Cəmiyyət

Alimdən alternativ enerji mənbəyi təklifi

24 İyul 2014 13:00
0 Şərh     Baxış: 773
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda neft və qazdan asılılığı necə ləğv etmək olar?

Yer kürəsində ümumi yanacaq ehtiyatı təxminən 400 milyard tondur. Bunun 280 milyard tonunu daş kömür, 50 milyard tonunu qaz, 37 milyard tonunu neft, 26 milyard tonunu torf təşkil edir. Hər il 17 milyard ton yanacaq işlədilir və işlədilən yanacağın miqdarı 20 ildə iki dəfə artır.

Yer kürəsinin ənənəvi enerji daşıyıcılarından sayılan neft ehtiyatının 0.6%-i Azərbaycandadır. Şübhəsiz ki, Azərbaycanda da neft ehtiyatı tükənməz deyildir. Mütəxəssislərin hesablamalarına görə, ölkəmizin 7 milyard barrel neft ehtiyatı var və indiki emal tempi davam etsə, bu yalnız 61 ilə bəs edəcək. Odur ki, gələcəkdə yarana biləcək çatışmazlıqları aradan qaldırmaq üçün alimlər yeni enerji növünü tapmaq haqda düşünürlər. Ona görə də qeyri-ənənəvi enerji ehtiyatlarından istifadə edilməsi aktuallaşır. Təsadüfi deyil ki, XXI əsri "Günəş və külək enerjisi əsri" adlandırırlar.

Ölkəmizdə Günəş və külək enerjisinin potensial imkanları olduqca böyükdür. Hesablamalara görə, Abşeron yarımadasında ilin 270 günü saniyədə 6:7 m/s-lə külək əsir, ölkə üzrə günəşli günlərin sayı isə 2500 saata bərabərdir. Lakin təəssüf ki, bu enerji növlərindən istifadə lazımi səviyyədə deyil.

Azərbaycanda 1976-cı ildən başlayaraq külək və Günəş enerji resursları AMEA-nın Radiasiya Problemləri İnstitutunun əməkdaşları tərəfindən öyrənilir. İnstitutda Günəş və küləyin enerjisinin cəmindən avtonom, stabil, istənilən Günəş və küləyin enerjilərindən birgə istifadə etməklə sıxılmış hava alınır və yerin alt qatlarına, dərinliyinə (200:600m), boşluqlara doldurulur. Həmin sıxılmış hava sonra turbinə verilir. Turbinlə elektrik generatoru əlaqəli olduğu üçün generatorda stabil, avtonom elektrik enerjisi alınır.

Günəş və külək elektrik stansiyasının müsbət cəhətlərindən aşağıdakıları göstərmək olar:

1.Stansiya vasitəsilə Yer kürəsinin səthindəki, yuxarı təbəqəsindəki Günəş, külək və yerin altındakı istilik enerjisinin cəmindən istənilən miqdarda tükənməyən, stabil elektrik enerjisini almaq mümkündür.

2.Qurğunu nefti tükənmiş və ya yerini su tutmuş quyuların üzərində quraşdırmaq olar. Onun üçün buruğun yuxarı hissəsinə pər və kompressor quraşdırmaq lazımdır.

3.Qurğudan aftonom, stabil və tükənməyən elektrik enerjisinin alınması ekoloji və iqtisadi cəhətdən çox sərfəlidir.

4.Günəş və küləkdən alınan enerjini yerin dərinliyində istənilən müddətdə və miqdarda toplamaq mümkündür.

5.Enerjini uzaq məsafəyə vermək üçün borudan başqa heç bir əlavə ötürücü qurğudan istifadə etmək lazım gəlmir.

6.Müasir dövrdə yer kürəsindəki kömür, neft və qazla işləyən elektrik stansiyalarını bu qurğu ilə əvəz etmək mümkündür. Bu isə kömür, neft və qazın qorunması deməkdir.

7.Hava anbarı və elektrik stansiyası yerin altında olduğu üçün təhlükəsizdir və onu hərbi yolla dağıtmaq mümkün deyil.

8.Hava anbarı və elektrik stansiyası yerin altında olduğu üçün yerin səthindən istifadə olunmur.

9.Stansiya ənənəvi yanacaq növlərindən (kömür, qaz, neft) istifadə etmir.

10.Stansiyaya heç bir yanacaq daşınmır.

11.Stansiya üçün heç bir yanacaq istehsal olunmur.

12.Günəş və küləyin enerjisi dəyişkən olmasına baxmayaraq bu stansiyanın verdiyi elektrik enerjisi stabil və tükənməzdir.

13.Günəş və küləyin enerjisini bir yerə toplamaq mümkündür.

Qeyd edək ki, AMEA Radiasiya Problemləri və Geologiya institutları bu işin pilot layihəsini hazırlayaraq müvafiq orqanlara verib. Baxmayaraq ki, bu gün alternativ enerji mənbələrindən istifadə və bu istiqamətdə işlərin sürətləndirilməsi ən vacib məsələlərdən biridir, indiyə qədər həmin orqanlar tərəfindən konkret addım atılmayıb. İstifadə edilməyən Günəş və külək enerjisi Azərbaycanın itirilmiş qiymətli sərvətidir. Başqa sözlə desək, Günəş və küləyin tükənməyən enerjisi əldəki uça bilən qiymətli şardır, əlinizdən buraxdınızsa, sizin deyil.

Son illərdə Azərbaycanda yenisi əmələ gəlməyən neft hasilatı 51 milyon tondan 43 milyon tona düşüb. Azalma prosesi dayanmadan davam edir, lakin daimi və bol olan Günəş və külək enerjisindən imkan olduğu və xəbərdarlıq edildiyi halda lazımi səviyyədə istifadəyə yol açılmır. BP şirkəti bildirir ki, qaz ehtiyatı mövcud tələbata əsasən, 56 il üçün dünyaya kifayət edəcək.

"Azadlıq" qəzeti
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.