Cəmiyyət

Lerikdə başlayan yanğın Hirkan Milli Parkına keçdi - YENİLƏNİB - FOTO

22 İyul 2014 18:34
0 Şərh     Baxış: 1 522
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yağının söndürülməsinə helikopter cəlb olunub, ETSN-in fövqəladə hallar üzrə Tədbirlər Mərkəzinin 20 nəfərlik heyəti Lerik rayonuna yol düşüb


18:34


Lerik rayonunun Piran kəndində dağlıq meşə ərazisində başlayan yanğın Hirkan Milli Parkına keçib.

APA-nın xəbərinə görə, yanğın parkın Lənkəran rayonu ərazisində saat 16.20 radələrində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Lənkəran Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi cəlb olunub.

Yanğın yüksəklikdə baş verdiyindən əraziyə yanğınsöndürən avtomobillərin qalxması mümkün deyil.

Yanğın böyük ərazini əhatə edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova APA-ya bildirib ki, ötən gün Lerik rayonunun Piran kəndində yüksək dağlıq yanğın bələdiyyə ərazisində başlayan, sonradan yüksək dağlıq meşə fondu torpağına keçən yanğın bu gün külək nəticəsində başqa ərazilərə də keçərək daha böyük ərazini əhatə edib. İ. İbrahimova deyib ki, yüksək dağlıq ərazidəki meşədə davam edən yanğın meşə fondu ilə sərhəddə yerləşən Hirkan Milli Parkının Haftoni meşəbəyliyinin 21 saylı dolayına keçib və təxminən 0,2 hektar ərazini əhatə edib. Hadisə yerinə Milli Parkın və ETSN-in bütün qurumlarının, yerli qurumlarının əməkdaşları cəlb olunub.

Hadisənin ciddiliyi nəzərə alınaraq ETSN-in fövqəladə hallar üzrə Tədbirlər Mərkəzinin lazımi avadanlıqları götürülərək, nazirliyin 20 nəfərlik heyəti Lerik rayonuna yol düşüb. Yanğının söndürülməsi üçün müvafiq tədbirlər görülür.

FHN də yanğınla bağlı məlumat yayıb. Məlumatda deyilir ki, Lənkəran rayonu Hirkan Milli Parkının (rayon mərkəzindən 8 km aralı) dağlıq ərazidə yerləşən hissəsində yanğın hadisəsi baş verib. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsindən 1 helikopter, 2 ədəd yanğınsöndürmə texnikası və müvafiq şəxsi heyəti cəlb edilib. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Qeyd edək ki, Piran kəndində (rayon mərkəzindən 35 km aralı) dağlıq meşə ərazisində yanğın bir neçə gündür, davam edir.

Yanğınsöndürən maşınların hadisə yerinə qalxması mümkünsüz olduğundan yanğının söndürülməsi işinə traktorlar və digər ağır texniki vasitələrlə yanaşı, yerli qurumların əməkdaşları və sakinlər cəlb olunublar.

Yanğının söndürülməsinə Nazirliyin Aviasiya Dəstəsindən 2 helikopter də cəlb olunub.


----------
10:43

Lerik rayonunda meşə massivində baş verən yanğın davam edir


APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Piran kəndində (rayon mərkəzindən 35 km aralı) dağlıq meşə ərazisində yanğının söndürülməsinə Nazirliyin Aviasiya Dəstəsindən 1 helikopteri cəlb olunub.

Yanğınsöndürmə işləri davam edir.

Qeyd edək ki, bir neçə gündür davam edən yanğın yerli meşə təsərrüfatına məxsus 2 hektaradək ərazini əhatə edib.

Yanğınsöndürən maşınların hadisə yerinə qalxması mümkünsüz olduğundan yanğının söndürülməsi işinə traktorlar və digər ağır texniki vasitələrlə yanaşı, yerli qurumların əməkdaşları və sakinlər cəlb olunublar.

Yanğının əhatə dairəsinin genişlənməməsi üçün iri çalalar qazılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova APA-ya bildirib ki, yanğın bələdiyyə ərazisində başlayıb, sonradan yüksək dağlıq meşə fondu torpağına keçib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.