Cəmiyyət

Sadiq Gözəlov: "Hüquq və filologiya fakültələri qaldı bir kənarda, jurnalist oldum" - FOTO

22 İyul 2014 11:49
0 Şərh     Baxış: 4 151
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəisi, polis polkovniki Sadiq Gözəlov "Media forum" saytının suallarını cavablandırıb.

- Əksəriyyət sizi polis əməkdaşı kimi tanıyır. Amma siz ondan əvvəl jurnalist kimi fəaliyyət göstərmisiz. Jurnalistikadan daxili işlər orqanlarına gəlməyiniz necə baş verib? Jurnalist həyatınız haradan başlayıb və necə keçib?

- Bakıda fizika-riyaziyyat təmayüllü məktəbi bitirməyimə baxmayaraq arzum hüquqşünas olmaq idi. Sənədlərimi ozamankı Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə vermək istədim. Amma götürmədilər. Çünki atam o vaxtlar kənd klubunun müdiri işləyirdi. Həmin vaxtlar belə bir qayda vardı: dövlət qulluğunda çalışanların övladlarını hüquq fakültəsinə götürmürdülər.

Sənədlərimi universitetin filologiya fakültəsinə verməyə məcbur oldum. Qəbul olunacağıma arxayın idim. Filologiya fakültəsi üçün 75 yer ayrılmışdı. Onun 50-si orta məktəbi qurtaranlar, 25-i isə hazırlıq kurslarını bitirənlər və qızıl medalçılar üçün idi. Mən də həmin 50 yerə sənəd verən abituriyentlər sırasında 1536-cı yerdəydim. İmtahanlardan "beş" almağı düşünürdüm. Tale elə gətirdi ki, iki il dalbadal müsabiqədən keçə bilmədim. Yüksək qiymətlər alsam da, cəmi yarım balım çatmadı...

Hərbi xidmətə çağırıldım. Əsgərlikdən qayıtdıqdan sonra Sumqayıtdakı Boru-Prokat Zavodunda işləməli oldum. Çünki təhsilimi davam etdirmək üçün mütləq Bakıda qalmalı və haradasa işləməli idim. Zavodda fəhlə işləməklə yanaşı yaradıcılıqla da məşğul olurdum. Zavodun özünün həftədə bir dəfə işıq üzü görən "Metallurq" adlı qəzeti var idi. Dörd səhifəlik qəzetin iki səhifəsi Azərbaycan, digər iki səhifəsi isə rus dilində çıxırdı. Mən də qəzetə şeirlər və məqalələr yazıb aparırdım. Yəqin ki, şeir və məqalələrim redaktor Həsən müəllimin xoşuna gəldiyi üçün məni qəzetdə işləməyə dəvət etdi. Həmçinin zavodun radio verilişləri adlı redaksiyası da var idi. Redaksiya zavodun fəhlələri üçün radio verilişləri hazırlayırdı. Sırf zavodun və fəhlələrin həyatı ilə bağlı olan verilişlər gündəlik hazırlanıb efirdən oxunurdu. Məni həmin redaksiyaya redaktor götürdülər.

Bir il zavod həyatından sonra əla qiymətlərlə universitetin jurnalistika fakültəsinə daxil oldum. Oxuduğum beş il ərzində qiymət kitabçamda yalnız bir fəndən "dörd" oldu. Üçüncü kursun yanvar sessiyasında tarixi materializm fənnindən Məmməd adlı müəllim mənə 4 yazdı. Etirazımı bildirdim, hətta onunla aramızda qısa mübahisə yaşandı. Narazılıq edib dekanımız Tofiq müəllimin yanına getdim. Bildirdim ki, lazım gələrsə, bütün sualları cavablandıra bilərəm. Lakin hər üç imtahan vərəqinə qiymət yazıldığı üçün düzəliş etmək mümkün olmadı.

Tətildən sonra yenidən imtahana girmək üçün göndəriş almaq məqsədilə bir neçə dəfə universitetin elmi işlər üzrə prorektorunun yanına getdim. Amma prorektorla görüşə bilmədim.

