keçirməyənləri isə hər 10 gündən bir ağır cərimə cəzası gözləyir


"Azərbaycanda avtonəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi üçün qoyulan vaxt uzadılmayıb. Yalnız avqustun 1 və 2-də texniki baxışdan keçə bilməmiş avtonəqliyyat vasitələrinin sürücülərinə güzəşt ediləcək, onlar cərimələnməyəcəklər".

Milli.Az xəbər verir ki, bunu bizimyol.info-ya Baş Dövlət Yol Polisinin şöbə rəisi Kamran Əliyev dedi.

Qeyd edək ki, bəzi KİV-lərdə, hətta TV kanallarda da texniki baxışla əlaqədar növbələrin yaranması və bir çox sürücülərin məhz son günlərdə texniki baxış mərkəzlərinə gəlməsi səbəbindən vaxtın avqustun 15-dək uzadılması barədə xəbər yayılıb.

"Mən bilmirəm ki, bu xəbəri kim yayıb, hara istinad edirlər? Bizim tərəfimizdən belə bir xəbər yayılmayb. Texniki baxışı hər kəs vaxtından əvvəl də keçirə bilər, amma müddəti ötürməməlidir. Bir daha sürücülərin diqqətinə çatdırıram ki, vaxtında nəqliyyat vasitəsini texniki baxışa təqdim etməyən hüquqi və fiziki şəxslər cərimələnəcək. Sürücülərin nəqliyyat vasitələrini texniki baxışa təqdim etməyə xeyli vaxtları olub. Həm də sürücülər avtomobilin qeydiyyatada olduğu rayondan asılı olmayaraq hər bir bölgədə texniki baxışa təqdim edə bilərlər", - deyə DYP rəsmisi bildirdi.

K.Əliyevin sözlərinə görə, texniki baxışdan keçməməyə görə inzibati cərimə fiziki şəxslər üçün 50 manat, vəzifəli şəxslər üçün 100 manat, hüquqi şəxslər üçün isə 300 manatdır. Əgər sürücü cərimələnibsə, o, 10 gün ərzində avtomobili texniki baxışdan keçirməlidir və bu müddət ərzində onu təkrar cərimələyə bilməzlər. Amma müddət keçdikdən sonra, o, yenidən cərimələnəcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.