Cəmiyyət

Qatıq var, yaxşı kənd qatığı...

23 İyul 2014 16:56
0 Şərh     Baxış: 8 218
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu sözlərə aldanıb salfetli qatıq yeməyin

Qatıq yay fəslinin ən sevimli ağartı məhsullarındandır desək yanılmarıq. Böyüklü-kiçikli qatığın dadını sevən, üstəlik qızmar yay aylarında bol istifadə edən bir xalq olaraq onun ən yaxşısı ilə pisini də ayırmaq qabiliyyətinə malikik. Qatıq faydalı məhsuldur. O zaman ki, onun tərkibində heç bir qatqı maddəsi olmasın və hazırlanışında əlavə üsullardan istifadə edilməsin. Təmiz süddən hazırlanan qatığın isə faydaları saymaqla bitməyəcək qədər çoxdur. Qatıq həzmi asanlaşdırır, dişdə daşların əmələ gəlməsinin qarşısını alır. Süddə olan laktoz maddəsi, qatıqda laktik turşuya çevrildiyindən, süd içə bilməyənlər lazımi maddələri əldə etmək üçün qatıqdan istifadə edə bilərlər. Qatıq vərəm xəstəliyinə qarşı təbii antibiotikdir, orqanizmi xərçəng, mədə-bağırsaq xəstəliklərindən qoruyur, eyni zamanda dəriyə parlaqlıq verir. Təbii ki, bütün bu sadalananlar təbii üsullarla hazırlanmış qatığın qəbulunun nəticəsidir. Amma bütün qatıqlar belə deyil.

Satışda istənilən növ, istənilən firmaya məxsus qatıqlar tapmaq mümkündür. Bu cür qatıqlar geniş yayılmamışdan əvvəl insanlar həyətlərə gətirilərək satılan qatıqları almaq üçün demək olar ki, sıra gözləyirdilər. Qiymət və dad baxımından münasib olan qablaşdırılmış firma qatıqlarının satışına başlanıldıqdan sonra isə balon qatıqların alıcıları da yavaş-yavaş azalmağa başladı. Gündəlik yemək üçün isə balon qatıqları elə də tərcih edilmir. Səbəb isə çox sadədir; indiki balon qatıqları dadsız və olduqca qeyri-təbii dada malikdir.

Asudə Əliyeva balon qatığına üstünlük verir. 2 uşaq anası olan evdar xanımın sözlərinə görə, o qatığı Saatlıdan gələn və qatıq satışı ilə məşğul olan qadından alır. Dəyərindən də artıq pul ödəyərək mümkün qədər qatqısız qatıq almağa çalışan A.Əliyeva qatığın dadından onun necə hazırlandığını da biləcək qədər ustalaşıb: "Hər iki oğlum kalsium çatışmazlığından əziyyət çəkdiyi üçün mütəmadi ağartı məhsullarından istifadə etməlidir. Təmiz qatıq tapmaq isə çətin məsələdir. Əslində çox insan yediyi qatığın niyə dadsız olduğunu bilmir. Buna səbəb süd və ya maya deyil. Buna səbəb satıcıların çoxbilmişliyidir. Paraşok südlərdən hazırlanan qatıqlar, qatığın qalın üzü olsun deyə istifadə olunan ağ salfetlər dadın itməsinə səbəb olur. Bunu heç bir qatıq satan etiraf etmir, amma qatıq aldığım qadın öz satdığı qatığın təmizliyini isbat etmək üçün "ye, bax mənim qatıqlarım salfet dadı verməz" dediyi an bildim ki, kənd qatığı adı ilə satılan qatıqların 50%-i bu üsulla hazırlanır. Ona görə o qadına etibar edib qatığı ondan alıram. Qatqısız qatıq ən gec 3 gün içində turş dad verməyə başlayır. Qatqısı olan qatıqlar isə 1 həftə belə dadını dəyişmədən qalır. Təbii olan qatığın bu qədər uzunmüddətli təmiz qalması mümkün deyil".

Qida məhsullarının böyük hissəsinin konservant maddələrdən hazırlandığı dövrdə süd və süd məhsulları ilə zəhərlənmədən qurtarmaq mümkün deyil. Əksinə, indi asanlıqla süd və qatıq məhsullarından zəhərlənmək mümkündür. Əvvəllər qatıqdan zəhərlənməyə qarşı istifadə olunurdusa, bu gün qatığın özü də zəhərlənmə yarada bilir. Toksikoloq Azadə Rəhimova bu fikirdədir. O deyir ki, istənilən məhsulun xarab olma müddəti var. Bu müddətdə xarab olmayan məhsulun tərkibi ilə oynanılmış olur ki, bu cür məhsullar nə qədər təmiz qalır- qalsın özü elə zəhər yığnağıdır: "Təbii süd və qatıqla hazırlanmış qatığın 1 həftə qalması mümkün deyil. Üzərində kif yaranacaq, ən yaxşı halda isə dadı dəyişəcək. Tərkibi ilə oynanılmış qatıqlarda bu belə deyil. 1 həftə, hətta 1 ay saxlanılsa belə qatıqda bir dəyişiklik olmur. Bu cür məhsulun müddətinin bitməsini gözləmək lazım deyil. Bunlar müddəti bitməmiş zəhərlərdir. Məsələn, 2007-ci ildə Stavropolda kütləvi zəhərlənmənin səbəbi kimi qatıq ortaya çıxmışdı. Hər nə qədər gülməli səslənsə də qatqılı qatıq 250 nəfərin zəhərlənməsinə səbəb olmuşdu. Ümumiyyətlə, məsləhət görərdim ki, qatıq evdə hazırlansın. Evdə hazırlanma imkanı yoxdursa, tanış kimdənsə qatıq alsınlar. Əgər bu da mümkün deyilsə, qablaşdırılmış qatıqlardan istifadə edilsin. Düzdür, qablaşdırılmış qatıqların da müddəti 3-6 ay göstərilir, yəni onlar da sırf təmiz deyil, amma bu cür qatqılar birbaşa zəhərlənmə də yaratmır".

Qeyd edək ki, marketlər və meyvə-tərəvəz dükanları kənd yerlərindən qatıq-süd gətirənlərdən baytar arayışı tələb edirlər ki, bunu da hər qatıq alverçisi təmin edə bilmir. Bu səbəbdən kənd qatıqları birbaşa əldən satılmaq üçün sahibləri tərəfindən həyətlərə gətirilir. Yerli əhali isə infeksion xəstəlik qorxusundan ya kənd qatığı yeməkdən imtina edir, ya da onu inandıqları alverçilərdən alırlar. Mağazalarda satılan fabrik istehsalı qatıqlar isə elə də populyar deyil, həmin qatıqların quru süddən istehsal edildiyi dərhal aydın olur. Sağlam ağartı məhsulu tapmaq isə müşgül məsələdir.

Ekspress.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.