Cəmiyyət

Ramazan bayramı: hansı ölkədə, nə vaxt?

28 İyul 2014 21:14
1 Şərh     Baxış: 4 889
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Respublikası Ramazan bayramını hesablama ilə müəyyən edilməsi tərəfdarı kimi Ramazan bayramının sabah, 28 iyulda olacağını əvvəldən elan etmişdi və sabah Türkiyədə bayramın ilk günüdür.

Səudiyyə Ərəbistanı ali dini şurası bu gecə qərar qəbul edərək, sabah 28 iyulun Ramazan bayramı olmasını elan etdi. Səudiyyə ilə bərabər Birləşmiş Ərəb Əmirliyi və İordaniya da bu axşam eyni qərarı qəbul etdilər.

Milli.Az islam.az-istinadən bildirir ki, Türkiyə və Səudiyyə dini mərkəzlərinə tabe olan bir qism Şimali Amerika, Avropa və Kanada müsəlman icmaları da sabah bayramı qeyd edəcəklərini bildirmişlər.

İraqın müftisinin də (əhli sünnə dini rəhbəri) sabah 28 iyul, Ramazan bayramını elan etməsi haqda məlumat daxil olub.

Pakistan, Hindistan, Banqladeş və ətraf ölkələrdə sabah hələ Ramazanın 30-u olduğunu, bayramın isə 29 iyulda qeyd ediləcəyini elan ediblər.

Həmçinin şiə müctəhidlərinin böyük əksəriyyəti, İran, İraqın şiə hissəsi, bir sıra ərəb ölkələri (siyahısı ilə bağlı dəqiqləşdirmə aparırıq) sabah hələ orucluğun davam edəcəyini rəsmən elan ediblər.

Avstraliya müsəlmanlar şəbəkəsi də bu gün yeni ayın hilalının görünmədiyini qeyd edərək, sabah bayram olmadığını, orucluğun davam etdiyini elan edib. Avstraliyanın əksər müsəlmanları bayramı 29 iyulda qeyd edəcək.

Əvvəldən qeyd etdiyimiz kimi hətta eyni ölkələrdə belə Ramazan bayramının müxtəlif günlərə elan edilməsi halları var.

Belə ki, yuxarıda göstərildiyi kimi Avropa, Amerika və Kanada müsəlmanları icmaları Ramazan bayramı ilə bağlı fərqli fikirdədirlər və bir qism bayramı 28-də, bir qism 29-da qeyd edəcək. Hətta İngiltərədə bəzi icmalar bayramı rəsmən iyulun 30-a təyin etmişlər.

Eyni hal Afrika ölkələrində də yaşanmaqdadır. Afrikanın müsəlman ölkələrinin bir qismi bayramı 28-i, bir qismi isə 29 iyulda qeyd edəcəklər.

Orta Asiya respublikalarından Türkmənistan, Qırğızıstan da bayramı 29 iyula, lakin Qazaxıstan 28 iyula elan ediblər.

Bayramın elan edilməsi ilə bağlı müctəhidlərin rəyini gözləyən oxucularımıza bildirmək istəyirik ki, sabaha bayram elan edən mərceyi təqlid yoxdur, ramazan davam edir. Ramazan ayını 29 iyundan başlayan oxucularımız üçün birigün, 29 iyul, bayram sayılır və elan gözləməyə ehtiyac yoxdur. Ramazanı 30 iyundan başlayan və ayətullah üzmalar Sistaniyə, Xorasaniyə təqlid edənlər isə sabah axşam öz müctəhidlərinin rəyini öyrənsinlər (saytda məlumat verəcəyik). Elan olunsa, onlar da 29 iyulda bayram edəcəklər.

Beləliklə, sabahdan müsəlman dünyasının bir qismində Ramazan bayramı qeyd olunmağa başlayacaq, digər qismində isə 29 iyulda həyata keçiriləcəkdir. Əvvəldən də qeyd etdiyimiz kimi, burada qeyri-adi heç nə yoxdur və biz, sabah Ramazan bayramı qeyd edəcək bütün müsəlman bacı və qardaşlarımızı təbrik edirik.

Eyni zamanda xatırladırıq ki, Azərbaycan üçün Ramazan bayramı 29 iyula elan edilmişdir.

Sabah Ramazan orucunu davam etdirənlərin isə oruclarını Allah qəbul etsin və sabah Ramazan ayının 30-cu gününün əməllərini icra etsinlər. Bayram fitrəsi də sabah axşamdan başlayaraq çıxarılmalı və bayram günü ərzində kasıblara, imkansızlara çatdırılmalıdır.

Bu günlərdə sayta həddən çox sual verərək bayramla bağlı mövqeyimizi soruşan çoxsaylı oxucularımız üçün də qeyd edirik ki, biz, Peyğəmbər ənənəsinə uyğun olaraq yeni Ayın hilalının gözlə görünməsi prinsipi tərəfdarı olaraq sabah Ramazanın 30-cu günü olduğu, bayramın isə 29 iyulda olacağı fikri ilə tam razıyıq. Belə ki, yeni Ayın hilalının gözlə görünməsi haqda xəbər daxil olmayıb.

Allah oruclarınızı qəbul etsin!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.