Cəmiyyət

Suda batanların sayı niyə artır?

22 İyul 2014 16:56
0 Şərh     Baxış: 1 193
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Suda boğulanlara necə kömək etməli?

Yay gələn kimi hamı istirahət üçün çimərliklərə üz tutur. Dəniz, qızmar qum və günəş hamının istirahətinin bir parçasına çevrilib. Amma bəzən bu istirahət insanlara həyatı bahasına başa gələ bilər. Ehtiyatsızlıq, laqeydlik və arxayınlığın sonu həyatın bitməsi ilə nəticələnir.

Belə ki, ötən il sularda 50 nəfərə yaxın insan boğularaq canından olub, 377 nəfər vətəndaş isə xilasedicilər tərəfindən xilas edilib. Bu faktlarınsa, demək olar ki, hamısı istirahət üçün qadağan olunmuş ərazilərdə qeydə alınıb.

Yeri gəlmişkən, həftəsonu Azərbaycanda 4 nəfər suda boğularaq ölüb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin məlumatına görə, şənbə günü, iyulun 19-da Salyan rayonu Paçaxalac kəndinin ərazisində kənd sakini Heydərağa Mirzəyev Kür çayında çimərkən, Lənkəran rayonu Havzava kəndinin ərazisində isə Veriəliabad kənd sakini Mirələm Rəhimov göldə çimərkən suda boğulublar.

Bazar günü Bakı şəhər sakinləri İlqar Mustafayev Kürdəxanı çimərliyində, Təbriz Qəmbərzadə Xaçmaz rayonu Nabran qəsəbəsinin ərazisində dənizdə çimərkən boğulublar. Onların meyitləri sudan çıxarılıb.

Xatırladaq ki, DİN-in məlumatına görə, suda boğulma ilə bağlı iyulun 14-də və 17-də Azərbaycanda 8 nəfərin ölüm faktı qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətindən (DSXX) Trend-ə verilən məlumata görə isə, bu il iyulun 14-dək ölkədə qeyri-çimərlik ərazilərdə 18 nəfərin suda boğulması faktı baş verib.

Dövlət Sularda Xilasetmə Xidmətinin təbliğat və təşkilat sektorunun müdiri Mənsur Piriyevin "Ekspress"ə verdiyi xəbərə görə, xilasedicilərin fəaliyyət göstərdiyi çimərliklərdə belə hallar müşahidə olunmur. "Son günlər havaların isti və küləkli keçməsi ilə bağlı insanların təhlükəsizliyini qoruma, xilasetmə işləri gücləndirilib. Xialedicilərimiz sahil zolağında və suyun içində müəyyən edilmiş xətt üzrə səhər saat 9-dan 21-ə kimi hərəkət edirlər. Eyni zamanda sutka ərzində rəsmi su hövzələri və çimərliklər xilasedicilərimiz tərəfindən nəzarətdə saxlanılır".

Bədbəxt hadisələr isə qeyri-çimərlik ərazilərdə - kanallar, çaylar, göllər, çimmək üçün qadağan edilən su hövzələrində baş verir. M.Piriyev bildirib ki, il ərzində 128 nəfər xilasedicilər tərəfindən boğulmaqdan xilas edilib, 24 nəfər isə çimərlik üçün qadağan edilmiş yerlərdə suda batıb. "Bu 24 nəfərin də cəsədləri xilasedicilər tərəfindən çıxarılaraq, hüquq mühafizə orqanlarına təhvil verilib. Rəsmi çimərlik ərazilərində 1 nəfər belə suda batma halı baş verməyib. Bütün baş verən hallar qadağan edilən yerlərdə baş verib".

Piriyev valideyinlərə məsləhət görür ki, uşaqlarını qadağan edilmiş su hövzələrində nəzarətsiz buraxmasınlar. Valideynlər rəsmi çimərliklərdə azyaşlıları, uşaqları, gəncləri nəzarətdə saxlasınlar. Onları təhlükəli yerlərə, qadağan olunmuş ərazilərə buraxmasınlar. "Son günlər məktəblər bağlı olduğu üçün su hövzələrinə məktəblilər gəlirlər. Və onlar xilasedicilərin tələblərinə riayət etmirlər, isti və küləkli havada suya daxil olurlar. Amma küləyin sürəti saniyədə 14 metri keçərsə, belə vəziyyətdə suya girmək qadağandır. Həmin şəraitdə nə qədər üzməyi bacaran insan olsa da, təhlükə ilə qarşılaşmağı realdır. Ona görə də bütün sakinlərdən xahiş edirəm ki, qaydalara riayət edib ehtiyatlı olsunlar".

Mənsur Piriyevin də dediyi kimi bu günə qədər baş verən 24 suda boğulma faktı qeyri-rəsmi ərazilərdə, su hövzələrində baş verib. İnsanlara nə qadağan edilirsə, insan qadağan edilənə can atır. Bu da çox zaman yaxşı nətilənmir. Bəs suda boğulan insana necə kömək etmək olar? Bu barədə danışan üzgüçülük müəllimi Azər Əfəndiyevin sözlərinə görə, suda batan şəxsi xilas etmək üçün ona arxadan yaxınlaşmaq lazımdır. Çünki suda boğulan insan təlaş içində olduğu üçün onun sizdən tutması və qeyri-iradi hərəkətləri sizin işinizi çətinləşdirə bilər. "Suda batanın qeyri-iradi, təlaşlı hərəkətlərinin qarşısını almaq üçün ən aktiv üsul onu suda batırmaqdır. Belə şəraitdə o, yardım göstərən şəxsi buraxmağa məcbur olur. Bundan sonra yardım göstərən suya baş vurub zərərçəkəni tapmalı, əlindən və ya saçlarından tutub onunla birlikdə suyun üzərinə çıxmalıdır. Yardım edən şəxs sərbəst qalan əli və ayaqları ilə hərəkət edib üzməli, kənara çıxmalıdır".

Boğulmuş şəxs sudan çıxarıldıqdan sonra vəziyyətinə uyğun yardım göstərilməlidir. Zərərçəkmişin huşu özündədirsə və nəbzi normal vurursa, onu başıaşağı sərt döşək üzərində uzatmaq, quru dəsmalla ovxalamaq və geyindirək lazımdır. Zərərçəkmişə isti içki, çay, kofe verib, isti odeyalla bürümək lazımdır. Zərərçəkmişin huşu özündə deyilsə, amma nəbzi normal vurursa, normal nəfəs alırsa, bu zaman onu başıaşağı meylli uzatmaq, çənəsini açıb ağzında olan lil və qusuntuları təmizləmək lazımdır. Daha sonra zərərçəkmişi qurulayıb isidin.

Suda batan şəxsin huşu özündə deyilsə, tənəffüsü və ürəyi dayanıbsa, ona süni nəfəs verib, ürək masajı etmək məqsədəuyğundur. Tənəffüs yollarından maye çıxarmaq üçün yardım göstərən ayağını dizdən bükərək zərərçəkmişi qarnı üstə budunun üzərinə qoyub əli ilə onun kürəkləri arasındakı sahəyə güclü şəkildə təzyiq etməklə tənəffüs yollarından suyu xaric etməlidir. Bu əməliyyat süni tənəffüsün verilməsinin gecikdirilməməsi üçün 10-15 saniyədən çox çəkməməlidir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.