O dövrün ən böyük tələbə təqaüdü sayılan Lenin təqaüdü almalı idim. Hətta bu, elmi şurada da təsdiq olunmuşdu. Həmin vaxtadək jurnalistika fakültəsindən heç kim Lenin təqaüdü almamışdı. Bu, fakültə üçün də bir nüfuz məsələsi idi. Sonralar bildim ki, həmin təqaüdə 3 namizəd varmış. Onlardan ikisi universitet professorlarının övladları, biri də mən idim. Bu səbəbdən Məmməd müəllim mənə sifarişlə "dörd" yazıbmış.

Hazırda mənim müavinim olan Cavid Xaspoladov bizim qrup nümayəndəsi idi. Mən fakültənin komsomol katibi idim. Düzdür, vaxtilə komsomolda işləmiş, vəzifələr tutmuş insanlar haqda indi müxtəlif fikirlər söylənilir. Amma o zaman komsomol çox böyük təşkilat, məktəb idi, hamı çalışırdı komsomola üzv olsun, orada vəzifə pillələri ilə irəliləsin, özünə karyera qursun.

- Universitet tələbəsi olanda artıq jurnalist kimi fəaliyyət göstərmişdiniz. Bunun əla qiymətlərlə oxumağınıza hər hansı təsiri var idimi?

- O vaxtlar, elə indi də universitetin jurnalistika fakültəsində oxuyanlar və oranın məzunları yaxşı bilirlər ki, həmin fakültənin müəllimləri ən təmiz, ən ləyaqətli, ən vicdanlı və vətənpərvər şəxslər olub və bu, indi də belədir. Şirməmməd Hüseynov, Nəsir İmanquliyev, Famil Mehdi, Cahangir Məmmədli, Əliş Nəbili, Tofiq Rüstəmov kimi müəllimlər mənə dərs deyib. Onlar elə müəllimlər idi ki, hər kəsə yalnız öz biliyinə və savadına görə qiymət verirdilər. Jurnalist işləməyimə baxmayaraq özümü o qədər də güclü qələm sahibi hesab eləmirdim. Öncə "Metallurq" qəzetində çoxlu şeirlərim dərc olunub. İşə götürüləndən sonra isə məqalələr yazmalı və verilişlər hazırlamalı idim. Amma yaxşı oxuyurdum.

- Beləliklə, hüquqşünas olmaq arzunuz qaldı bir tərəfdə...

- Bəli, hüquq və filologiya fakültələri qaldı bir kənarda, sonda jurnalist oldum. Jurnalistika fakültəsini də qeyd etdiyim kimi, fərqlənmə ilə bitirdim. Gözəl insan, ləyaqətli ziyalı, görkəmli jurnalist Şirməmməd Hüseynov mənim diplom rəhbərim idi. O, yazdığı rəydə diplom işinin namizədlik dissertasiyası kimi davam etdirilməsini məsləhət görmüşdü. Diplom mövzum "İdeoloji mübarizədə kütləvi informasiya vasitələrinin rolu" idi. Bu mövzu o günlərdə və düşünürəm ki, bu gün də çox aktual olan bir məsələdir. Müstəqilliyin ilk illərində dinləyicilərin maraqla qulaq asdıqları "Azadlıq", "Azad Avropa", "Amerikanın səsi" və digər radiostansiyaları alt-üst eləmişdim. Yeri gəlmişkən, son illər möhtərəm prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qazandığı uğurları gözləri götürməyən, ölkəmizin müstəqil siyasət yeritməsini və beynəlxalq aləmdə böyük nüfuzu olan dövlət olmasını istəməyən qüvvələr bu gün bəzi xarici elektron KİV-lərin tribunalarından, ənənəvi çap mediasının imkanlarından respublikamızın əleyhinə "geninə-boluna" istifadə etməyə çalışırlar. Lakin anlamırlar ki, zaman o zaman deyil. Regionunun ən güclü və qüdrətli dövləti olan Azərbaycanın haqq səsi indi dünyanın ən ali və mötəbər tribunalarından, kürsülərindən daha gur gəlir, daha inamla eşidilir.

- İndi Şirməmməd müəllimlə heç görüşürsüz?

- Sonuncu dəfə Şirməmməd müəllimlə onun Bakı Dövlət Universitetində təntənəli şəkildə keçirilmiş yubiley tədbirində görüşmüşük. Allah ona yüz il ömür versin! Təəssüf ki, sıx iş qrafikimlə əlaqədar olaraq keçmiş müəllim və həmkarlarımla mütəmadi şəkildə əlaqə saxlaya bilmirəm. Boş vaxtım çox az olur. İndi zaman elə bil daha qaçaraqdır. Bir də görürsən ki, həftələr, aylar, hətta illər də bir göz qırpımında keçir.

