Cəmiyyət

Qanunlar içkiyə "yox" deyir

25 İyul 2014 12:57
0 Şərh     Baxış: 2 061
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hansı ölkədə neçə saat, nə qədər içmək olar?

Son günlər havaların istiləşməsi ilə bağlı ölkədə zəhərlənmə faktlarının da sayı artıb. Bunların müəyyən faizi isə spirtli içkilərin payına düşür. Yay və spirtli içki... Bu "bəlalı cütlük"dən qorunmağın fərqli üsulları olsa da, əsas iradədir. Dünyada heç bir şey insan iradəsindən yüksəkdə dayanmır. Qanunlar ondan sonra gəlir.

Biz də dünya təcrübəsində spirtli içkilərə olan münasibətdən danışacağıq. Çoxlarına elə gəlir ki, Avropa ölkəsi limitsiz və qadağasız içkinin məkanı deməkdir. Əslində isə məsələ o qədər də sadə deyil.

İçki içmək ölüm hökmü gətirir

Bəzi dünya ölkələrində spirtli içkilərə meylin azaldılması üçün onun əldə edilməsinə ciddi əngəllər yaradılır. Məsələn, İsveç, İrlandiya, İngiltərə, Finlandiya, Litva, Norveç, Hollandiya kimi ölkələrdə spirtli içkilərə yüksək vergilər qoyulur. Bundan başqa, onun istehlakında yaş senzi, spirt dərəcəsini azaltma kimi ciddi məhdudlaşdırmalar da var.

Danimarka, İtaliya və İspaniyada beynəlxalq bir strategiya sənədi olmasa da, gənclərlə bağlı tədbirlərdə, məsələn, konsert və idman yarışlarında spirtli içkinin satışı qadağan edilib. Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə nümayəndəsi Dr. Lars Moller bildirib ki, Avropa ölkələrində xüsusən gənclər tərəfindən spirtli içki istifadəsinin qarşısını almaq üçün bir sıra tədbirlər həyata keçirilir: "Avropa bölgəsində alkoqollu içkidən istifadə etmək və satın almaq üçün gənclər 18 yaşını bitirməlidirlər. Amerikada isə alkoqoldan istifadə yaşı 21-dir. İsveç, Norveç, Danimarka kimi bir çox ölkə alkoqollu içki istifadə yaşının artırılmasını düşünür".

İranda da içki qeyri-leqal yollarla satılır və içilir. Belə ki, İranda sürücülərin 26 faizi sərxoş vəziyyətdə yaxalanır. Bir iranlının içki tapıb alması isə təxminən 17 dəqiqə çəkir. Polis hesabatlarına görə, keçən il içki miqdarı əvvəlki illərə nisbətən 69 faiz artıb. Xaricdən içki ala bilməyən iranlılar onu evlərində hazırlayırlar. Viski, vodka, likör, şərab kimi içkiləri hazırlayanlar tez-tez sağlamlıqla bağlı problemlər də yaşayırlar. İçki içən adam birinci dəfə saxlanılarsa - 80 qamçı, üçüncü dəfəsində isə edamla cəzalandırılır. Haqqında ölüm hökmü çıxarılan şəxs tövbə edərsə, edam qamçı ilə əvəz oluna bilər.

İsveçlilər yaş qadağası qoyublar...

İsveçrədə 18 yaşından kiçik gənclərə spirtli içki satılmır. Orada bu qadağaların nə dərəcədə həyata keçirildiyini yoxlamaq üçün bir sistem inkişaf etdirilib. Xüsusi olaraq seçilmiş 18 yaşından kişik gənclər spirtli içki almağa çalışıblar və bu gənclərə içki satan mağaza sahibləri cəzalandırılıb, cərimə ödəyiblər və bundan sonra onların spirtli içki satması qadağan edilib.

Avropadakı bir çox ölkədə spirtli içki satışı universitetlərin yataqxanası və məktəblərdə qadağandır. Bununla yanaşı, məktəblərin yaxınlığında yerləşən market, kafe və restoranlarda da spirtli içki satışına icazə verilmir.

Fransızlar üçün "olmaz"lar sərtdir...

