Cəmiyyət

"İstedadı olmayanlar jurnalist ola bilməyəcəklər"

25 İyul 2014 16:57
0 Şərh     Baxış: 807
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

TQDK jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirməyə hazırlaşır

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyul ayının 31-də 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirəcək. Bu mərhələdə 2014-cü ilin aprel ayının 1-dən 30-dək jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edə biləcəklər. TQDK-dan "Kaspi" qəzetinə daxil olan məlumata görə, imtahan Bakı şəhərində və TQDK-nın regional mərkəzlərinin yerləşdiyi şəhərlərdə - Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Ağcabədi, Göyçay, Şirvan və Xaçmazda təşkil olunacaq.

Abituriyentlər imtahanda iştirak etmək üçün tələb olunan "İmtahana buraxılış vərəqəsi"ni TQDK-nın internet saytından çap edəcəklər. Bu sənəddə imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı qeyd olunacaqdır. Buraxılış vərəqəsi ilə yanaşı, abituriyentlərə "Yaddaş kitabçası"ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır. İmtahan 2 saat 30 dəqiqə müddətində aparılacaq.

Qeyd edək ki, jurnalistika ixtisasına qəbul olmaq üçün 569 abituriyent qeydiyyatdan keçib. Onlardan 441 nəfəri III ixtisas qrupu üzrə keçirilən test imtahanında tələb olunan müsabiqə şərtini ödəyərək ikinci mərhələyə buraxılıb. Bu mərhələdə iştirak edəcək abituriyentlərdən 124 nəfərini oğlanlar, 317 nəfərini qızlar təşkil edir. 394 abituriyent Azərbaycan, 47 abituriyent isə rus bölməsi üzrə imtahan verəcək.

Abituriyentlər bakalavriat səviyyəsinə qəbul imtahanının qabiliyyət imtahanı mərhələsində təqdim olunmuş mövzu üzrə inşa (esse) yazacaqlar. Yazı işi abituriyentin imtahan verdiyi bölmədən asılı olaraq Azərbaycan və ya rus dilində yerinə yetirilməlidir. İnşa (esse) abituriyentin təklif olunmuş mövzu üzrə öz nöqteyi-nəzərini əsaslandırılmış surətdə ifadə etdiyi müstəqil yaradıcı yazı işidir.

Yazı işi qiymətləndirilən zaman aşağıdakı meyarlar nəzərə alınacaq: verilmiş mövzunun başa düşülməsi, mövzu üzrə materialı, əsas fakt və hadisələri bilmə; abituriyentin mövzuya orijinal yanaşması, öz nöqteyi-nəzərini əsaslandırılmış şəkildə ifadə etmək bacarığı, mövzunun açılma səviyyəsi, fikirlərin aydın və anlaşıqlı ifadə olunması; çıxarılan nəticələrin məntiqli və əsaslandırılmış olması; yazı üslubunun orijinallığı, dilin zənginliyi, obrazlılığı və səlisliyi, savadlılıq səviyyəsi; yazı işinin ədəbi dilin fonetik, leksik, qrammatik və üslub normalarına, orfoqrafiya və durğu işarələrinin işlədilməsi qaydalarına tam riayət etməklə tərtib olunması. Yazı işində abituriyentlərin özləri haqqında hər hansı məlumat yazması və ya hansısa işarə vurması qadağandır. Belə hala yol vermiş abituriyentlərin yazı işləri "sıfır" balla qiymətləndiriləcəkdir. İnşa yazı (esse) 2-4 səhifə (ən azı 400 söz) həcmində olmalıdır. Başqa mövzuda, həmçinin 1 səhifədən (200 sözdən) az həcmdə yazılmış inşalar da "0" balla qiymətləndirilir.

