Cəmiyyət

Mən niyə ağlamadım?

24 İyul 2014 21:55
0 Şərh     Baxış: 1 155
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Pöhrə vaxtı küləklərə, şimşək və şaxtalara, yandırıb yaxan günəşli günlərə məhəl qoymadan göylərə ucalmağa can atan, yaşlandıqdan sonra isə xəfif yellərdən belə diksinən ağaclar kimi insan da yaşlaşdıqca kövrəlir, eşitdiyi hər xəbəri, gördüyü hər hadisəni qulağından gözündən deyil, birbaşa ürəyindən keçirir.

Ölkəmizdə ötən əsrin 90-cı illərinin əvvəllərindən başlayaraq fəaliyyət göstərən özəl liseylər və "Araz" hazırlıq kurslarının fəaliyyətinin dayandırılması haqqında xəbər, həmin illərdə işğal olunmuş torpaqlarımız, şəhidlərimiz haqqında xəbərlər kimi sancıldı qəlbimə. Həmin məktəblərin açılması o çətin günlərdə sönməkdə olan ümidimizin yenidən canlanması demək idi. O zaman mən kənd məktəbində çalışırdım. Və günlərin bir günü rayonumuzda yeni fəaliyyətə başlamış Quba Özəl Türk Liseyinin direktoru ilə tanış oldum. O, israrla mənim liseydə işləməyimi istədi. Söhbət əsnasında o, məni liseydə işləməyə dəvət etdi. Boyun qaçırdığımı gördükdə dedi:

- Bu gün səni Qarabağa çağırsalar getməzdinmi?

Mən tərəddüdsüz:

- Gedərdim, - dedim.

Direktor nə desə yaxşıdır:

- Bu gün təhsil də Azərbaycanın Qarabağıdır. Düşmənə qarşı yalnız silahla deyil, elmi-texniki tərəqqi, iqtisadi, siyasi inkişafla da mübarizə aparmaq lazımdır. Gün gələcək ki, nəinki işğalçı Ermənistan, dünyanın böyük gücləri belə Azərbaycanla hesablaşmalı olacaqlar. O gözəl günə aparan yol, qardaşım, məhz müasir məktəbdən başlayır.

Söz deməyə yer qalmamışdı. Mən təklifi qəbul etdim. Türkiyədən gəlmiş müəllimlərin öz işlərinə çox məsuliyyətli münasibəti, şagirdlərlə rəftarı, yeniliklərə açıqlığı, öyrənmə şövqü, Azərbaycanın gələcəyi haqqında nikbinlikləri bizləri valeh edirdi. Bir şagirdin aşağı qiymət alması bütün məktəbin dərdi olurdu. Heç yadımdan çıxmaz: bəzi müəllimlər səhər tezdən məktəbə gəlib, dərs başlananacan şagirdlərlə məşğul olurdu. Elə bu kimi fədakarlıqların nəticəsində qısa müddətdə məktəbimiz dünya olimpiadalarında yer tutaraq dildən-dilə düşdü. Region məktəbi olmasına baxmayaraq, 700 balla, qızıl, gümüş, bürünc medallarla Azərbaycan təhsilinin şöhrətini dünyaya tanıtmağı bacardıq. Bacardıq, amma, "Daha bəsdir", yerinə "Daha yoxmu?" - deyib, heç bir nailiyyətimiz yoxmuş kimi, çox çalışmağa davam etdik. Çünki ölkəmizdə fəaliyyət gözstərən liseylərin xeyir-duasını nəinki Azərbaycanın, bütövlükdə Türk dünyasının fenomen liderlərindən olan rəhmətlik Heydər Əliyev cənabları vermişdi. O boyda dünyagörüşünə malik bir öndər heç vaxt yanılmazdı. Üstəlik, Prezidentimiz İlham Əliyev cənabları da bu məktəblərin fəaliyyətindən razılığını yüksək səviyyələrdə bəyan etmişdi.

Bütün bunlara görə məktəblərin fəaliyyətinin dayandırılması haqqında xəbər məni çox sarsıtdı. Axı biz, həmişə etimada sədaqət göstərməyə çalışmışıq. Torpağımıza, bayrağımıza, himnimizə, dövlətimizə, millətimizə sədaqətlə fəaliyyət göstərmişik. Elə buna görə də ağlamaq istəsəm də, ağlamadım. Ağlamamağımın səbəbini daha aydın anlatmaq üçün yazıma ingiliscədən tərcümə etdiyim bir hekayəni də əlavə etdim.

