Cəmiyyət

Tramvay dalınca qaçan Bakı - FOTO

24 İyul 2014 12:36
0 Şərh     Baxış: 1 580
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tramvay xətti Bakının Azneft dairəsini Zığ şossesi ilə birləşdirəcək

Bu gün Avropa şəhərlərində tramvay xəttinin mövcudluğu sivilizasiyadan xəbər verir. Bu, həm də ətraf mühitin təmizliyinə hesablanıb və insanların rahat hərəkətini təmin edir. Bu gün Avropa şəhərlərini yaxından görmək istəyən bir çox turist, təbii ki, o şəhərlərdə tramvayın xidmətindən istifadə edir. Bu, çox rahat və ucuzdur. Turistlər sadəcə bir neçə rahat tramvay marşrutu seçərək onun pəncərəsindən şəhərin gözəlliklərini seyr edə bilərlər. Əminliklə demək olar ki, bu şəhərlərdə ən komfortlu və tələb olunan nəqliyyat vasitəsi tramvaydır. Çünki bu, başqa nəqliyyat növlərindən daha ucuzdur və daha çox sərnişin daşımağa qadirdir.

Bakıda tramvay xətti 1924-cü ildə yaradılıb. İlk tramvay marşrutu üçün isə vağzaldan Azneft meydanınadək olan 6.6 km məsafə seçilib.

O vaxtdan bəri bakılılar tramvayın xidmətindən onilliklər boyu istifadə edib.

Təsəvvür etmək çətindir ki, həmin müddətdə tramvayların yerində müasir Avro-4 standartlarına uyğun olmayan avtomobillər olardı. Elə bu baxımdan mütəxəssislər hesab edirlər ki, ətraf mühitin və insanların sağlamlıq durumunun qayğısına qalmaq üçün yenidən tramvaylardan istifadə edilməlidir. Nəticədə bu, həm də şəhərimizin gözəlliyini birə-beş artırar.

Təəssüflər olsun ki, Azərbaycanda tramvay sisteminin dağılması ilə eyni vaxtda Avropa ölkələrində bu nəqliyyat növündə ekoloji təhlükəsizliyin qorunması üçün bir sıra yeniliklər tətbiq edilib.

Bakıda son tramvay xətti "Xətai" metro stansiyasından Montin bazarınadək məsafədə əhaliyə xidmət edirdi. Onun sökülməsi əməliyyatı isə 2004-cü ildə sona çatıb.

Bunu isə Bakıda nəqliyyatın çoxluğu ilə əlaqələndirərək həyata keçirmişdilər. Həm də Bakının tramvay xətti çox köhnəlmişdi və müasir tələblərə cavab vermirdi. Həm də tramvaylar hərəkət edəndə çox səs salırdı və xarici görkəmi də ürəkaçan deyildi. Ancaq bütün bunlar tramvay xəttinin sökülməsi üçün əsaslı dəlil hesab edilmirdi.

Etiraf etməliyik ki, o vaxtlar ölkə iqtisadiyyatı indiki kimi inkişaf etməmişdi.

İqtisadi və Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Vüqar Bayramovun fikrincə, tramvay xəttinin bərpa edilməsi üçün 1 milyard manat pul lazımdır: "Bu məbləğ xərclənərsə, tramvay xəttinin istifadəsi zamanı qazanılan pullar yenidən dövlət büdcəsinə qaytarıla bilər. Metro tikintisi tramvay xəttinin tikintisindən 3-4 dəfə baha başa gəlir. Buna görə də, xüsusilə şəhərin yeni yaradılmış sahələrində tramvay xətləri qurulmalıdır", - deyə ekspert bildirib.

Nəqliyyat vasitələri üzrə ekspert Azər Allahverənov isə hesab edir ki, Bakıda yeni dairəvi tramvay xətti yaradıla bilər. Bu xətt paytaxtımızın Əhmədli, Günəşli, 8-ci kilometr sahəsini, mikrorayonları, "Alatava", Yasamal, Musabəyov və Badamdar qəsəbələrini bir-birilə birləşdirə bilər. Bundan əlavə o yolla sərnişinlər Xırdalandan keçməklə Sumqayıta gedə bilərlər. Unutmaq lazım deyil ki, indi Bakının kənarında böyük Masazır massivi salınıb və bunun kimi yeni qəsəbələrin də salınması planlaşdırılır. Ələtin statusun da müəyyənləşdirilməsi yaxın vaxtlarda dəqiqləşdirilməlidir. Hazırda Qaradağ rayonu sürətli templərlə inkişaf edir və o istiqamətdə Sanqaçaladək yeni massivlərin salınması üçün işlər görülür. Və yeni salınan ərazilərdə də tramvay xətlərinin çəkilməsi layihələri gündəmdədir".

Avtobuslardan fərqli olaraq tramvaylarda insanlar sürücülərin gözlənilməz əyləclərindən narahatçılıq keçirmirlər. Müasir tramvayların dəmir relslərini isə hazırda rezin təkərlər əvəz etdiyindən onun Bakıda yenidən salınması həm də avtobusların səs-küyündən əhalini xilas edər.

Dünyanın müxtəlif ölkələrində benzinlə işləyən avtomobillərin əvəz edilməsi üzərində iş gedir. Mütəxəssislər həm də ekoloji cəhətdən təmiz işləyən yeni nəqliyyat vasitələrinin yaradılması haqda düşünürlər. Bir sıra ölkələrdə yeni elektromobillər istehsal edilir. Və nəticədə müasir ölkələrdə bütün nəqliyyat vasitələrinin elektriklə işləyəcəyi planlaşdırılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, atmosfer havasının çirklənməsinin 70 faizi avtomobillərin payına düşür.

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakıda tramvay xəttinin yardılması üçün 5 variant üzərində çalışır. Mediada yayılan məlumata görə, tramvay xətti Azneft dairəsini Zığ şossesi ilə birləşdirməlidir.

Hesab edirik ki, bu ideya gerçəkləşəcəyi təqdirdə şəhərimizin sakinləri və qonaqlar üçün ən yaxşı hədiyyə ola bilər.

Anspress

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.