Cəmiyyət

Novxanıdakı 4,5 milyonluq villanın sahibi tapıldı

25 İyul 2014 10:14
2 Şərh     Baxış: 1 954
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mülkü alan Bayram Səfərov "pul verməmişik, barter eləmişik" dedi; icra başçısından heyrətamiz cümlələr

Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı, ATV-nin keçmiş rəhbəri Tağı İbrahimovun Novxanıda yerləşən villasını satması artıq neçə gündür ki, medianın diqqət mərkəzində olan mövzulardan biridir. Bunun əsas səbəblərindən biri villanın Azərbaycanda tez-tez təsadüf olunmayan bir qiymətə - 4,5 milyon manata satılmasıdırsa, digəri də yeni sahibinin kimliyinin açıqlanmaması idi.

Villanı tanınmış şəxslərdən birinin aldığı bildirilsə də, onun kimliyi gizli saxlanılırdı. Bəzi media orqanlarında villanın yeni sahibinin müğənni Ruhinin olması barədə xəbərlər yayılsa da, bu öz təsdiqini tapmadı. Ruhi azpolitika.info-ya açıqlamasında məlumatı təkzib edərək, ümumiyyətlə, bağ evinin olmadığını, övladları ilə birgə Mərdəkanda kirayələdiyi bağ evində yaşadığını bildirib. Publika.az-a açıqlama verən Tağı İbrahimov özü də villasını R.Əliyevanın almadığını desə də, kimə satmasını açıqlamayıb: "Mən villamı Ruhiyə satmamışam, Moskvada azərbaycanlı iş adamı var, ona satmışam. Amma villamı alan adamın adını deməyəcəm. Villanı ehtiyacım olmadığı üçün satmışam. Çünki neçə ildir ki, ailəmlə bir yerdə Türkiyədə yaşayırıq, övladlarım da 2 ildir ki, burada yaşayır. Villanı da oğluma hədiyyə etmişdim, o satıb".

Azpolitika.info saytının xəbərinə görə, Novxanının, demək olar ki, ən gözəl yerində, üzü dənizə baxan təpənin yamacında yerləşən villa böyük ərazini əhatə edir. Bu ərazidə Azərbaycanın ən qüdrətli adamlarının - nazirlərin, iş adamlarının, generalların, polis rəislərinin və digərlərinin bağ evləri var. İçərisində çoxlu sayda qiymətli ağacların, güllərin əkildiyi bağın dizaynının yüksək zövqlə işləndiyi də yayılan məlumatlar sırasındadır. Azpolitika-nın məlumatına görə, 4-mərtəbəli villanın həqiqətən dəyərli, çox möhtəşəm tikilməsi elə kənardan da görünür. Elə buna görə də ATV-dən ayrıldıqdan az sonra villasını satışa çıxaran T.İbrahimov ilkin olaraq bu bağ evi üçün 10 milyon dollar istəyirmiş. Ancaq həmin qiymətə alıcı çıxmadığından villanın qiyməti sonradan aşağı salınıb. Qonşuluqda yaşayanlardan birinin dediyinə görə, son aylarda villa 6 milyon manata satışa qoyulmuşdu. Bu yaxınlarda isə 4,5 milyona satılıb.

Saytın xəbərinə görə, İbrahimovun 4,5 milyon manata satdığı möhtəşəm villanın yeni sahibi Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərovdur.

B.Səfərov publika.az-a açıqlamasında haqqında yayılan məlumatlara maraqlı cavab verib: "Lap 5 milyon yazsınlar. Hamı villa ala bilər, mən yox? Belə şeylərə fikir vermək lazım deyil". B.Səfərov jurnalistin "Villa almağınız barədə xəbərlər doğrudur?" sualına belə cavab verib: "Bu, yalan və ya doğru məlumat ola bilər. Məndə o qədər pul haradandır? O qədər pulum yoxdur". Sonra B.Səfərov gülərək deyib ki, həmin villa dəyişdirilib: "Villanı alqı-satqı etməmişik, "barter" etmişik".

B.Səfərov "Yeni Müsavat"a açıqlamasında da maraqlı cavabları ilə diqqət çəkdi: "Belə bir villa var, ya yoxdur, kimə nə dəxli var ki? Siz bir paltar, ya ayaqqabı alanda mənə aidiyyəti olurmu? Yaxud başqa bir adamın nəsə almasının kiməsə aidiyyəti varmı?" B.Səfərova söhbətin hansısa ayaqqabıdan deyil, 4,5 milyonluq villadan getdiyini xatırlatdıqda belə dedi: "Bilmirəm 4,5 milyon məsələsini haradan tapıblar. Mənim bir manatım da olmayıb. Yetən ağlına və ağzına gələni danışır. Hər kəs şəraitini yaxşılaşdırır. Mən niyə yaxşı şəraitdə yaşamamalıyam? Mənim yaşım var, ömrüm boyu əzab-əziyyət çəkmişəm, zəhmətlə yaşamışam". B.Səfərova "bu, sizin villanızdır deyə, xeyir-dua verə bilərik də?" soruşduqda cavabı belə oldu: "Çox sağ ol, var ol. Allah sənə də qismət eləsin. Səmimi qəlbdən xeyir-dua verənlərin hamısına qismət olsun".

"Yeni Müsavat"
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.