Daxili istedadın göstəricisi

Ekspertlər jurnalistika sahəsində uzun illərdən sonra yenidən tətbiq edilən qabiliyyət imtahanlarının effektli nəticə verəcəyinə inanırlar.
"İki sahil" qəzetinin baş redaktoru, Mətbuat Şurasının idarə heyətinin üzvü Vüqar Rəhimzadə "Kaspi"yə açıqlamasında keçən ilin noyabr ayında ölkə başçısına "Jurnalistlərin dostu" mükafatının təqdimetmə mərasimində qabiliyyət imtahanlarının keçirilməsi ilə bağlı irəli sürülən və dövlət başçısı tərəfindən bəyənilən bu məsələnin jurnalistikamızın peşəkarcasına formalaşmasına kömək edəcəyinə əminliyini gizlətməyib: "Artıq mən özüm də magistratura pilləsinə qabiliyyət imtahanlarında iştirak etmişəm. Bu yaxınlarda bakalavriat pilləsi ilə bağlı qabiliyyət imtahanları keçiriləcək. Əminəm ki, bu imtahanların uğurlu nəticəsi olacaq". V.Rəhimzadə hesab edir ki, qabiliyyət imtahanı zamanı abituriyent və tələbələrin daxili istedadları üzə çıxacaq, onların nə dərəcədə jurnalistikaya yararlı olub-olmaması məsələsi aydınlaşacaq: "Bu, jurnalistikamıza yalnız müsbət çalarlarla öz töhfəsini verəcək. Gənclərin peşəkar jurnalist kimi formalaşmasına, bütövlükdə mətbuatımızın yaxşı mənada inkişafına təkan verəcək". Baş redaktorun sözlərinə görə, qabiliyyət imtahanlarında esse yazarkən abituriyentlərə ictimai-siyasi, iqtisadi, mədəni həyat sahələrinə aid, həmçinin respublikamız, görkəmli şəxsiyyətlərimiz, təhsil, ixtisas seçimi, ətraf mühit, mənəviyyat və bütün bəşəriyyəti narahat edən digər qlobal problemlər haqqında müstəqil mühakimə yürütmək və əsaslandırmaq bacarığını nümayiş etdirməyə imkan verən sərbəst mövzular təklif olunur. Belə ki, inşa yazıda (essedə) abituriyent öz fikirlərini aydın və savadlı ifadə etməlidir. İnşanı (esseni) yazarkən abituriyent mövzunu açmalı və dolğun əhatə etməli, yazının tərkib hissələri (giriş, əsas hissə və nəticə) arasında məntiqi rabitə yaratmalı, fikirlərini məntiqi ardıcıllıqla ifadə etməli və abzaslarla fərqləndirməli, ictimai-siyasi problemlərə yaxşı bələd olduğunu göstərməli, ictimai-siyasi problemləri təhliletmə, ümumiləşdirmə və məntiqi nəticə çıxarma qabiliyyətini nümayiş etdirməlidir. Bundan əlavə, abituriyent fikir və düşüncələrini anlaşıqlı, məntiqli, rabitəli və aydın surətdə, ədəbi dilin normalarına, o cümlədən, qrammatika, orfoqrafiya, durğu işarələrinin işlənməsi qaydalarına müvafiq olaraq ifadə etməli, öz fikir və mühakimələrini əsaslandırmaq üçün bir neçə müvafiq sitat, iqtibas, nümunə və faktlardan (tarixi hadisə, bədii parçalar, həyat hadisələri və s.) istifadə etməlidir. İnşa (esse) səliqəli, oxunaqlı və aydın xətlə yazılmalıdır. "Ekspertlərin qiymətləndirilməsindən sonra orta bal götürüləcək və ona uyğun da imtahanda iştirak edənin keçib-keçməməsi məlum olacaq". Baş redaktor hesab edir ki, qabiliyyət imtahanlarının keçirilməsi jurnalistikamıza yalnız uğur gətirəcək: "Hər il redaksiyamıza jurnalistika fakültəsindən tələbələr təcrübəyə gəlir. Hazırda redaksiyamızda 7 tələbə təcrübə keçir. Onlarla görüşümdə "Siz doğurdanmı jurnalist olmaq istəyirsiniz?" sualıma heç birindən müsbət cavab almadım. Bu sahə xüsusi istedad tələb edir. Hətta, jurnalistika fakültəsində oxumayan elə insanlar var ki, özünü bu sahədə təsdiq edə bilir - bu, onun qabiliyyətinin göstəricisidir. Ona görə qabiliyyət imtahanlarının keçirilməsi gənclərin daxili istedadlarının üzə çıxmasına öz töhfəsini verəcək".

Süzgəc


Bakı Slavyan Universitetinin "Yeni media və kommunikasiya texnologiyaları" kafedrasının müdiri Aynur Bəşirli hesab edir ki, jurnalistika fakültəsində qabiliyyət imtahanlarının tətbiqi ən azından bu sahədə süzgəc rolunu oynaya bilər: "Məhz bu imtahanlarla bilmək olar ki, abituriyentin yazı, cümlə qurmaq qabiliyyəti var, yoxsa yox. Çox vaxt elə tələbələr gəlirlər ki, onların cümlə qurmaq qabiliyyəti də olmur. Bizə lazımdır bilək ki, onların bu sahədə qabiliyyətləri necədir, fikirlərini nə dərəcədə məntiqli ifadə edirlər. Çünki inşa yazısı onların dünyagörüşünü üzə çıxarır. Həm də məlum olur ki, onlar nə qədər ədəbiyyat oxuyublar. Yəni öz mühakimələrini əsaslandıra və ya sitatdan istifadə edə bilirlərmi? Həmçinin onların yazısında qrammatik, orfoqrafik səhvlər varmı və s". A.Bəşirlinin sözlərinə görə, jurnalistikaya qəbulda qabaqcıl dünya ölkələrində də qabiliyyət yoxlanılır: "Heç yerdə birbaşa jurnalistika fakültəsinə qəbul etmirlər. Ümumiyyətlə, bu prosesdə həmçinin dünyada jurnalist hazırlığının necə keçdiyini bilmək lazımdır". A.Bəşirli qabiliyyət imtahanlarının proseduru barədə məlumat verərək bildirib ki, yazı işi bır sıra meyarlar nəzərə alınmaqla "məqbul" və ya "qeyri-məqbul" ilə qiymətləndiriləcək. Belə ki, "qeyri-məqbul" qiyməti mövzunun zəif açıldığı və ya heç açılmadığı, abituriyentin mövzunu səthi bildiyini və ya heç bilmədiyini aşkara çıxaran, mətnin hissələri arasında məntiqi əlaqənin pozulduğu, 6 və daha çox dil və nitq səhvi olan yazılara verilir.

"Əgər abituriyent məqbul balı toplayacaqsa onda jurnalistika ixtisası üzrə keçəcək. Əgər toplamayacaqsa jurnalistika ixtisasını seçməyə buraxılmayacaq. Ola bilər ki, abituriyent jurnalistikanın balını yığıb keçsin, amma başqa sənət sahibi olmağa qərar versin. Həmin abituriyentlərə kifayət qədər vaxt veriləcək ki, öz seçimlərini etsinlər".

Ekspertlər bütün hallarda qabiliyyət imtahanlarının yaxşı nəticələr verəcəyinə əmindirlər. Belə ki, uğurlu nəticədən təkcə jurnalistikamız qabiliyyətlilərlə təmsil olunmayacaq, həm də geniş auditoriya yaxşı mənada təmin olunacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.