Cəmiyyət

Azərbaycanda zəlzələləri əvvəlcədən təxminləmək mümkün olacaq?

25 İyul 2014 14:45
0 Şərh     Baxış: 846
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Zəlzələ dünyada ən təhlükəli təbii fəlakətlərdən sayılır. Hazırda dünya alimləri bu təbii fəlakətin fəsadlarını minimuma endirmək istiqamətində işlər aparırlar. Azərbaycanlı alimlərin araşdırmalarını da yüksək qiymətləndirmək olar. Hazırda üzərində çalışılan seysmoakustik stansiyalar şəbəkəsi zəlzələni qabaqcadan müəyyən etməyə imkan verəcək ki, bu da öz növbəsində dəyə biləcək zərəri minimum həddə salmağa kömək edəcək. Artıq qonşu dövlətlər də həmin şəbəkəyə daxil olmaq üçün təkliflərlə çıxış edirlər.

Milli.Az Kanal S-ə istinadən bildirir ki, baş verə biləcək zəlzələ haqqında qabaqcadan məlumat verə bilmək üçün AMEA İdarəetmə Sistemləri İnstitutu araşdırmalarını davam etdirir. İnstitutun Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə layihəsi çərçivəsində Azərbaycanda zəlzələlərin ilkin hazırlıq dövrünün, yəni anomal seysmik proseslərin başlanmasını aşkarlamağa imkan verən seysmoakustik stansiyalar şəbəkəsi genişləndirilir. Artıq Azərbaycanda Siyəzən, Naftalan və Şirvanda stansiyalar quraşdırılıb. Həmin stansiyalarda aparılan monitorinqlər nəticəsində hər bir zəlzələnin əvvəlcədən seysmik problemlərini qeyd etmək mümkün olub.

Bu şəbəkəyə artıq qonşu dövlətlər də qoşulmağa başlayıb. Bu məqsədlə Türkiyənin Deprem Araşdırma İnstitutunun əməkdaşları Azərbaycana səfər ediblər.

Hazırda qardaş ölkədə hündürmərtəbəli binalarda, bəzi mühüm strateji obyektlərdə dünya ölkələrinin əksəriyyətində istifadə edilən xüsusi qurğulardan istifadə edilir ki, həmin qurğular tikilinin zəlzələyə davamlılığı barədə məlumat verməklə yanaşı, fəlakətin daha ağır nəticələrindən qorumaq imkanına malikdir. Onların seysmoakustik stansiyalar şəbəkəsinə qoşulması isə bu işi daha da təkmilləşdirməyə imkan verəcək. Şəbəkəyə qoşulmaqla zəlzələnin harada ola biləcəyini əvvəlcədən xəbər vermək mümkün olacaq.

Digər qonşu dövlətlərdən də bu layihəyə qoşulmaq üçün təkliflər gəlib. Bu stansiyaları birləşdirməklə baş verə biləcək zəlzələnin yerini müəyyən etmək və zəlzələ zamanı baş verə biləcək təhlükələri minimuma endirmək mümkün olacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.