Cəmiyyət

İtirmə qorxusu yaşayanlar qısqanc olurlar

24 İyul 2014 17:39
0 Şərh     Baxış: 3 488
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Çox zaman içində olduğumuz münasibətlər ürəyimizcə olmur. Yaşadığımız münasibətlərdə hər şey istədiyimiz kimi yolunda olmayanda qarşımızdakı insanı günahlandırırıq.

Psixoloq Aynur Əlibəylinin sözlərinə görə, dəyərsizlik yaşayan, münasibətlərində xoşbəxt olmayan insanlar əvvəlcə özləri haqqında düşünməlidirlər: "Bizə müraciət edən xanımlardan birinin problemi bütün romantik əlaqələrin rəsmiyyət nöqtəsinə gəldiyində bitməsi idi. Xanımın sevdiyi insan ailə qurmaq zamanı çatanda qızı tərk edib. Xanım iki dəfə nişanını qaytarmış, bir dəfə sevdiyindən ayrılmışdı. Biz ona enerjisini dəyişməyə kömək etdik" deyən Əlibəyli hesab edir ki, əgər həmin xanımın enerjisi dəyişməsəydi, həyatı belə də davam edəcəkdi. Anası qızını "subaylıq yaxşıdır, evlənmək nəyə lazım" fikri ilə böyütmüşdü. Anasının bədbəxt ruh halıyla böyüyən qız daim əziyyət çəkirdi. Anası ona və qardaşlarına çox pis davranırdı. Qızda "evlənsəm, azadlığım yox olar, bədbəxt olaram" kimi evliliklə əlaqədar pis fikirlər yaranmışdı. "Tam evlənəcəyi zaman, şüuraltındakı bu inanc işə düşür və qarşısındakı kişiyə pis davranmağa başlayır, onunla mübahisə edir, təhqir edir, ya da heç düşünmədiyi təqdirdə evlənmək istədiyi insanı aldadır, hansı yolla olursa-olsun, onu həyatından çıxarırdı".

Müsahibimiz bildirir ki, bu kimi problem yaşayan minlərlə xanım var. Buna səbəb isə onların yaşadıqları həyat, valideynlərin davranış və tərbiyəsidir. Bir çox qadınlar doğulduqları ailədə müəyyən problemlər yaşadıqları üçün sonradan normal sevgi münasibətləri və ya normal ailə həyatı qura bilmirlər. Romantik münasibətlərdə ən çox təsiredici hiss itirmək qorxusudur. Bu qorxunu yaşayan insanlar çox zaman özləri tərkedici mövqedə olurlar. İtirməmək üçün özləri istədiklərindən imtina edirlər. Psixoloqun dediyinə görə, bu, adətən 0-10 yaşına qədər problemli ailədə yaşamış, tərk edilmiş insanlarda özünü büruzə verir:

"İtirmə qorxusu yaşayan insanlarda partnyorun hər hansı bir formada ondan ayrılacağına dair fikirlər varsa və çox zaman düşündükləriniz başınıza gəlirsə və bu problemə qalib gələ bilmirsinizsə, deməli, itirmə qorxusu yaşayırsınız. İtirmə qorxusu bir çox başqa qorxularla bir yerdə müşahidə edilir.

Belə ki, itirmək qorxusu yaşayan insanda dəyərsizlik, özünə və insanlara güvənməmək, əksiklik kompleksi, çatışmazlıq, günahkarlıq duyğuları, sevilməmə, təklik, çarəsizlik və s. müşahidə edilir. Bu hissi yaşayanlar çox aqressiv olur və partnyorlarını özləri özlərindən uzaqlaşdırırlar".

Həmsöhbətimizə görə, itirmə qorxusuna sahib olan insanlarda, ümumiyyətlə, güclü bir qısqanclıq və nəzarət etmə duyğusu olur. İtirmə qorxusu yaşayan insan qarşısındakına nəzarət etsə, onu itirməyəcəyinə inanır və qarşısındakının hər etdiyinə nəzarət etməyə çalışır. Psixoloqun bildirdiyinə görə, bəzi insanlar var ki, sevdiklərini təqib etmək üçün dedektiv belə tuturlar: "Bu duyğudan yaxa qutarmaq, normal münasibət qurmaq, çox fikirləşməmək, sevildiyini hiss etmək hər birimizin haqqıdır. Bu qorxudan xilas olmaq üçün qərarlı olmaq lazımdır. Daha sonra bu qorxunu qəbul edin, üzərinə gedin. Unutmamaq lazımdır ki, heç kəs qorxu ilə doğulmur. Bu, sonradan qazanılmış bir hissdir. Siz itirmə qorxusunu sevgiyə çevirməyə çalışmalısınz. Və bu cümləni hər gün bir neçə dəfə təkrar edin: "Mənim itirmə qorxum var və bu qorxumu qəbul edirəm, bu qorxumu sevirəm, bu qorxunu elə indi sevgiyə çevirməyə niyyət edirəm". Daha əvvəl itirdiklərinizə qaşı kədər və ya hirs varsa, mütləq bunlardan xilas olmalısınız. Bu duyğulardan xilas olmadan içinizdə sevgi enerjisini yarada bilməzsiniz. Bunun üçün professional olaraq reqresiya, eft, NLP və Kvant Texnikaları ilə bu duyğulardan azad ola bilərsiniz".

Əgər sevgiliniz varsa və onu davamlı izləyir, həm onu, həm də özünüzü incidirsinizsə, dərhal onu və özünüzü sərbəst buraxın. Ondan və özünüzdən etdiyiniz hərəkətlərə görə üzr istəyin. Həyatınıza rəng qatmaq üçün hobbilər düşünün. Bu, düşüncə mərkəzinizi dəyişdirməyə sizə kömək olacaq. Nə qədər dəyərli və xüsusi olduğunuzu təkrar-təkrar özünüzə xatırladın:

"Hər gün nizamlı olaraq idman edin. İdman etmək ruh sağlınızı da düzəldəcək. Varlığınızın və xoşbəxtliyinizin bir başqasına bağlı olduğu düşüncəsindən xilas olmağa çalışın. Özünüz üçün xüsusi gözəl cümlələr hazırlayın və bu cümlələri 21 gün hər axşam yatmamışdan əvvəl və səhər oyanan kimi uca səslə, hiss edərək oxuyun".

Həyatınızda itirmə qorxusu yaşamadığınız anları düşünün. O anlardakı duyğularınızı təkrar özünüzə xatırladın və bu güc, özünə güvən, dəyərlilik duyğularını bədəninizə təkrar- təkrar xatırladıb tanıdın. Əgər itirmə qorxunuzun olmadığı bir an belə yoxsa, o zaman xəyal qurun.

Ekspress.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.