Cəmiyyət

Bakı metrosunun dözülməz əzabları: axı günahımız nədir?!

30 İyul 2014 02:00
4 Şərh     Baxış: 3 041
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İçəridə məzhəb itib din qarışıb, kürəyi laydivar xala isə rahatlıq hayındaydı. Onun mənşəyi bilinməyən ləhçəylə "oooo, bezrazmernoe" etirazı heç yerinə düşməmişdi. Ay anam, ay bacım bura cəhənnəmdi e! Nəyə etiraz edirsən? Adamları çöldə saxlamayacaqlar ki, girməyin yer yoxdu. Cəhənnəm əzab çəkmək üçündür. Görmürsən, içəri girmək üçün biri-birini tapdalayırlar? Nə qədər adam özünü cəhənnəmə atmaq üçün çöldə dalaşır.

İçəridə izdiham artdıqca, nəfəs almaq da çətinləşirdi. Ümumiyyətlə, nəfəs almaq üçün burnunla hərdən ağırlaşmış hava kütləsini yuxarı çəkib aşağı üfürməyi belə yaddan çıxarırdın. Çox qəribə hissdir.

Bura necə düşdüyüm yadımda deyildi. Araya sakitlik çökəndə yadıma düşürdü ki, mədəni şəkildə içəri keçməyə çalışmışam. Sakitcə, aramla ayağımı içəri doğru atan "moment" sağ qolum qeyri-ixtiyari getdi dostcasına bir xanımın boynuna dolandı. Kənardan baxan deyərdi ki, neçə ilin həsrətliləriyik, bu günə qismət imiş görüşməyimiz. Sol qolumdan isə ümumiyyətlə, xəbərim yox idi. Ayaqlarım, deyəsən, heç anadangəlmə olmayıblar. Heç mənim özüm də orada yox idim. İtirmişdim. Mədəni gedişimizi arxadan sunami kimi içə axan kütlə elə yeyinlətmişdi ki, sağ qalmağıma şükr edirdim. Ruhum bir anlıq gedib oraları dövrə vurub qayıtdı. Elə, deyəsən, mən oralarda idim axı.

Son partiya da içəri daxil olandan sonra yola düşürük. Sürüyürlər irəliyə doğru. Cəhənnəmə xoş gəldiniz!

Bələdçi ləngər vurduqca adamlar biri-birinə dəyirdilər. Qoltuqların tər iyi ağız qoxusuna, ağız qoxusu "kitayski" ətirlərə qarışıb məzəli məhsul ortaya qoyurdu. Ağız deyəni qulaq eşitmirdi. Belə yerlərdə insanın, ümumiyyətlə, qulaqlara ehtiyacı olmur. Xala bir tərəfdə "ooo, bezrazmernoe" deyib hələ də fəryad edir. Bir tərəfdə sıxlıqdan istifadə edib cavan oğlanın dümsük atdığı qocatəhər bibi səhərdən sınıq-salxaq radio kimi qeyri-adi səslər çıxarır. Bir tərəfdən musqulları xətkeş üzərinə yapışdırılmış yumurtaya oxşayan "idmançı" oğlan məhlələrinə qız arxasınca gəlmiş "qaqaşı" çiləməsindən şaqqalıyır. Bir tərəfdə ağladıqca anasının buduna çimdik atıb səsinə güc verən uşağın fəryadı, sanki, içəridə sükut vardı, onu pozurdu. İndi özünüz fikirləşin də, onun səsi necə çıxırdı. Düymə boyda ağzı olan o uşaq Koroğlunun nərəsinə oxşayan səsi haradan çıxarırdısa, mat-məəttəl qalırdım. Bir tərəfdə isə sısqa kişi əlində tutduğu onkoloji xəstəlik kağızı ilə ətrafına kədər yağdırırdı. Ən gurultulu səs belə ondan o yana yoxa çıxırdı.

Vaxt keçdikcə, vəziyyət daha dözülməz hal alırdı. Hamı narahat idi. Sanki, xilas yolu üçün hansısa bir qurtuluş səsinin veriləcəyini gözləyirdi. Bura girməmişdən qabaq "İsrafilin suru" çoxdan çalınmışdı: "Qapılar bağlanır!" Qapılar, həqiqətən, bağlanmışdı və biz içəridə idik. İçəri isə cəhənnəmdir. Artıq cəhənnəm əhli içərisində məngənə arasına düşmüş kimi sıxılanda buna ya ciyər dözməzdi, ya ürək. 60 qəpiklik "Viceroy", onsuz da, bura qədər ciyərlərin anasını ağlatmışdı. Ölmək şərt idi.

Çıxış yolu yoxdu. Verilən cəzaya qatlanmalıyıq. Lakin bu qədər tez həyatdan köçəcəyimi xəyal etməmişdim. Ürəyimdən bir vəsiyyət etmək keçdi könlümdən. Haradansa lap uzaqlardan - sonuncu məktəb ilinin son zəngindən Nazəninin "dostlar məni unutmayın" mahnısı qondu dodaqlarıma. Qeyri-ixtiyari zümzümə edirəm. Yox, razılaşmıram. Gözləmək lazımdır. Günahlarım çoxdur, ölmək lazım deyil. Qolumu qaldırıb boynunun arxasına keçirdikləri xanımın incəliyindən zövq al. Yox, bu mümkün deyildi. Hərçənd ki, o da düşdüyü vəziyyətindən məmnun kimi görünürdü. Lakin hər gülümsəyəndə ağzından nəfəs alıb verirdi ki, bu da mənim xoşuma gəlmirdi. Mənim kələm dolmasından zəhləm gedir.

Yox, buna dözmək çətin idi. Məzəli musqulu olan oğlan dostuna nə demişdisə, at kimi kişnəyirdi. Kürəyi laydivar xala isə məşhur sözünün ilk üç hərfində ilişib qalmışdı, içərinin ağır ab-havası onu da əldən salmışdı: "bezzz....bezzzz..." Motoru döyən "Qaz-31" səsi çıxarırdı. "Radio" susmuşdu. Uşaq fasilə götürüb. Yəqin ki, bir azdan qaldığı yerdən davam edəcək. Xəstəlik kağızını əlində sıxmış sısqa kişi üçün harada olmasının heç bir fərqi yoxdu. Çünki hər yer onun üçün bir idi - Cəhənnəm. Qolum boynunun arxasında olan xanımın gəyirməyi elə bil məni götürüb dolma qazanının içinə atdı. "Əlvida arzularım" deyib dünya həyatımla sağollaşmaq istəyirdim ki, o incə səs məni azad etdi:

- "İnşaatçılar" stansiyası...

Zahid

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.