Cəmiyyət

Ölkənin qızıl bazarında durğunluq hökm sürür

22 İyul 2014 18:44
1 Şərh     Baxış: 897
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Hər zaman qeyri-sabitliyi ilə seçilən qızıl bazarında bu aralar yenə durğunluq yaşanır. Alıcıların azlığından şikayətlənən satıcılar, qiymətlərin də münasib olduğunu vurğulayır.

Qızıl-zinət əşyaları hər zaman insanların diqqətini üzərinə çəkməyə müvəffəq olub. Zərifliyi ilə xoş təəssürat bağışlayan zinət əşyaları, eyni zamanda dar günün dayağı kimi qəbul olunur. Qərblə müqayisədə şərq ölkələrinin insanları qızıla daha böyük maraq göstərir ki, ölkəmizdə də belədir. Azərbaycanda qızıl-zinət əşyalarına maraq hər zaman olub. Lakin bütün dünyada olduğu kimi, Azərbaycanda da ilin müxtəlif vaxtlarında qızıl bazarında durğunluq yaşanır. Bir neçə ay bundan əvvəl qızılın qiymətinin istər dünya, istərsə də ölkə bazarlarında artığı və bu artımın davamlı olacağı proqnozlaşdırılsa da, günümüzdə satıcılar bunun əksini qeyd edirlər. Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, qızılın qiymətinin əvvəlki aylara nisbətən aşağı düşməsi ilə yanaşı əhalinin alıcılıq qabiliyyətinin də azalması qızıl ticarəti ilə məşğul olanları narahat edir.

Satıcı: "Çox zəifçilikdi. Nə ilə əlaqəli olduğunu hələ özümüz də bilmirik, amma çox zəifçilikdir. Qiymətlərimiz də sərfəlidir. Elə çox yüksək deyil. Lakin alıcı qüvvəsi zəifdir".

Satıcılar son vaxtlarda qızılın qiymətinin aşağı düşməsini Ramazan ayının gəlişi ilə izah edirlər. Onların fikrincə, Ramazan ayı olduğundan toy mərasimlərinin sayı azalıb ki, bu da alıcılıq qabiliyyətinə birbaşa təsir göstərir.

Satıcı: "Bu aralar orucluqla əlaqəli olaraq alver o qədər də yaxşı getmir. Qızılın qiyməti çox aşağıdır. Bir unsiya qızıl 1306 dollardır. Yəni qiymətlər aşağıdır. Amma yenə də alıcı yoxdur. Bu gün deyə bilərəm ki, qızılın qiymətinin alıcılığa təsiri yoxdur".

Qızıl almaq niyyətində olan şəxslər də qiymətlərin qənaətbəxş olduğunu bildirir.

Alıcı: "Normaldır. Satmaq xeyir eləməsə də, almaq xeyir eləyir".
Alıcı: "Qane edir deyəndə də "palaza bürün, elnən sürün". Qane etməsə də, məcburuqsa, almalıyıq. Qiymətlər düşüb, amma baxır hansı qızılda, nə qədər".

Ekspertlərin fikrincə isə yay aylarında bu qiymətli metala tələbatın azalması və bu azalmanın yol açdığı ucuzlaşma gözlənilən və normaldır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.