Keçək ayrı-ayrı ölkələrdəki sistemlərə. Məsələn, Fransanın Strasburq şəhərində saat 21.00-dən saat 05.00-a qədər küçələrdə spirtli içki içmək qadağandır. Bu, bələdiyyə məclisinin 2012-ci ildəki məlum qərarından sonra belədir. Bundan başqa, Eyfel qülləsinin Champs-de-Mars sahəsində və Saint-Martin kanalı ətrafında spirtli içkidən istifadə 2011-ci ildən bəri qadağandır. Bununla yanaşı, Dijon və Tuluza, Langres ve Quimper şəhərlərində gecə spirtli içkidən istifadə qadağan edilib. Xəstəxana yaxınlığında, məktəb, industriya sahələrində, qocalar evində alkoqollu içkilərdən istifadə qadağan edilib.

Avropada içki saatları

Adama elə gəlir ki, şaxtanın və milli xüsusiyyətlərin təsiri nəticəsində ruslar səhər-axşam içki içirlər. Bu ölkədə spirtli içkidən zəhərlənərək ölənlərin sayı ildə 40 minə yaxındır. Məhz bu statistika açıqlanandan və spirtli içkiyə başlama yaşı 14-ə çatandan sonra ölkədə sərt tədbirlər görülməyə başlandı. Saat 22.00-dan səhər saat 07.00-a qədər marketlərdə içki satışı yasaqlandı və həmin müddətdə ictimaiyyətə açıq yerlərdə içkidən istifadəyə qadağa qoyuldu. Rusiyada sərxoş vəziyyətdə maşın sürənləri 2 ilə qədər həbs cəzası gözləyir ki, bunu da 15 ilə qədər artırmağı düşünürlər.

Finlandiyaya keçək. Burada 18.00-9.00 saatları arası spirtli içki satılmır. Cümə günləri 20.00-a qədər satış mümkündür. Bazar günləri isə finlandlar heç yerdən alkoqollu içki ala bilmir.

Norveç: Bazar ertəsi-çərşənbə: 10.00-17.00,
Cümə axşamı-cümə: 10.00-18.00,
Şənbə: 10.00-15.00 saatlarında mağazalarda spirtli içki almaq olar. Bazar günləri isə heç bir mağaza spirtli içki satmır.

İngiltərə: Burada da küçədə içki içmək qadağandır. Dövlətə aid kanallarda spirtli içki reklamı da qadağandır.

İsrail: Bar və restoranlar xaricində 23.00-06.00 saatları arasında içki satışı yasaqdır.
İsveç: 19.00-10.00 arasında satışa icazə yoxdur. Şənbə günü saat 15.00-a qədər satış baş tutur. Bazar günü isə ümumən spirtli içki satışı yoxdur.

İsveçrə: Gecə 22.00-06.00 saatları arasında market və kafelərdə spirtli içki satışı gerçəkləşdirilmir.

Almaniya: Küçədə içki içənlərə pul cəzası tətbiq olunur. Bundan başqa, ölkənin bəzi bölgələrində gecə saatlarında içki satışı qadağan edilib.

Kanada: Ontario əyalətində 09.00-22.00 arasında spirtli içkinin satışına icazə var. Bazar günü isə 11.00-18.00 saatlarında satış baş tutur. Kanadada pivə xaricində bütün spirtli içkilər dövlətin nəzarətindədir. Satış saatları hansısa qanunla yox, dövlətin sahib olduğu dükanların açıq olduğu saatlarla məhdudlaşdırılıb. Mərkəzi hissədə yerləşən mağazalar isə 1-2 saat artıq açıq qala bilir. Kanada və Amerikada spirtli içki satışı ilə bağlı qaydalar ştatlardan asılı olaraq dəyişir.

ABŞ: Nyu Yorkda pivə sutkanın 24 saatı satılır. Yüksək dərəcəli içkilər bazar ertəsi, şənbə günləri 09.00-24.00 arası satılır. Bazar günləri isə satış saatları 09.00-21.00-dur.
Amerikada spirtli içki satışı məsələsində hər ştatın öz qanunları var. Hətta eyni əyalətdəki fərqli şəhərlərdə fərqli qaydalar özünü göstərir.

"Yeni Müsavat"
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.