Qədim zamanlarda hər il öz kralını seçən bir ölkə vardı. Həmin ölkənin mövcud qanununa əsasən, kral seçilən adam səlahiyyət müddəti başa çatdıqdan sonra tənha bir adaya göndəriləcəyi haqqında müqavilə də imzalamalı idi.

...Hakimiyyət dövrü başa çatmış krallardan biri adaya yola salınmalı idi. Ona ən bahalı paltar geyindirib, filə mindirib xalq ilə vidalaşmaq üçün şəhərləri gəzdirdilər (Bu, fəaliyyəti başa çatan krallar üçün ən qəmli məqam idi). Bundan sonra isə onu gəmi ilə uzaq bir adaya apardılar.

Kralı tənha adada öz taleyi ilə baş-başa qoyub qayıdan adamlar geri qayıdarkən qəzaya uğramış bir gəmiyə rast gəldilər. Gəminin sərnişinlərindən təkcə bir cavan oğlan taxta parçasından yapışıb xilas ola bilmişdi. Özlərinə yeni kral lazım olduğu üçün onu gəmilərinə götürüb özləri ilə apardılar. Ondan kral olmasını xahiş etdilər. Cavan oğlan əvvəlcə boyun qaçırmaq istədi, sonra razılaşdı. Ona krallığın bir il davam edəcəyini, sonra uzaq, tənha bir adaya göndəriləcəyini izah etdilər.

Üç gündən sonra yeni seçilmiş kral vəzirlərindən əvvəlki kralların göndərildiyi adanı ona göstərmələrini tələb etdi. Onu həmin adaya apardılar. Ada sıx cəngəlliklərlə örtülmüşdü, vəhşi heyvan səsləri adamın qanını dondururdu. Ətrafdakı sür-sümük də oraya gətirilən keçmiş kralların acı aqibətlərindən xəbər verirdi.

Kral geri qayıdıb yüz nəfər gənci özü ilə həmin adaya gətirdi. Onlara sıx cəngəllikləri və oradakı vəhşi heyvanları məhv etməyi tapşırdı. Özü də hər ay adaya baş çəkib işlərin necə getdiyi ilə maraqlandı. Birinci ay cəngəlliklər təmizləndi, vəhşi heyvanlar məhv edildi. İkinci ay orada yaşayış üçün normal şərait yaranandan sonra kral gətirdiyi toyuq, ördək, keçi, inək və digər heyvanları ora buraxdı. Üçüncü ay orada böyük binalar, gəmilərin yan almaları üçün körpülər tikdirdi. Beləliklə, aylar ötdükcə ada gözəl bir məkana çevrildi. Qənaətlə dolanan kral qazancından da həmin adaya göndərirdi. İl tamam olanda gənc kralı əvvəlki krallar kimi xalqla vidalaşmaq üçün fil belində ölkəni gəzdirməyə başladılar. Keçmiş krallardan fərqli olaraq, bu gənc kral krallığı tərk edərkən ağlamaq əvəzinə gülürdü. Adamlar ondan:

- Bu an bütün kralların ağladıqları halda sən niyə gülürsən? - deyə soruşduqda gənc belə cavab verdi:

- Bilirsiniz ki, müdriklərin belə bir kəlamı var, uşaq kimi dünyaya gələndə sən ağlayırdın, ancaq hamı gülürdü. Elə bir ömür yaşa ki, öldüyün zaman sən gül, ətrafdakılar ağlasınlar. Mən də belə bir həyat yaşamağa çalışmışam. Məndən əvvəlki krallar cah-cəlal içərisində qərq olub, gedəcəkləri yer haqqında düşünmədikləri halda, mən gedəcəyim ölüm adasını rahatca yaşayacağım gözəl bir yaşayış yerinə çevirmişəm.

Məncə, bu ibrətamiz hekayənin əxlaqi nəticəsini izah etməyə ehtiyac yoxdur.

Ata-analarını, qohum-əqrəbalarını, sevdiklərini intizarda qoyaraq dünyanın çox ölkələrində mədəniyyətimizi, dinimizi, əxlaqımızı layiqincə yaşayaraq islam xofunu əritməyə çalışan insanlar çalışdıqları ölkələrin təhsil sistemində çox ilklərə imza atıblar. Bu məktəblərin ölkəmizdə də xüsusi nüfuzu vardır.

Sular durulacaq, hər şey olduğu kimi görünəcək.
 

"Zaman Azərbaycan"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.