- Jurnalistika fakültəsini qurtarandan sonra harada işlədiniz?

- Rəhmətlik Nəsir İmanquliyev məni redaktoru olduğu "Bakı" qəzetinə aparmaq istəyirdi. Amma mən ailə vəziyyətimlə bağlı Naxçıvana getmək istədim. O vaxt jurnalistika fakültəsini qurtaranlara göndəriş verirdilər. Universitetin rektoru Faiq Bağırzadənin imzası ilə məni vilayət partiya komitəsinin birinci katibinin sərəncamına göndərdilər. Birtəhər onun qəbuluna düşdüm. Məndən soruşdu ki, harada işləmək istəyirsən. Cavab verdim ki, öz ixtisasım üzrə. Katib aidiyyəti şəxslərə göstəriş verdi ki, məni ya qəzetdə, ya da televiziyada işlə təmin etsinlər. Həmin vaxtı onlar "baş üstə" desələr də, ixtisasım üzrə iş tapmaq müşkülə çevrildi. Mənə bildirdilər ki, yer yoxdur, kimisə çıxarıb onun yerinə səni qoya bilmərik, boş yer olanda xəbər verəcəyik.

Bir neçə ay keçdikdən sonra rayon komsomol komitəsindən zəng vurub vilayət komsomol komitəsinə getməyimi istədilər. Orada lektor, yəni mühazirəçi vəzifəsinə təyin edildim. Daha sonra təbliğat və mədəni kütləvi işlər şöbəsinin inspektoru keçirdirlər. Sonradan həmin şöbənin müdiri oldum.

Onu da deyim ki, komsomolda çalışmaqla yanaşı, Naxçıvan televiziyası ilə əməkdaşlıq edib müəyyən verilişlər də hazırlayırdım. Deyilənə görə, bu verilişlər televiziya rəhbərliyinin və tamaşaçıların xoşuna gəlirdi. Həmin vaxtlar AzTV-nin məşhur simalarından olan Telli Pənahqızı Naxçıvana gəlmişdi. Televiziyanın Naxçıvandakı müxbir yeri də boş idi. Telli xanım mənə müxbir kimi işləməyi təklif etdi. Məmnuniyyətlə bu təklifi qəbul etdim. Telli xanım Bakıda kimlərləsə danışdı. Deyim ki, o zamanlar bu, çox hörmətli və nüfuzlu vəzifə sayılırdı. Televiziyanın Azərbaycanın bölgələrində cəmi 3 xüsusi müxbiri fəaliyyət göstərirdi. Gəncədə Əhməd Qədiroğlu, Qarabağ regionu üzrə Allahverdi Məmmədli, Naxçıvan Muxtar Respublikasında isə xüsusi müxbir mən oldum.

Əvvəlcə Telli xanımın istəyi ilə Naxçıvandan bir-iki süjet hazırlamalı oldum. "Günün ekranı" xəbərlər proqramında ciddi siqnallar gedirdi. Yəni ciddi problemlər qoyulur, tənqidi süjetlər verilirdi. O zaman televiziyanın təsir gücü böyük idi.

Telli xanım, mən və operator Ənvər Rəhimov Naxçıvanın dəmir yol stansiyasının dalan yollarında yığılıb qalmış yüklərlə bağlı bir-iki süjet hazırladıq. Bu, təxminən 1986-cı ilin sonu, 1987-ci ilin əvvəllərinə təsadüf edir. Kimlərinsə məsuliyyətsizliyi ucbatından xaricdən gətirilmiş milyonlarla manatlıq yüklər və avadanlıqlar suyun və qarın altında baxımsız halda qalmışdı. Telli xanım dedi ki, ehtiyatlı olmaq lazımdır, çünki sonra Naxçıvan rəhbərliyi mənə xeyli problem yarada bilərdi. O səbəbdən mən sadəcə mikrofonu tuturdum, ekranda üzüm görsənmirdi, hazırladığım mətni də diktor oxuyurdu. Süjetdə problemlər qabardılırdı.

