Cəmiyyət

Lal-dinməzlik psixoloji travmadır?

24 İyul 2014 17:30
0 Şərh     Baxış: 4 206
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mutizm xəstələri daim susurlar

Mutizm (lat. mutus - lal, dinməz) - psixiatriyada və nevrologiyada xəstənin suala cavab verməməsi, ünsiyyətsizlik kimi bir haldır. Bu xəstəliyinin yaranmasının əsas səbəbi stress vəziyyəti, qorxu, psixoloji travmadır. Xəstəlik müalicə olunmasa, illərlə davam edir.

Psixiatr Elşən Rzayevin sözlərinə görə, mutizm xəstəliyi zamanı insan daim susur: "Lakin nisbətən yüngül formaları da var. Məsələn, Parkinson xəstəliyi zamanı xəstədə müvəqqəti susma müşahidə olunur. Ağır depressiyalar zamanı isə şəxs danışsa da, suallara çox gec cavab verir. İri ölçülü şişlər zamanı da insan susa bilər" deyən psixiatr əlavə edib ki, mutizm psixiki travmalar nəticəsində yaranır. Onun dediyinə görə, mutizmdən əziyyət çəkənlər ağızlarını tərpətsə belə, pıçıltı ilə də danışa bilmirlər: "Belə xəstələr, kimsə danışanda rahat başa düşür. Oxuduqlarını başa düşürlər. Onlar yazı yazsa da, sözləri deyə bilmir".

E.Rzayev bildirib ki, mutizmdən əziyyət çəkənlər ətrafdakılarla ünsiyyət qurmaq üçün mimika və jestlərdən istifadə edirlər: "Mutizmdən əziyyət çəkən insanlar öz vəziyyətlərinə görə pərişan görünürlər. Məhz bu xüsusiyyət onları nitq qüsuru olan başqa insanlardan fərqləndirir. Bu xəstəlik psixiki pozğunluqlar zamanı da müşahidə olunur".

Müsahibimiz bildirir ki, valideynlər tez-tez uşağın danışmaq istəməməsinə görə şikayət edirlər: "Bəzi valideynlərə elə gəlir ki, uşaq özü danışmaq istəmir. Uşaqlar inkişafda həmyaşıdlarından geri qalmasalar da danışa bilmirlər. Autizmdə olduğu kimi onlar öz dünyasında yaşamır, psixi inkişaflarında da ləngimə müşahidə olunmur. Adətən belə uşaqlarda fiziki patologiyalar da olmur. Belə uşaqlar mutizmdən əziyyət çəkirlər. Bu xəstəlik oğlanlara nisbətən qızlarda daha çox olur. Mutizmin ağır formasında uşaq ümumiyyətlə, danışmır. Uşaq ancaq müəyyən şəxslərlə danışmırsa, bu, selektiv (seçici) mutizmdir. Uşaqlarda surdomutizm müvəqqəti lal-kar olma da müşahidə olunur. Bu vəziyyət hansısa travmaya görə yarana bilər. Surdomutizm zədələnməyə görə deyil, stress vəziyyətinə qarşı reaksiya kimi özünü göstərir. Bəzən mutizm müəyyən xarakterli qıcıqlandırcıya qarşı psixikanın reaksiyası ola bilər. Uşağın bu cür davranmasına küsməyi, qorxu, konfliktli vəziyyət, stress səbəb olur. Adətən müvəqqəti susma hədsiz küsəyən, həssas, fiziki zəif uşaqlarda müşahidə olunur. Elə olur ki, uşaqlar illərlə susa bilərlər, bəzən isə sindrom bir neçə aydan sonra da keçə bilər".

Valideynlər nəzərə almalıdırlar ki, uşaqlar onları cəzalandırmaq üçün susmurlar. Uşaq bu vəziyyətə düşübsə, onun cəzalandırılması və ya hədiyyə ilə şirnikləndirilməsi heç bir rol oynamır. Müvəqqəti susma ilə mübarizə aparmaq üçün mütəxəssis tərəfindən korreksiya işi aparılmalıdır. Müalicə zamanı əsəb sisteminin möhkəmləndirilməsi üçün müalicəvi fiziki tərbiyə, psixoterapiya seansları tətbiq olunmalıdır. Bu xəstəliyin müalicəsində nağıl terapiyası, oyun terapiyası, qum terapiyası da tətbiq olunur. Müalicə zamanı ailəvi terapiyalar da önəmlidir.

Psixoloq bildirib ki, valideynlər üçün uşağın susması gözlənilməz bir haldır. Uşaqdan heç bir söz qopara bilməyən valideynlər çıxış yolu kimi uşağı cəzalandırmağı görürlər. Lakin bu, uşağın vəziyyətini daha da pisləşdirir.

Onun dediyinə görə, uşaqlarda mutizmin yaranmasının müxtəlif psixoloji səbəbləri var. Çox vaxt uşaqlarda mutizmin səbəbi bütün dünyaya yönəlmiş susmaq kimi büruzə vermiş etirazdır: "Uşaqlar düzgün ünsiyyət qura bilmir. Bu cür uşaqlar aqressiyasını, güclü emosiyalarını sözlə ifadə edə bilmirlər. Onlar istək və arzularını başa salmaqda çətinlik çəkirlər. Çox vaxt onları tərbiyə edən böyüklər uşaqlara aqressiyalarını sözlərlə ifadə etməyi qoymurlar. Ona görə də uşaq bu hisslərini ifadə etmək üçün münasib sözləri bilmir. Belə halda onun üçün ən uyğun variant susmaq və artıq heç nə deməmək olur".

Həmsöhbətimizə bildirib ki, zəif, adi məişət problemlərini belə həll edə bilməyən valideynlərə övladlarını, onun maraqlarını başa düşmək çətindir: "Bu cür tərbiyə olunan uşaqlar diqqət azlığına görə, danışmaq, öz problemlərini deməkdə çətinlik çəkirlər. O, başqalarının onu başa düşəcək şəkildə danışa bilmir. Hansısa anda, uşaq onu başa düşməyəcəklərini anlayır. Bu səbəbdən də özü, hissləri barədə danışmaq cəhdlərindən imtina edir. Onlar susaraq vəziyyətin dəyişəcəyini, onu başa düşə biləcəkləri anı gözləyirlər. Danışa bilməmək onunla nəticələnir ki, uşaq özünə qapanır, onda uşaq mutizmi yaranır".

Ekspress.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.