Birinci süjet Naxçıvanda bomba kimi partladı. Təsəvvür edin ki, süjeti hazırlayanı hər yerdə axtarırdılar. Əgər vilayət rəhbərliyi həmin süjetləri hazırlayanın komsomol komitəsinin işçisi olduğunu bilsəydi, həmin adamın başına oyun açardılar. Süjetlər o zaman Teleradio Komitəsinin sədri olan rəhmətlik Elşad Quliyevin çox xoşuna gəlmişdi. Telli xanım mənə Elşad müəllimlə görüşməyi təklif etdi. Görüş zamanı Elşad müəllim elə mənim yanımda Azərbaycan komsomolunun birinci katibi Cahangir Müslümzadəyə zəng vurdu. Bildirdi ki, sizin bir işçinizi müxbir götürmək istəyirik. Naxçıvan rəhbərliyi sənədlərimlə tanış olduqdan sonra məni buraxmaq istəmirdi, müəyyən vədlərlə orada saxlamaq istəyirdi, daha böyük vəzifəyə irəli çəkiləcəyimi bildirirdi. Onlardan mane olmamalarını xahiş etdim. Dediyim kimi, əvvəldən də ixtisasım üzrə işləmək istəyirdim. Tale elə gətirdi ki, AzTV-nin Naxçıvan Muxtar Respublikası üzrə xüsusi müxbiri təyin olundum.

- Televiziyada neçənci ilə qədər işlədiz?

- 1995-ci ilin iyun ayına qədər, yəni Daxili İşlər Nazirliyinə gələnə kimi televiziyada işləmişəm. İşlədiyim zamanlarda Naxçıvanın bütün bölgələrində, ən qaynar nöqtələrində çəkilişlər aparmışam.

- Sizə yaxşılıq edən şəxslərin adlarını qeyd edirsiz. Bəs sizi işə götürməyənlərin adlarını niyə çəkmirsiniz?

- Bəlkə belə daha yaxşıdır. Həmin insan hörmət elədiyim çox ziyalı və yüksək vəzifələrdə işləmiş şəxsdir. Bu müsahibəni oxusa, söhbətin ondan getdiyini özü biləcək. Mühazirəçi olanda həmin şəxs nazirliklərin birində çalışırdı. Bir gün görəndə soruşdu ki, işin necə oldu? Mühazirəçi işlədiyimi dedim. Onların nazirliyində mühazirə oxumağımı istədi. Mən də razılaşdım. Nazirlikdə mühazirədən sonra həmin şəxsin mənə münasibəti tamamilə dəyişdi. Sonra məni həmin nazirliyə işləməyə dəvət etdilər. Amma müəyyən səbəblərdən imtina etdim.

Artıq həmin illərdə milli oyanış hərəkatı başlamışdı. Zori Balayanın "Ocaq" kitabından sonra akademik Piotrovskinin Ermənistan Elmlər Akademiyasının rəhbərliyinə ünvanlanmış məktubu və digər sənədlər yayılmışdı. Xalq artıq bu məsələləri müzakirə edirdi. Mən də əldən-ələ keçən həmin broşürləri, arxiv materiallarını çətinliklə də olsa tapıb oxuyurdum. Milli özünüdərkə xidmət edən bu əsərləri, yalançı erməni təbliğatının əleyhinə yazılmış, həm də ermənilərin yazdıqlarına cavab olaraq nəşr olunan həmin materialları özüm oxumaqla yanaşı digər şəxslərə də verirdim. Oxuduqlarımın bir çoxuna sonralar Sabir Rüstəmxanlının "Ömür kitabı"nda rast gəldim.

Bir məqamı da xatırlayıram. 80-ci illərin ortalarında İrəvanda SSRİ komsomolunun bir tədbiri keçirilirdi. Azərbaycandan o tədbirə gedənlər arasında mən də vardım. Orada bizi bir neçə muzeyə apardılar. Həmin muzeylərdə türklərin əleyhinə olan müəyyən plakatları, fotostendləri, şəkilləri görüb etirazımı bildirdim. Bizimkilər isə məni zorla sakitləşdirirdilər. Həmin fotoşəkillərin və plakatların üzərində guya türklərin erməniləri soyqırımına məruz qoyduqları, hətta insan kəllələrindən guya piramida düzəltdikləri barədə uydurma və çirkin iddialar yer almışdı...

- Daxili işlər naziri Ramil Usubovla tanışlığınız nə zamandan başlayır?

(Ardı var)

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.